Azərbaycanı Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki silkway.uz portalı rus dilində "Şərqin opera novatoru-Üzeyir Hacıbəyli” adlı məqalə çap edib.
Məqalədə bildirilib ki, Azərbaycan professional musiqisinin banisi dahi Üzeyir Hacıbəyli müsəlman Şərqində ilk operanın əsasını qoyub, musiqili komediyanın yaradıcısı kimi xor-mahnı, qəzəl-romans, xalq çalğı alətləri orkestri, instrumental ansambl üçün müxtəlif janrlarda əsərlər yazıb.
Məqalə müəllifi qeyd edib ki, Üzeyir bəy məşhur bəstəkar olmaqla yanaşı, həm də tanınmış alim, folklorçu, pedaqoq, dramaturq, jurnalist və ictimai xadim kimi də tarixə düşüb.
Materialda dahi bəstəkarın həyat və fəaliyyəti geniş işıqlandırılıb, onun pedaqoji fəaliyyətinə nəzər salınıb. Qeyd olunub ki, Üzeyir Hacıbəyli Azərbaycan dilində ilk riyaziyyat dərsliyinin müəllifi olub. Üzeyir Hacıbəyovun ictimai fəaliyyəti barədə yazan müəllif qeyd edib ki, o, "Molla Nəsrəddin" jurnalını yaradıb, habelə o dövrdə dərc olunan qəzetlər üçün felyetonlar, məqalələr yazmaqla xalqın maariflənməsinə mühüm töhfələr verib.
Müəllif yazıb ki, Hacıbəylinin nadir tapıntısı onun muğam əsasında opera yazmasıdır. Onun operalarının əsasını Şərq koloritli və Azərbaycan muğamı təşkil edir.
Məqalədə qeyd olunub ki, Ü.Hacıbəyli müsəlman Şərqində ilk operanın əsasını qoyub, "Leyli və Məcnun” əsərini yaradıb.
Materialda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dahi bəstəkar haqqında fikirlərinə də yer ayrılıb: "Üzeyir Hacıbəyli azadlıq, insanpərvərlik, humanizm, saf məhəbbət ideyalarını əsas götürərək Məhəmməd Füzulinin "Leyli və Məcnun” poeması əsasında ölməz bir əsər yaradıb. "Leyli və Məcnun” operası böyük bəstəkar kimi onu dünyaya tanıdıb”.
Məqalədə qeyd edilib ki, 1937-ci ildə isə Ü.Hacıbəyli "Koroğlu" operasını yazıb və buna görə mükafatlandırılıb.
Müəllif Üzeyir Hacıbəylinin Özbəkistanda da sevildiyini vurğulayaraq yazıb ki, "Leyli və Məcnun" operasını ilk dəfə 1916-ci il dekabrın 30-da SSRİ Xalq Artisti Sidqi Ruhulla Daşkənddə səhnəyə qoyub.
Məqalədə qeyd olunur ki, Bakıda prospektlərdən biri, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət simfonik orkestri dahi bəstəkarın adını daşıyır. Məhz Üzeyir Hacıbəylinin anadan olduğu gün - 18 sentyabr Azərbaycanda Musiqi Günü kimi hər il qeyd olunur.
Məqalənin tam mətini ilə http://www.silkway.uz/newsmore/6803 linkində tanış olmaq mümkündür.
AZƏRTAC