Səməd Seyidov: “Yolumuzdan dönmədik və bu yolun nə dərəcədə düzgün olduğunu dünyaya sübut etdik”
"Artıq tamamilə yeni bir Avropa-Azərbaycan münasibətləri dövrü başlayır. Bu dövrü xarakterizə edən ifadə Azərbaycan reallığının qəbul olunmasıdır. Biz öz yolumuzdan dönmədik və bu yolun nə dərəcədə düzgün olduğunu dünyaya sübut etdik”.
Bu sözləri Pravda.az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
"Biz bunu Avropa liderlərinin təşəbbüs göstərərək Azərbaycan Prezidenti cənab İlham Əliyevlə iştirak etdiklər görüşdə birgə layihələrin müzakirəsindən, vaxtilə Azərbaycanla heç bir ünsiyyət qurmaq istəməyən, təhdid edən, bəyanatlar qəbul edən Fransa və Niderland rəhbərlərinin isti, yüksək səviyyəli görüşlərindən, Azərbaycanın yaratdığı sülh ab-havası ilə bağlı təbriklərin səslənməsindən, Fransa Prezidentinin birbaşa Azərbaycan Prezidenti ilə ikitərəfli görüş keçirməsindən, üç dəfə rəsmi olaraq Azərbaycanı bununla bağlı təbrik etməsindən görürük. Bütün bu proseslər Azərbaycanın qalibiyyətini, qalib gəlməsini və Avropa ictimaiyyətinin ən yüksək təmsilçiləri tərəfindən tam şəkildə qəbul olunmasının göstəricisidir. Bu, cənab Prezidentin apardığı xarici siyasətin təntənəsidir. Proses hələlik ilkin addımlarını atır. Nəticələri Azərbaycan üçün çox müsbət olacaq, çünki ölkəmizə gəlmək, investisiya qoymaq, Azərbaycandan yararlanmaq, qalibiyyətinə şərik çıxmaq, ölkəmizin apardığı işlərdə iştirak istəyəcəklər”, - komitə sədri qeyd edib.