İsa Qəmbər: "Əgər o dövrlərdə tanıdığım Zeynal Nağdəliyev qalıbsa, belə bir iş görməz"
Müsavat Partiyasının başqanı İsa Qəmbər ötən gün Lənkəranda üzləşdiyi hücumla bağlı mətbuat konfransı keçirir. Vətəninfo.az-ın Musavat.com-a istinadən məlumatına görə, İsa Qəmbər ötən gün yaşanan rəzalətin Lənkəran əhalisinə heç bir aidiyyatının olmadığını bəyan edib: "Bu, bir sui-qəsd cəhdi idi. Onun məsuliyyəti İlham Əliyev və Ramiz Mehdiyevin üzərindədir".
İsa Qəmbər Lənkəran şəhər İcra Hakimiyyəti nümayəndələrinin hücumun şəhid ailələri və yoxsullar tərəfindən edildiyi barədə iddialırının absurd olduğunu bildirib: "Şəhid ailələri bizim başımızın tacıdırlar və onlarla münasibətlərimiz hər zaman isti olub. Əgər hücum edənlər imkansız adamlar idisə, onlar ora "Cip"lərlə necə gəlmişdilər?".
Müsavat başqanı onu da bildirib ki, basqında 150-ə yaxın adam iştirak edib. İsa Qəmbərin sözlərinə görə, yol polisi əməkdaşlarının müsavatçıların maşınlarını Lənkəranın girişində saxlaması və müxtəlif bəhanələrlə ləngitməsi təsadüfi deyildi.
İsa Qəmbər hücum zamanı atılan iri daşlardan birini də jurnalistlərə nümayiş etdirib.
İsa Qəmbərdən hücumun Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev tərəfindən təşkil edilməsinə münasibətini də soruşulub. Müsavat başqanı bildirib ki, hər bir versiya araşdırılmalıdır. İsa Qəmbər Zeynal Nağdəliyevlə uzun illər əvvəlki münasibətlərindən də danışıb: "Zeynal Nağdəliyevi 70-ci illərin əvvəllərindən tanıyıram. Tələbə yoldaşı olmuşuq, münasibətlərimiz yaxşı olub. O mənə "Vosmoy uşağı", mən ona "Yasamal uşağı" deyirdim. Əgər o dövrlərdə tanıdığım Zeynal Nağdəliyev qalıbsa, belə bir iş görməz. Amma bu rejim bütün insanları dəyişdirə bilər".
Vətəninfo.az