Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yalan dolu iddiaları əsasında 3 aylıq həbs olunan və ötən gün Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun qərarı ilə üç aylıq həbs müddəti daha üç ay uzadılan Arzu Kazımovun həbsi ilə bağlı hüquq müdafiəçiləri də nəhayət danışdılar.
Vətəninfo.az-a Arzu Kazımovun həbs müddətinin uzadılması ilə bağlı danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Arzu Kazımovun vəkilləri üç aylıq əlavə həbs müddətinin uzadılmasına etiraz etməlidirlər və sabiq millət vəkili ölkədən çıxmamaq şərtilə azadlığa buraxılmalıdır.
"Arzu Kazımovun saxlanıldığı üc ay müddətində istintaq onun günahkar olub-olmadığını sübuta yetirməli idi. Amma görünür ki, Elşad Abdullayevin iddiası ilə bağlı Arzu Kazımovla bağlı aparılan istintaqda sabiq millət vəkilinin günahkar olub-olmadığı sübuta yetirilməyib. Əgər etmiş olsaydı bu, mütləq bilinərdi. Ona görə də hesab edirəm ki, Arzu Kazımov mütləq buraxılmalıdır"- deyən Novella Cəfəroğlu onu da əlavə edib ki, Arzu Kazımov evdən çıxmamaq şərtilə də azadlığa buraxıla bilər.
Hüquq müdafiəçiəsinin sözlərinə görə, bu məsələdə birtərəfli mövqe nümayiş etdirmək olmaz: "Elşad Abdullayev iddia edir ki, qardaşı oğurlanıb və öldürülüb. Və o, bu məsələdə Arzu Kazımovu və digərlərini günahlandırır. Özü isə Avropada oturub. Əgər Arzu Kazımov həbs olunubsa, Elşad Abdullayevin özü də istintaqa gəlməli və istintaqın gedişinə kömək olmalıdır. Amma gəlmir. Gəlmədiyinə görə də bu və ya digər şəxsin hər hansı bir iddiası ilə başqa biri istintaqa cəlb olunub həbsdə saxlanıla bilməz".
Kənan
Vətəninfo.az