"İlham Əliyev seçki təbliğatına Ramil Səfərovu qaytarmaqla başlayıb”

"İlham Əliyev seçki təbliğatına Ramil Səfərovu qaytarmaqla başlayıb”

İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənlinin Vətəninfo.az-a müsahibəsi:

- Elxan bəy, qarşıdan gələn prezident seçkilərini necə dəyərləndirirsiniz? 

- Bu il keçiriləcək prezident seçkiləri həm Azərbaycan, həm də regionumuz üçün mühüm əhəmiyyət daşıyır. Son illərdə Azərbaycanın regionda artan nüfuzu, beynəlxalq diqqət deməyə əsas verir ki, 2013-cü ilin prezident seçkiləri ötən illərin seçkilərindən fərqlənəcək. Bu sıraya beynəlxalq marağı da daxil etmək olar. 

Son dövrlərdə siyasi teatrda müasir texnologiyalardan geniş istifadə olunur. Bu texnologiyalardan istifadənin peşəkar səviyyədə həyata keçirilməsi tələbatı artıq reallığa çevrilib. 

Ötən seçkilərlə müqayisədə gələcək seçkilərdə video və audio çəkilişlərdən maksimum dərəcədə istifadə olunacaq. Son video qalmaqalların yaratdıgı əks-sədanı nəzərə alsaq, ictimai rəyin yönləndirilməsi istiqamətində video və audio çəkilişlərin qorxunc bir silaha çevrildiyini söyləyə bilərik. Bunun səbəbi video və audio çəkilişlərin sübut xarakteri daşımasıdır. Ötən seçkilərdə video cəkilişlər az olduğundan əks-səda da az olurdu. Hesab edirəm ki, müasir texnologiyalardan istifadə sahəsində iqtidar düşərgəsi müstəqil və müxalifət düşərgəsinə uduzur. Xüsusilə də müstəqil gənclər məhz müasir texnologiyalardan istifadə vərdişləriylə özlərini bir tərəf kimi təsdiq ediblər. Ancaq bu o demək deyil ki, iqtidar düşərgəsində müasir texnologiyalardan istifaə edənlər azdır. 

Sadəcə onların irəli çəkilməsi prosesi ləngiyir, seçki ərəfəsində bu prosesə start veriləcəyi gözləniləndir.

- Ümumiyyətlə, son dövrlər ölkədə siyasi-ictimai fəallıq artmaqdadır. Sizcə, baş verən proseslər seçkilərin gərgin keçəcəyinə işarə edirmi?

- Prezident və parlament seçkiləri ərəfəsində siyasi-ictimai fəallığın artması normal bir hadisədir. Hakimiyyət uğrunda mübarizə yaşamaq uğrunda mübarizənin siyasi formasıdır. Azərbaycanda bu mübarizənin qaydaları bərqərar olmadığı üçün bir çox hallarda təhlükəli vəziyyət yaranır. Bəzən sərhədlərimizin təhlükəsizliyi belə mövzuya çevrilir. İtirilmiş torpaqlarımız da elə bu qaydasız hakimiyyət uğrunda mübarizənin qurbanlarıdır. Nə yazıq ki, bəzən hakimiyyət ugrunda mübarizə aparanlar bu təhlükələri görmək qabiliyyətində olmurlar. 

Siyasi-ictimai fəallığla yanaşı avanturistlər də fəallaşıblar. Əvvəllər xüsusi əhəmiyyət daşımadığı güman olunan ictimai rəy artıq danışmaga başlayıb. Məhz müasir texnologiyalar vasitəsilə ictimai rəyi danışdırmaq mümkün olub. Avanturistlərin başlatdığı oyunların qarşısını almaq üçün, ciddi kadr dəyişikliyinə ehtiyac var. Bu kadr dəyişikliyi vasitəsilə illərlə yığılıb qalmış kompromatları yararsız hala salmaq mümkündür. Çox güman ki, yerdəyişmə yoluyla bu məsələ öz həllini tapacaq. Məhz son dövrlərdəki olaylar göstərdi ki, bundan sonra həlledici postlarda müsbət reputasiyaya malik kadrların yerləşdirilməsi həyati əhəmiyyət daşıyır.

- Sizcə, seçkilərdə daha çox hansı namizəd şansılıdır?

