“RUSİYA UKRAYNADAN YENİ ƏRAZİLƏR TƏLƏB EDİR” - “Lavrovun və Nebenzyanın bəyanatları göstərir ki...”
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya fevralın 17-də Təhlükəsizlik Şurasının iclası zamanı bəyan edib ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş əraziləri "qaytarılmayacaq şəkildə itirib” və üstəlik, daha bir neçə regionundan da imtina etməlidir.
"AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında bu bəyanata xüsusi diqqət yetirilir.
Amerikalı mütəxəssislər hesab edirlər ki, Səudiyyə Ərəbistanında keçiriləcək yüksək səviyyəli görüşlər öncəsi Nebenzya və Rusiya XİN başçısı Sergey Lavrovun verdiyi bəyanatlar Rusiyanın Ukraynadan yeni ərazilər tələb etməsindən və bunun danışıqalrda masaya qoyulacağından xəbər verir.
Qeyd edilir ki, Nebenzyaya görə, Krım və Donetsk, Luqansk, Zaporojya, Xerson vilayətlərinin işğal olunmuş hissələri guya "əbədi olaraq” Rusiyanın tərkibinə daxil olub. O, həmçinin bildirib ki, Ukrayna sülh danışıqları çərçivəsində ərazi sərhədlərinin yenidən nəzərdən keçirilməsinə razılıq verərək, hazırda Kiyevin nəzarətində olan Donetsk, Zaporojya və Xerson vilayətlərinin ərazilərini Rusiyaya verməlidir.
Bundan əlavə, Nebenzya qeyd edib ki, Ukrayna hərbi alyanslara üzv olmayan və təhlükəsizlik bloklarına qoşulmaq hüququ olmayan neytral dövlətə çevrilməlidir.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə elə həmin gün çıxış edərək, Rusiya tərəfindən hər hansı ərazi güzəştlərinin mümkünlüyünü istisna edib: "Onun bəyanatı 2024-cü ilin iyununda Ukraynanın özünün işğal olunmamış 4 vilayətindəki ərazilərini tərk etməli və onları Rusiyaya verməli olduğuna dair Vladimir Putinin ilkin tələbini əks etdirir".
Beləliklə, hesabatda qeyd olunduğu kimi, Kreml Ukraynanın şərqində və cənubunda Rusiyaya əlavə ərazilərin verilməsi və gələcəkdə Ukrayna qoşunlarının buraxılması tələblərini təkrar edərək, Kremlin hər hansı sülh danışıqlarında ərazi güzəştinə getməyəcəyini göstərmiş oldu.
"AzPolitika.info”