26 avqust 1922-ci il: Bir cumartesi sabahı idi Kocatepede...

26 avqust 1922-ci il: Bir cumartesi sabahı idi Kocatepede...

 "Biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq.

Nəriman Nərimanovun Mustafa Kamal Atatürkə yazdığı məktubdan.

 

 XX əsrin əvvəllərində dünyanın bir çox ölkələri, o cümlədən Türkiyə ətrafında cərəyan edən çox mürəkkəb siyasi, qanlı hadisələr 1914-cü ildə Birinci Dünya Savaşının başlanmasına və milli azadlıq hərəkatının inkişafına səbəb oldu. Osmanlı Türkiyəsi də bütün qüvvələrini səfərbər edərək işğalçı müharibəyə qoşuldu. Bu qanlı savaş Türkiyə xalqına böyük müsibətlər gətirdi. Antanta dövlətləri Osmanlını bu savaşda tam məğlubiyyətə uğratdı. 1918-ci il oktyabrın 30-da qalib dövlətlərlə Türkiyə arasında "Mudros" adlı təslimçi barışıq sazişi imzalandı. Bu anlaşmaya görə Türkiyə param-parça olurdu və işğalçı ölkələr istədiyi şəkildə burada hegemonluq edə bilərdi. Ölkənin şərqində Ermənistan dövləti yaratmaq da bu plana daxil idi. 1919-cu il mayın 15-də yunan qoşunları imperialist ölkələrin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal etdi, ingilis qoşunları da İstanbula çıxarılmışdı. İzmirin işğalından sonra işğalçı dövlətlərin Türkiyəni parçalamaq siyasətinə qarşı ölkədə milli azadlıq hərəkatı başladı. Uzun illər davam edən müharibədən yorğun düşmüş Osmanlı türkləri yenidəın özlərində güc taparaq düşmənə müqavimət göstərirdi, lakin bu hərəkat kiçik dəstələr halında həyata keçirildiyi üçün nəticəsiz qalırdı. Məhz belə bir ağır məqamda Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək xalqı həmrəyliyə səslədi, milli qurtuluş savaşının başlandığını elan etdi. O, Birinci Dünya Savaşında bir sıra hərbi əməliyyatların uğurla nəticələnməsinə rəhbərlik etmişdi. Osmanlı ordusunun ən istedadlı generallarından biri idi.

Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinə (TBMM) toplanırlar.

Mustafa Kamal Paşa TBMM-in sədri seçilir. Bundan sonra parlament Milli Qurtuluş Savaşına başlayır. Bu ağır və çətin günlərdə səfərbərlik elan edilir. Qadın, gənc, uşaq, yaşlı demədən hər kəs orduya yazılır, vətəni xilas etməyə can atırdı. Amma içəridən bu hərəkata mane olan düşmənlərin də sayı az deyildi. Belələri xəyanətdən və yunan tərəfə keçməkdən çəkinmirdilər ki, bu da Atatürkün planlarına mane olurdu. Mustafa Kamal Paşa üzünü xalqına tutaraq qısaca bunları dedi: "Efendiler! Dahilde ve hariçteki düşmanlarımız ister çok, ister az olsun, faaliyetlerinin genişliği ne olursa olsun, kesin başarı, son başarı meşru bir amaç izleyenler olacaktır". Mustafa Kamal 1922-ci il avqustun 6-da orduya gizlicə Taarruz - savaşmaq üçün hazırlanma tapşırığı verir. Özü isə Akşehirə gələrək komandanları bir araya toplayır. Həmin toplantıda savaş günü avqustun 26-na təyin edilir. Qərara alınır ki, savaş Afyonun güneyindən Dumlupınar yönünə doğru basqın şəklində başlasın və sonra meydan savaşına dönüşdürülərək düşmən qüvvələri tamamilə yox edilsin. 26 avqust 1922-ci il tarixdə sabah erkəndən, saat 05.30-da topçuların atəşilə Kocatəpədən Taarruz - Meydan Savaşı başlayır. Savaşı Baş Komandan Mustafa Kamal Paşa idarə edirdi. Qəhrəman Türk Ordusu güneydən, quzeydən hərəkət edərək qısa zamanda çox başarılı bir şəkildə irəliləyir, yunanların müdafiə xətti yarılır. 26-27 avqust gecəsi yunan silah-sursatı ələ keçirilir. Bir neçə gün içərisində Afyon işğaldan tamam təmizlənir, Dumlupınara doğru geri çəkilən düşmən və bütün yunan ordusu tamamən məğlub edilir. Afyonlu İbrahim Ərənər danışır ki, hələ də gecələr Kocatəpədə "Allah, Allah" deyən məhmətlərin səsi duyulur. Bir neçə il öncə 26 avqust günü ziyarətə gələnlər bu səsi gerçəkdən duyduqlarını deyirlər. "Allah, Allah" deyərək xışm ilə düşmən üzərinə gedən Türk insanı şəhit düşdüyü yeri düşmana taptaq etmədi, özünə vətən etdi. Öküz arabalarında silah-sursat, əsgərlərə bir udum su, bir parça çörək daşıyan Türk qadınının ayağında ayaqqabısı yox, çox isti havalarda bu ağır yükün altına girir, qıyıb bir udum su içmir, savaşan oğullarına daşıyrdılar. İsti adyalı qucağındaki körpəsinin deyil, yaralı əsgərin üstünə sərirdi. Beləcə, tarixdə tayı-bərabəri olmayan bir əzmlə, inamla savaşdı uca Türk milləti və zəfər çaldı. Savaşın sonlarına az qalmış yunan baş komandan Trikopis əsir alınır. Bu arada Kütahya da düşmandan təmizlənir.

