Ruslara məxsus “Qarasu Oil” şirkətinə ağır ittihamlar

Ruslara məxsus “Qarasu Oil” şirkətinə ağır ittihamlar

“Xarici iş adamlarının nəzarətində olan “Qarasu Oil” əməliyyat şirkəti Azərbaycan qanunlarını tanımır”.

Bunu açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib. Hüquq müdafiəçisi bildirib ki, bu neft şirkətində baş verən qanun pozuntuları ilə bağlı təşkilata xeyli şikayət daxil olub. Araşdırmalar zamanı işçilərin əmək, sosial və  iqtisadi hüquqlarının pozulması faktları aşkarlanıb.

“İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. Belə ki, Azərbaycan konstitusiyasının 35.4-cü maddəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ var. Həmçinin Əmək Məcəlləsinin 207-ci maddəsində göstərilir ki, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. Həmin qanunun 215-ci maddəsində isə müəssisənin işçilərin iş yerlərində əməyin mühafizəsi norma və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduğu göstərilir. Lakin bu ilin 9 ayında “Qarasu  Oil» Əməliyyat Şirkətinin 18 əməkdaşı bədbəxt hadisənin qurbanı olub”.

M.Qəhrəmanlı qeyd edib ki, 18 nəfərin ölümü ictimaiyyətə açıqlanıb. Lakin bir çox bədbəxt hadisələr ictimaiyyətdən gizlədilir. Buna görə də iş prosesində xəsarət alan və ya dünyasını dəyişənlərin sayı çox ola bilər. Bəzən işçilər də aldadılır. Buna görə də onlar hadisəni açıqlamaq istəmirlər. M.Qəhrəmanlı “Qarasu Oil” şirkətində əmək xəsarəti alan və ölən işçilərin siyahısını təqdim edib:

Sarıyev Aydın – əmək xəsarəti alıb

Məcidov Ramil Rasim oğlu – vəfat edib

Məcidov Rafiq Bahadur oğlu – əmək xəsarəti alıb

Quliyev İslam Nuruş oğlu – əmək xəsarəti alıb

Hətəmov Rasim Müslüm oğlu – əmək xəsarəti alıb

Səlimov Asim Rasim oğlu – əmək xəsarəti alıb

Məcidov Ramil Rasim oğlu – əmək xəsarəti alıb

Əliyev Ələddin Müslüm oğlu – əmək xəsarəti alıb

Ələkbərov Elşad Vahid oğlu – əmək xəsarəti alıb

Əsgərov Mahir Xəlil oğlu – əmək xəsarəti alıb

Nağıyev Nail Mirələm oğlu – əmək xəsarəti alıb

Şahmarov Rəcəb Qəhrəman oğlu – əmək xəsarəti alıb

Mirzəyev İlqar Ağabəy oğlu – əmək xəsarəti alıb

Şahmirzəyev Musatafa Mütəllim oğlu – əmək xəsarəti alıb

Bağırov Səfadər Mürsəl oğlu – əmək xəsarəti alıb

Rəhimov Canəli Bünyat oğlu – əmək xəsarəti alıb

Məmmədov Səmid Qulam oğlu – əmək xəsarəti alıb

Qədirov Ramil İsaxan oğlu – əmək xəsarəti alıb.

Hüquq müdafiəçisi söyləyib ki, bu bədbəxt hadisələrlə bağlı “Qarasu Oil” şirkətində  heç bir vəzifəli şəxs intizam, maddi, inzibati və cinayət məsuliyyətinə cəlb olunmayıb. Şirkətdə əməkhaqqı sahəsində diskriminasiya halına rast gəlinib.

“Konstitusiyanın 35.4-cü maddəsində göstərilir ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ var. Bu gün “Qarasu Oil” şirkətində  orta əməkhaqqı 200-600 manat arasında dəyişir. Nəzərə alaq ki, bu məbləğ orta əmək haqqından götürülüb və əgər bu ödəmədən normadan artıq işə görə, o cümlədən yemək pulu və sair əlavə ödəmələr çıxılarsa, işçinin tarif maaşı bu məbləğdən 30-40 faiz azalmış olacaq” – deyə M.Qəhrəmanlı qeyd edib.

Təşkilat rəhbərinin sözlərinə görə, “Qarasu Oil” şirkətində işçilər normadan artıq işə cəlb olunsalar da bu saatların məbləğləri az göstərilir və ya ikiqat ödənilmir: “Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.“Qarasu Oil” şirkətində isə yerli işçilərlə xarici işçilər arasında əməkhaqqı sahəsində kəskin fərqlər var. Belə ki, yerli işçilər xarici işçilərdən 10-20 dəfə aşağı əmək haqqı alırlar”.

Şirkət müddətli əmək müqavilələrinin bağlanmasında da ittiham edilir: “Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. “Qarasu Oil” şirkətində Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) əsaslanmaqla işçilərlə müddətli əmək müqaviləsi bağlayırlar. Şirkətdə işçilərlə müddətli əmək müqaviləsin bağlanmasında (müxtəlif və ya sadəcə olaraq müqavilə bağlamaqdan imtina etmək yolu ilə) bir məqsəd var. Yəni şirkət istədiyi vaxt arzu etmədiyi işçi ilə bu əsasla əmək müqaviləsini ləğv edə bilir”.

M.Qəhrəmanlı deyib ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi müvəqqəti əmək müqavilələrinin bağlanmasının səbəblərini araşdırmalıdır.

Hüquq müdafiəçisi şirkətdə çalışanların birləşmək hüququnun pozulduğunu deyir: “Konstitusiyanın 58-ci maddəsində qeyd edilir ki, hər kəsin başqaları ilə birləşmək hüququ var. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin “Həmkarlar ittifaqı haqqında” qanunun 3-cü maddəsinə görə, işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.  Bu məqsədlərə nail olmaq üçün ən azı 7 nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Lakin  “Qarasu Oil” şirkətinin vəzifəli şəxsləri işçilərin birləşmək hüququnu pozur, həmkarlar ittifaqı təşkilatını yaratmağa imkan vermirlər. Şirkət rəhbərliyi həmkarlar ittifaqı təşkilatı yaratmaq istəyən işçilərə hədə-qorxu gəlir, müxtəlif təzyiqlər edir, işdən azad edəcəklərini bildirir, əmək müqavilələrinin müddətini artırmayacaqlarını söyləyirlər”.

M.Qəhrəmanlı deyib ki, işçilər Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətindən də narazılıq edirlər: “Digər müəssisələrdə yaranmış həmkarlar ittifaqı təşkilatlarını öz filialına çevirən və onlardan yığılan vəsaitini 25 faizinə sahib çıxan bu qurum da şirkətdə həmkarlar ittifaqı təşkilatının yaranmasına  kömək göstərmir”.

Qeyd edək ki, “Qarasu Oil” əməliyyat şirkətinə nəzarət paketi rusiyalı investorlara məxsusdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az