Siyavuş Novruzov: "Onların hər biri haqqında cinayət işi açılmalı, İnterpola verilməli, tapılıb Azərbaycana gətirilməlidir"

Siyavuş Novruzov:
"Xaricdə oturub Azərbaycan əleyhinə danışanların istər indiki, istər sonrakı çıxışları ilə bağlı kifayət qədər bu və ya digər şəkildə qanunu pozma halları mövcuddur. Cənab Prezident İlham Əliyev hər iki nümayəndə - həm Avropa İttifaqı, həm də Amerikanın dövlət katibi ilə Brüssel görüşü barədə danışdı. Qeyd etdi ki, bu görüş Azərbaycanın əleyhinə olmamalıdır. Əgər Cənubi Qafqazda hər hansı məsələ müzakirə olunursa, orada "Azərbaycan” adı keçirsə, onda o müzakirədə Azərbaycanın iştirakı olmalıdır. "Azərbaycan” adı keçmirsə, onda Azərbaycan əleyhinə hər hansı məsələ ola bilməz. Müzakiə zamanı onlar söz verdilər ki, Azərbaycan əleyhinə heç nə olmayacaq. Sonradan isə görürük ki, Ermənistana göstərilən iqtisadi yardım, görüşün nəticələrinin açıqlanmaması və s. müzakirələrin gündəmində anti-Azərbaycan məsələlər olub. Ermənistanın silahlandırılması, onlara 3 milyon avroya yaxın maddi dəstəyin göstərilməsi özü faktdır. Fakt göz qarşısındadır ki, hansı əsasa görə Ermənistana maddi dəstək göstərirsən. Ermənistanla Azərbaycanın sülh danışıqları apardığı bir şəraitdə bir tərəfin qızışdırılması, ona mənəvi, maddi, hərbi dəstəyin göstərilməsi sülh prosesinin pozulmasına gətirib çıxaran amillərdən biridir, buna hesablamnmış addımlardır: "Xaricdə oturub Azərbaycan əleyhinə danışan bəzi azərbaycanlıların da canfəşanlıq etmələrinin səbəbi də onlardan pul almalarıdır”.

 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

 
Komitə sədrinin sözlərinə görə, Avropada oturanlar Avropadakı, Amerikada oturanlar Amerikadakı lobbidən, Dövlət Departamentindən, "Soros Fondu”ndan maliyyələşirlər: "Buna görə də cani dildən onları dəstəkləyirlər. Məsələn, biri var, milliyyəti də məlum deyil – Tural Sadıqlı. Deyir ki, Xankəndində və digər yerlərdə Azərbaycan polisi guya ermənilərin mal-qarasını, evlərini talan edir. Bu adam bir dəfə məsələ qaldırmayıb ki, Azərbaycanın qəbirləri, məscidləri dağıdılıb, Azərbaycanda bir dənə ev qalmayıb, hamısı sökülüb satılıb... Onun sözləri ermənilərə əsas verir ki, məsələ ilə bağlı müəyyən instansiyalara müraciət etsinlər. Bu, cinayət deyil, bəs nədir? Başqa bir adı var? Bu, vətənə xəyanətdir. Belələri tutulub ekstradisiya olunmalıdır. O cümlədən Sevinc Osmanqızı. Camaatı təhqir edir, öz fikirləri ilə insanların şərəf və ləyaqətini alçaldır, böhtan atır, dövlət əleyhinə, ixtişaşa, silahlı basqınlara, terrora çağırışlar edir ki, bəli, filankəsi öldürmək istəyirsiniz, düz edirsiniz.  Bunların hamısı cinayətdir və Cinayət Məcəlləsində göstərilib. Hər biri haqqında cinayət işi açılmalı, İnterpola verilməli, tapılıb Azərbaycana gətirilməlidir ki, Azərbaycanda cinayət məsuliyyəti daşısınlar”. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az