Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin Ofisində yeni "Diplomatiyada etiket və nəzakət qaydaları" adlı layihəyə start verilib.YAP Gənclər Birliyinin məlumatına görə, layihənin açılış mərasimində YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, ictimai xadim, tanınmış kulturoloq Fuad Məmmədov və fəal gənclər iştirak edib.
YAP GB sədri Seymur Orucov layihə barədə məlumat verərək qonağı iştirakçılara təqdim edib. O, gənclərin belə görüşlərdən faydalana biləcəyini dilə gətirib: “Fuad Məmmədov Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. Fuad Məmmədov elm və mədəniyyətin tarixi və nəzəriyyəsinə, Azərbaycanın sosial-mədəni tərəqqisinə həsr olunmuş, Respublikada və xarici ölkələrdə çap olunmuş, 200-dən artıq elmi və elmi-maarif işlərinin müəllifidir. Onların arasında "Kulturologiya" (2002), "Kulturologiya effektiv həyat fəaliyyətinə aparan yol kimi" (2006) fundamental dərs vəsaiti və monoqrafiyaları göstərmək olar. Bu monoqrafiyalar təkcə Azərbaycan ali məktəblərində yox, habelə BMT, ABŞ, Rusiya, Fransa, Almaniya və başqa ölkələrin milli kitabxanalarında istifadə olunur”.
F.Məmmədov Gənclər Birliyinin belə maarifləndirici tədbirlərini alqışlayaraq kulturologiyanın cəmiyyətdə geniş təbliğinə ehtiyac olduğunu deyib, YAP GB-nın fəaliyyətini cəmiyyətin maarifləndirilməsi yönümündə önəmli addım kimi dəyərləndirib. Onun fikrincə, ziyalılar öz biliyini paylaşmaqla xalqa xidmət etməlidirlər. Kulturoloq gənclərə cəmiyyətdə ən çox ehtiyac duyulan mədəniyyət, bilik, dostluq kimi yüksək insani keyfiyyətlərdən, etik davranış qaydalarından danışıb, onları maraqlandıran sualları cavablandırıb. Kulturologi testlərin keçirilməsi də iştirakçıların marağına səbəb olub.
Tədbirə diskussiya şəklində yekun vurulub.
Qeyd edək ki, layihəni uğurla başa vurmuş iştirakçılar sertifikatlarla təltif olunacaqlar.