
Müşavirədə çıxış edən ölkə başçısı vergi və gömrük daxilolmalarındakı artımdan danışaraq, bildirdi ki, Gömrük və vergi orqanları 9 ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. "Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var”, – Prezident qeyd edib.
Lakin bundan sonra Prezident əsas etibarilə Vergilər Nazirliyinin fəaliyyətinin üzərində dayandı, bu strukturda aparılan islahatların effektivliyindən danışdı.
Sitat: "Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”.
Ancaq nəzərə almaq lazımdır ki, sözügedən müşavirədə büdcə gəlirlərinin formalaşması və sonradan düzgün xərclənməsi məsələləri əsas müzakirə mövzularından biri, hətta demək olar birincisi idi. Büdcə gəlirlərinin formalaşmasında isə Vergilər Nazirliyindən sonra ikinci böyük paya malik olan qurum məhz DGK-dır. Bu baxımdan Səfər Mehdiyevin həmin müşavirəyə qatılmaması maraq doğurur.