Son dövrlər dünya mediasında Azərbaycana qarşı informasiya müharibəsi gedir. Gələn ay ölkəmizdə baş tutacaq nüfuzlu “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar olaraq xüsusi ilə xarici mediada ölkəmizə qarşı bir sıra təxribat doğuran materiallar işıqlandırılır.
Azərbaycana qarşı aparılan informasiya müharibəsinə “Vətəninfo.az” münasibət bildirən siyasi ekspert Razi Nurullayev bildirib ki, Azərbaycanla bağlı aparılan media kampaniyalarını heç də əvvəlcədən planlaşdırılmış və ölkəmizə qarşı qərəzli münasibət kimi yerinə yetirilən bir hal kimi dəyərləndirmirəm. “Hal- hazırda Almaniya mətbuatının yazdığı problemlər Azərbaycanda həmişə olub. İnsanların mülkiyyət hüquqları həmişə pozulub.Yerli medianın dəfələrlə bu problemlər barədə yazsa da, dünya mətbuatının isə bu problemlərə diqqəti az idi. Azərbaycan ötən il Eurovision müsabiqəsində birinciliyi qazanandan sonra dünya mətbuatının ölkəmizə marağı artdı. Onlar Azərbaycanla bağlı araşdırmalar apararkən müəyyən problemləri görməyə başladıqdan sonra öz mətbu orqanlarında işıqlandırmağa başladılar. Mən bunu informasiya müharibəsi kimi dəyərləndirməzdim, bu sadəcə bəlli olan faktların aşkara çıxarılmasıdır”-deyə, bildirib. Bunun qarşısını almağın isə çox asan yolu olduğunu qeyd edən ekspert bildirib ki, qanunlar kağız üzərində qalmamalı, həyata keçirilməlidir. “Məsələn, şəhərin gözəlləşməsi, parkların salınması məqsədilə evlərin sökülməsi vacibdir. Bəzi evlər doğrudan da qanunsuzdur, bəziləri isə qanuni yolla tikildiyinə görə onlara kompensasiyalar ödənilir. Amma məlumdur ki, Azərbaycanda yüz minlərlə ev qanunsuzdur. Bəs bu qanunsuzluqları yaradan vətəndaşlardırmı? Vətəndaşın qanunsuz ev tikməklə bağlı bir məsuliyyəti varsa, hakimiyyətin daha çox məsuliyyəti var”-deyə əlavə etdi. Həmin vətəndaşlardan rüşvət alaraq qanunsuz ev tikməyə göz yumulduğunu bildirən ekspert qeyd edib ki, bu birbaşa dövlətin məsuliyyətidir. Avropa mətbuatı da yazır ki, vətəndaşlarla bu cür davranılırsa, bu hüquq pozuntusudur. Onun sözlərinə görə, bunlar Azərbaycanın xeyrinə olan məlumatlardır. “Ümumilikdə götürdükdə isə, o məqalələr Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, siyasətin daha da təkmilləşdirilməsində, xalqın güzəranının yaxşılaşmasında vacib məqamları yerinə yetirməkdədir”. Siyasi məsələlərlə bağlı yazılan materiallarda heç bir informasiya müharibəsi görmədiyini vurğulan ekspert əlavə edib ki, dini mövzularda isə hər hansı qərəzli yazılar ola bilər. Politoloqun sözlərinə görə, Azərbaycan hal -hazırda İranla münasibətlərdə gərgin dövrlərini yaşayır. “Dini zəmində Azərbaycanda yüzlərlə həbslər həyata keçirilib. Bu baxımdan da Azərbaycan da buna biganə qalmır, ikitərəfli mübarizə aparılır. İran mediası Azərbaycana qarşı ciddi informasiya müharibəsi aparmaqdadır”-deyə bildirib. R.Nurullayev əlavə edibi ki, Rusiya mətbuatında da Azərbaycanla bağlı qərəzli materiallar gedir.”Mətbuat orqanlarında Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini aşağılayan yazılar gedir. Bu da əsasən Rusiyada erməni lobbisinin güclü olması və hər iki ölkənin maraqlarının üst -üstə düşməsi ilə əlaqədardır”-deyə fikrini tamamlayıb.
Ramilə