Bəs indi nə edim?
İsaxan Aşurov - Necə gündü bu ad və soyadı min dəfələrlə təkrarlayıram. Daha doğrusu, zikr eləyirəm. İnanmağım gəlmir. Bəlkə də heç vaxt inanmayacağam.
İlk tanışlığımız telefon vasitəsilə oldu. Surət 1993-cü ilin iyununda qiyam edəndə mən yüz nəfərə yaxın Naxçıvan cəbhəçisi ilə Ucara, oradan Yevlaxa, sonra Goranboya və Tərtərə getmişdim. İsaxan, Qara Tofiq və İsa Sadıqov Tovuz-Qazax tərəfdə idilər. Jurnalist Tapdıq Fərhadoğlu da bizimlə idi. Əlaqələri də Yevlax Rayon İcra Hakimiyyətində başçının kabinetindən o yaradırdı...
Telefonda heç gözləmədiyim şəkildə bariton səs məni salamladı: "Qardaş, görürsən da, biz sənə köməyə gəlmək əvəzinə, sən bizə köməyə gəlmisən".
Tapdıq bəy danışanın kim olduğunu mənə anlatdı. Onu da dedi ki, Surətin qərargah rəisi polkovnik İlham Aslanov Tovuza hücum edəndə, Tovuzun polis rəisi (İsaxan Aşurov) vurub onun çənəsini sındırıb. (Sonralar mən həbsdə olanda həmin İlham Aslanov bizim zonda idi. İsa Sadıqov dedi ki, İlhamın şikayətinə görə İsaxanı tutmaq istəyirlər. İsaxanı çağırdıq, gəldi, görüşdük və nəticədə İlham ərizəsini geri götürdü).
Həmin telefon danışığından sonra onunla Naxçıvanda görüşdük. Qara Tofiqlə gəlmişdi. Tanış olduq. Həqiqətən, də fəxr ediləsi bir Türk oğlu Türk idi. Sonra Kələkiyə Bəyin yanına getdik. Və bir neçə gündən sonra onları Türkiyəyə yola saldıq.
***
Bir də İsaxanı mən həbsdə olanda, Novruz bayramında yanımıza gələndə gördüm. Aşıq gətirmişdilər zonda oxutmağa. İsaxanı buraxmırdılar, "nağaraçalan" adı ilə içəri keçirtdik. Sonra elə hey deyərdi ki, bu hökumət məni nağaraçalan da elədi.
Qapalı həbsxanada olanda mənə 3 dəfə iş qaldırmışdılar. İsaxan haradansa eşitmişdi. Özü mənim adımdan ərizə yazıb özünü mənə vəkil tutmuşdu. Hava limanına gedib Naxçıvandan gələn atamı qarşılayıb, öz maşını ilə qardaşımı da götürüb Qobustan həbsxanasında keçirilən məhkəməyə gətirmişdi.
***
Keçən il Moskvadan gələndə təsadüfən qardaşı ilə görüşdük. İsaxanın xəstə olduğunu, Almaniyada müalicə aldığını dedi. Zəng etdim, yenə həmin SƏS "Narahatçılığa ehtiyac yoxdu, boş şeydi" dedi. Həmişəki kimi, öz problemi ilə başqasını narahat etmək istəmirdi.
Son dəfə qəzetdə müsahibəsini oxudum. Kəndlərində olduğunu bildim. Neçə dəfə zəng vurdum, götürmədi. Ardınca yazdığım mesaj hələ də telefonumda qalır: "Salam bəy, necəsən, səhhətin necədi? ...". Axşamüstü cavab gəldi (Mesaj telefonumdadı və yəqin ki, həmişəlik qalacaq): "Əziz Siyavuş çox minnətdaram. Qəribə, ya təsadüfdürmü, bilmirəm, ancaq çətin günlərdə mən ən böyük dəstəyi naxçıvanlı dostlarımdan aldım. Ən böyük qulluq elə bu diqqət və istəkdir. Başqa bir ehtiyacım yoxdur. Sizin İsaxan".
Belə, Bizim İsaxan. Bəlkə də bu mesajı yazanda ağrılarından qovrulan, amma yenə də vüqarını, qürurunu, uca tutan Bizmm İsaxan. Öz acılarını yalnız özü çəkməli olduğunu özünə qanun yazan Bizim İsaxan.
***
Haqqında keçmiş zamanda danışa bilmirəm və yəqin ki, heç bilməyəcəm də. Qobustanda biz aclıq edəndə gəlmişdin, söhbətləşdik. Aclığın 16-cı günü idi - "Nə fikirləşirsən?" dedin. Dedim "ucuz ölüm". Dedin: "O nədi?". Dedim: "Onsuz da bilirəm ki, aclıq etməklə ölməyəcəm, amma böyrəyimin pristupu tutanda təkadamlıq kamerada səhərə qədər yerdə qıvrılıram. Və həmişə Allaha yalvarıram ki, mənə belə ucuz ölüm verməsin. Mən buna layiq deyiləm. Mənim millətimdən düşmənim yoxdu. Heç olmasa çıxım özümlə bərabər bir neçə ermənini partladım, özüm də ölüm". Sən "Böyük adamsan" dedin.
İndi, mən sənin ölümünü sənə yaraşdıra bilmirəm, qardaş. Bu ölüm o boy-buxuna, o iradəyə, o kişiliyə yaraşmır axı...
Həmişə deyərdin, "Polkovnikə heç kim yazmır". Daha polkovnikin ona yazanlara ehtiyacı qalmayacaq.
***
Fəlsəfədə belə bir kateqoriya var, zərurət və təsadüf. Belə izah edirlər ki, təsadüfdən zərurət doğur. Başqa sözlə ölüm zərurətdi. Amma necə ölmək təsadüfdü. Sənin ölümün də təsadüfi olmadı.
Dində isə başqa cür izahı var: "Ölüm haqdı, necə ölmək isə əcəldi". On min km uzaqlara səni əcəlmi apardı, təsadüfmi?
Ötən il qardaşım 49 yaşında vəfat edəndə bir şeyi də dərk etdim. Biz özlüyümüzdə fikirləşirik ki, cavan adam öldü, nakam getdi. Amma Allahın dərgahında hər şey öz vaxtındadı. Bir saniyə də o yan, bu yanı yoxdu.
Ölümün rəngi olurmu görəsən? Mənim qucağımda onlarla igidimiz gözünü yumub, şəhid olub. Amma bunu fikirləşməmişəm. Sənin ölümünün rəngi necədi görəsən?
***
Adından xoşun gələn oğlum Türkeşə sünnət toyu edəcəm. Adını qonaqların siyahısında başdan yazmışdım. Bəs indi nə edim? Sənin dəvətnaməni hara göndərim...
Siyavuş Mustafayev
“Türküstan.net”