- Müasir ölkələrdə seçkiqabağı mərhələ xüsusi əhəmiyyət daşıyır. Məhz seçki ilində insanlarla işləməyi bacaran, seçiciləri inandırmaq gabiliyyəti olan namizədlərin qalib gəlmək şansı daha yüksək olur. Bu işdə məsləhətçilərin rolu danılmazdır. Azərbaycan artıq elə bir mərhələyə daxil olub ki, artıq siyasi hakimiyyətə can atan hər bir namizəd müasir dövrün tələblərinə uyğun bir komandaya malik olmalıdır. Bu mərhələdə bütün diqqət ictimai rəyə yönəlir. İlham Əliyev seçki təbliğatına Macarıstanda həbs olunmuş Ramil Səfərovu Azərbaycana qaytarmaqla başlayıb. Cox uğurlu bir başlanğıc saymaq olar. Bu addımla dövlət başcısı mümkünsüz sayılanların bir gün mümkün ola biləcəyini ictimai rəyə yeridə bilib. Məhz bu addım deməyə əsas verir ki, İlham Əliyev ictimai rəyə önəm verir.

Müsavat başqanın prezidentliyə namizədliyinin irəli sürülməsi seckiqabağı prosesi daha da sürətləndirib. İndiki vəziyyət də göstərir ki, builki seçkilərdə mübarizə əsasən YAP-ın və Müavatın namizədi arasında gedəcək. 

2013-cü il seckilərinin əvvəlki seçkilərdən fərqi ondadır ki, prezident seçkisindən sonrakı durumun stabilliyi daha önəmlidir. Bu gün ərəb ölkələrində baş verənlərin ölkəmizdə təkrarlanmasına calışan qüvvələr var.  Bunlar həm ölkə daxilində, həm də ölkə xaricində fəaliyyət göstərirlər. Təəssüf ki, bəzi hallarda ölkədaxili proseslər bu qüvvələrin maraqlarına xidmət edir. Müxalif və müstəqil qüvvələrin düşmən obrazında cəmiyyətə təqdim olunması, hakimiyyətdə olanların da öz növbəsində düşmən kimi qəbul olunması gərginliyi artıran simptomlardır. Bir-biriylə düşməncilik edən qüvvələr bütün hallarda bir-biriylə toqquşacaqlar, bu toqquşmadan da, ancaq Azərbaycan itirəcək.

- Rusiyanin öz adamını hakimiyyətə gətirəcəyi ilə bağlı məlumatlar dolaşır. Yayılan xəbərlərə görə, prezidentlik postuna Rusiya prezidenti Vladimir Putinin dostu, iş adamı İlham Rəhimovun adı keçir. Sizcə, bu nə qədər realdır?

- İlham Rəhimov qısa bir zaman kəsiyində yüksələ bilib. Onun adı Azərbaycan ictimaiyyətinin fəal zümrəsinə yaxşı tanışdır, böyük nüfuzu var. Ancaq xalq arasında az tanınır, ən başlıcası isə komandası yoxdur. Hər hansı siyasətçini hakimiyyətə hər hansı xarici qüvvədən öncə onun komandası gətirir. Hesab edirəm ki, İlham Rəhimov bu seçkilərdə prezidentliyə namizədliyini irəli sürməyəcək. Seçkilərə çox az vaxt qalıb və əsas namizədlərlə müqayisədə onun şansı çox aşağıdır. Sözsüz ki, “mən də prezidentliyə namizəd oldum” həvəsiylə namizədliklərini irəli sürənlər olacaq. Ancaq İlham Rəhimovun bu cür ucuz fəndlərə ehtiyacı yoxdur. İndi Rusiyanın namizədi olmaq hər hansı bir siyasətçi üçün üstünlük yox, gerilik gətirir. Rusiya-Putin faktoru mühüm sayılsa da, yalnız Rusiyanın əliylə prezident seçilmək qeyri-mümkündür. Həmçinin İlham Əliyevin Vladmir Putinlə münasibətlərinin kökü çox möhkəmdir, bu münasibətlər 2 şəxsin münasibətlərindən çox komandaların münasibətlərinə söykənir. Bu komandaların eyni dünyagörüşləri, eyni fəaliyyət metodları var. Daha bir əsas faktor isə, İlham Əliyevin daha güclü olmasıdır.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az