"Heydər Əliyev kuboku-2013” turnirinin növbəti məkanı Rumıniya olub

"Heydər Əliyev kuboku-2013” turnirinin növbəti məkanı Rumıniya olub

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq mini futbol turnirinin növbəti mərhələsi Rumıniyada həyata keçirilib. Yarışa başlamazdan əvvəl turnir iştirakçıları və qonaqlar Buxarestin TEİ parkına gələrək ümumilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər. Turnirin rəsmi açılış mərasimində bu idman tədbiri barədə geniş məlumat verilib. Türkiyənin Rumıniyadakı səfirliyi, Türk İş Adamları Dərnəyi, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və ARDNŞ-nin Rumıniya nümayəndəliyinin əməkdaşlarının da iştirak etdiyi mərasimdə qonaqlar turnirlə bağlı fikirlərini açıqlayıblar. Turnirin təşkilatçılarından biri olan Odlar Yurdu Təşkilatının sədri İlham Nağıyev çıxışında "Heydər Əliyev kuboku-2013” beynəlxalq mini futbol turnirinin keçirilməsinin artıq ənənə halı aldığını bildirib. “Son 5 ildə belə turnirlər Avropanın müxtəlif ölkələrində baş tutub, Rumıniya bu turnirdə artıq ikinci ildi iştirak edir” deyə sədr məlumat verib. İlham Nağıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan bu ilki turnir əhatə miqyası ilə əvvəlkilərdən fərqlənir. 

ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov isə Azərbaycan-Rumıniya münasibətlərinin formalaşması və inkişafına toxunaraq bu sahədə Heydər Əliyevin həyata keçirdiyi işlər barədə məlumat verib. Onun fikrincə, bu mini futbol turniri də ölkələrimiz arasında münasibətlərin gücləndirilməsinə, eləcə də ölkəmizlə bağlı təbliğat işinin yüksək səviyyədə aparılmasına xidmət edir. 

Rəsmi mərasim başa çatdıqdan sonra "Heydər Əliyev kuboku-2013” beynəlxalq mini futbol turniri çərçivəsində Rumıniya üzrə milli seçim turuna start verilib. 8 komandanın iştirak etdiyi yarış ilk dəqiqələrdən gərgin mübarizə şəraitində keçib. Yarımfinala gəlib çatan “Eliade liseyi” və “Eliade liseyi-2” komandalarının oyunu tamaşaçılara həyəcanlı anlar yaşadıb. Gərgin mübarizə ilə yadda qalan final “Eliade liseyi” komandasının qələbəsilə bitib. Azərbyacan komandası üçüncü yeri qazanıb. SOCAR Rumıniya Nümayəndəliyinin rəhbəri Həmzə Kərimov və Odlar Yurdu Təşkilatının sədr müavini İlqar Nağıyev qalib komandaya kuboku təqdim ediblər. Digər komandalara da medallar, fəxri fərmanlar və müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, mərasimə həmçinin “Neftçi” futbol klubunun şərəfini qorumuş rumıniyalı Marian Aliuta qatılıb. 

Xatırladaq ki, 8 ölkəni əhatə edən turniri Azərbaycanın Gənclər və İdman Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Böyük Britaniyanın Odlar Yurdu Təşkilatı həyata keçirir. Turnir 8 ölkədə - Böyük Britaniya, Almaniya, Avstriya, Cexiya, Rumıniya, Litva, Ukrayna və Rusiyada keçirilir. Hər bir ölkədə 8 komanda öz aralarında yarışır və qalib komanda Bakıya gələrək “Böyük Final” oyununda iştirak hüququ qazanır. “Böyük Final”ın mayın ikinci yarısı keçirilməsi nəzərdə tutulur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az