Savaşı Baş komandan Mustafa Kamal Paşa idarə etdiyi üçün bu savaş "Meydan Muharibəsi" adını alır. Minlərlə türk mehmeti, gənci, qadını, qocası şəhid olur bu savaşda. Amma bir qarış torpaq düşmənə güzəştə gedilmir. Avqustun 26-dan başlayan Böyük Taarruz sentyabrın 13-də canavar dişli Avropanın ideyalarını dənizə tökdü, Afyonun ardından sentyabrın 2-də Eskişehir, 9-da İzmir, 1-də Bursa, 13-də Mudanya düşmandan təmizləndi. Azərbaycandan silahlı dəstələr polkovnik Səməd Sayqının komandanlığı ilə Cənubi Azərbaycandan keçərək Ərzuruma gələrək, Qurtuluş Savaşına qatılmışdı. Bu barədə ilk məlumat 1920-ci il aprelin 23-də fəaliyyətə başlayan Türkiyə Böyük Millət Məclisinin iyulun 8-dəki iclasında millət vəkillərinə çatdırılır. İclasda çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsmət İnönü bildirir ki, kömək məqsədilə Azərbaycandan silahlı dəstələr gəlib. Onların yanında türk ordusunun çox böyük ehtiyac duyduğu səhra topu kamaları (çaxmaqları) vardır. Tarixi mənbələrdən məlum olur ki, bir piyada və süvari alayından ibarət olan birlik dərhal Şərq cəbhəsinə göndərilir. 15-ci süvari alayına qoşulan bu birlik 1920-ci ilin payızından başlayaraq 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən azad olunması uğrunda gedən döyüşlərə qoşulub. Azərbaycan əsgərləri Sarıqamışın, Qarsın, Gümrünün düşməndən azad olunmasında böyük xidmətlər göstərib. Daha sonra Azərbaycan türklərindən ibarət 15-ci süvari alayı nəzdində 6-cı süvari tüməni yaradılıb. Həmin tümən Milli Qurtuluş Savaşının sonunadək böyük rəşadət göstərərək düşmənə sarsıdıcı zərbələr endirib. Döyüşən türk ordusu daxilində könüllü olaraq müharibədə iştirak edən azərbaycanlıların da sayı az olmayıb. Onların önəmli bir qismi savaşdan sonra türk ordusunda xidməti davam etdirərək ali zabit rütbəsinədək yüksəlib. Bunlar arasında generallar - Cahangir Berker, Hüseyin Turqut, Nuri Berköz, Mahmud Berköz, polkovniklər - Yusif Xəzərli, Mehmed Akpolad, Salih Aksoy, Hüsameddin Topaç və digərlərini göstərmək olar. Azərbaycan o ağır illərdə maddi və mənəvi yardımını Türkiyədən əsirgəmədi. Tədqiqatçı Hüseyn Adıgözəlin yazdığına görə, Mustafa Kamal Paşa 1921-ci il martın 17-də, yəni 2-ci İnönü savaşından öncə Nəriman Nərimanova məktub ünvanlayaraq, maliyyə dəstəyinə böyük ehtiyac duyulduğunu bildirmişdi. Nərimanov dərhal büdcədə olan 500 kiloqram qızılı Ankaraya göndərir. Bundan başqa, xeyli miqdarda silah-sursat da Anadoluya yola salınır. Bunlar qardaşın qardaşa vəfa borcu idi. Ən gözəl izahını Nəriman Nərimanovun 1921-ci il martın 23-də Mustafa Kamal Atatürkə yazdığı məktubdan görə bilərik. Türkiyə tərəfinin borcları necə qaytaracağı barədə narahatlıq keçirdiyi bir vaxtda N. Nərimanov yazırdı: "Paşam, türk millətinin bir ənənəsi vardır: qardaş qardaşa borc verməz, qardaş qardaşın əlindən tutar. Biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın başqa bir qardaş üçün etmək istədiyindən başqa bir şey deyil". Beləliklə, Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatır. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunur. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cumhuriyyətinin qurulduğu rəsmən elan edilir. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınır.

Rəsmiyyə RZALI

 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az