Rusiya nüvə başlığı daşıyan “Zirkon” raketinin görüntülərini yayıb –FOTO
Rusiya adi və ya nüvə başlığı daşıya bilən "Zirkon” hipersəs raketinin yeni görüntülərini paylaşıb.
Azpost.info bildirir ki, Aralıq dənizindəki "Admiral Qorşkov” freqatından atılan raketi əks etdirən video qısa zamanda Britaniya mətbuatının manşetlərinə çevrilib. İngiltərənin "The Sun” qəzeti xəbəri "Rusiya Londonu 5 dəqiqəyə vura biləcək hipersəs nüvə raketinin görüntülərini yayımladı” başlığı ilə xəbəri oxucularına çatdırıb.
Xəbərdə sözügedən raketin saatda təxminən 10 min kilometr sürətə çatdığı bildirilib.
Rusiya Müdafiə Nazirliyinə məxsus "TV Zvezda” nın şərhində isə deyilib ki, "Zirkon” hipersəs raketinin sürəti o qədər yüksəkdir ki, düşmənin hava hücumundan müdafiə sistemi onu vaxtında aşkar edib qarşısını ala bilmir”.
Sözügedən raket Rusiya prezidenti Vladimir Putinin təriflədiyi yeni nəsil rus silah texnologiyasının bir hissəsidir. Putin 2018-ci ildəki çıxışında hipersəs raketlərinin dənizdə və quruda 1000 kilometr məsafədəki hədəfləri vura biləcəyini açıqlamışdı. Raketi "məğlubedilməz” kimi xarakterizə edən Putin yeni silahla dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcəklərini və ABŞ istehsalı olan raket qalxanından qaça biləcəklərini bəyan etmişdi.
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Con E Hyten "The Washington Post”-a bildirib ki, hipersəs raketləri "gələcəyin təhlükəsi”dir. "Bu, təkcə onların çox sürətli uça bilmələri ilə deyil, həm də trayektoriyalarının çox gözlənilməz olması ilə əlaqədardır”- deyə Hyten bildirib.