"Azərbaycan Rusiyaya cavab verməyə tam hazırdır"

"Azərbaycan Rusiyaya cavab verməyə tam hazırdır"

"Rusiyanın Ermənistana təmənnasız silah verməsi Azərbaycan ictimai rəyində Rusiyaya qarşı mənfi imic yaradır".

Bunu Bizimxeber.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Rusiyanın Ermənistana silah satması məsələsinə toxunarkən bildirib. 

YAP-çı deputat söyləyib ki, Rusiyanın bu cür addımlarından sonra Azərbaycan cəmiyyətində də haqlı olaraq sual yaranır: "Rusiya nə səbəbə Ermənistanı birtərəfli formada silahlandırır? Təcavüzkar dövlət olan Ermənistana silah vermək, əslində işğalçı dövləti şirnikləşdirmək deməkdir. Rusiyanın bu cür addımından sonra Ermənistan sülh danışıqlarına ümumiyyətlə məhəl qoymayacaq".

M.Qurbanlı deyib ki, Rusiya Ermənistanı daha çox özünə bağlamaq istiqamətində fəallığını gücləndirib: "Ermənistan Rusiyanın Cənubi Qafqazda forpostudur. Rusiya yaxşı bilir ki, Ermənistandan çəkildiyi təqdirdə Cənubi Qafqazda problemlər yarana bilər. Rusiya Ermənistana silah verməklə özünün arxa cinahındakı qüvvəsini möhkəmləndirmək istəyir. Çox təəssüfedici hadisədir ki, Rusiya 2 MDB ölkəsindən birinə silah verir. Digər tərəfdən isə Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bölgədə tərəflərdən birini silahlandırmaq Dağlıq Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlara zərbə vura bilər. Biz Rusiyanın bu cür addımından təəssüflənirik".

Son vaxtlar Rusiyanın Azərbaycana təzyiqlərinin artması məsələsinə də toxunan M.Qurbanlı bildirib: "Rusiya bizə hansı formada təzyiq etsə, Azərbaycan dövləti buna cavab verməyə tam hazırdır. Hazırda Azərbaycan-Rusiya münasibətlərində də problem yoxdur".


Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az