"Sonuncu qumbarasını partladıb özünü öldürmək istəyəndə..."


Əziz və dəyərli dostum Rey Kərimoğlu yazıb ki, keçmiş hərbi kəşfiyyatçı Aqil Əhmədovun dəstəyə ehtiyacı var.
Axı Aqilin dəstəyə ehtiyacı niyə olmalıdır ki? O, bu Vətən üçün heç nə eləməyib... 
Orduda olmayıb, hərbi xidmət keçməyib... Canını sipər eləməyib... Tapşırıq yerinə yetirən dostlarının yerini deməmək üçün minbir zillətə dözməyib... Niyə ona dəstək durmalıyıq ki? 

Aqilin xaricdə villası yoxdur... Aqilin market şəbəkələri yoxdur... Aqilin yaxşı vəzifələrdə qohum-əqrabası yoxdur. Aqilin bahalı maşınları yoxdur... 
Aqilin yaxa cırıb, özünü gözə soxmaq həyasızlığı yoxdur... Aqilin əsgər ləyaqətini qəpik-quruşa dəyişmək qabiliyyəti yoxdur... Aqilin, kimlərinsə qarşısında yaltaqlanmaq istedadı yoxdur... Niyə Aqilə dəstək durmalıyıq ki?

Aqilin nəyi var? 22 ildir bu məmləkətdə mərhəmətsiz adamların əhatəsində olmazın zillətlərə, ağrılara tab gətirib yaşamağa dözümü var? Olsun da... Dözümü özünə gərəkdir! 

Kimin nəyinə gərəkdir ki, əsirlikdən geri alındıqdan sonra, düşmən arxasına birgə getdiyi dostlarının doğmalarının üzünə baxmaqdan xəcalət çəkir, özü istəmədən belə, sağ qalıb qayıtdığına görə...

Kimin nəyinə gərəkdir ki, Aqil hər gecə yuxularında sonuncu qumbarasını partladıb özünü öldürmək istəyəndə, zəhrimara qalmış halqa partladıcıdan çıxmır ki, çıxmır... 

Kimin nəyinə gərəkdir ki, yaralandığı gün huşunu itirməmişdən 5-10 saniyə əvvəl eşitdiyi partlayış səsi Aqili gündə neçə dəfə səksəndirir... 

Kimin nəyinə gərəkdir ki, sonuncu nəfəsində Aqilə nəsə demək istədiyini anlada bilməyən silahdaşının baxışları hər gün Aqili neçə dəfə öldürür... dirildir... Axı kimin nəyinə gərəkdir, ay Rey... Ay Aqil... 

 VƏTƏN YOLUNDA CANINDAN KEÇƏRƏK,ÖZLƏRİNİ PARTLADAN 7 KƏŞFİYYATÇIMIZ

Aqilə dəstək olardıq... O vaxt dəstək olardıq ki, yarınmaq, bəhrələnmək, xeyir güdmək savaşında Aqil medal uğrunda yaxa cıraydı... O vaxt dəstək olardıq ki, Aqil hansısa vəzifəlinin daha yuxarılardan yarına bilməsi üçün onun təbliğat maşınına çevriləydi... 

O vaxt dəstək olardıq ki, hər gün aidiyyatlı bir-iki nazirliyin rəsmi internet səhifəsində Aqil ona diqtə edilən tərif dolu nağıllar danışaydı... 
Olmayacağıq sənə dəstək, Aqil... Get, ayaqlarını uzat, şərəfli ölümünü gözlə... heç olmaya, bu dəfə ona səni əldən çıxarmaq şansını vermə... biz şərəfli adamları gözümüz üstündə saxlaya bilmirik... Biz şərəfli adamlar haqqında, yalnız onlar öldükdən ən tezi, 10-20 il sonra danışa bilirik... 

Nahaq, sağ qalmısan... Tanrı səni hara göndərdiyini bilirdi... Namərd əcəl sənə düşmənlik etdi səni döyüş meydanında sağ buraxıb getməklə... 
Get... uzan... ayaqlarını uzat, şərəfli ölümünü gözlə, qardaşım... Onsuza da ölümdən qorxmağı hələ 1997-ci ildə yadırğamısan... Biz illərdir ki dəyişmişik... Biz düşmənin gülləsindən, mərmisindən sağalmaz yaralar alan neçə-neçə cəngavərimizi millət olaraq, xalq olaraq öz biganəliyimizlə öldürmüşük ki... 
Biri də sən... Narahat olma: nə tək deyilsən, nə sonuncu... Hələ biganəliyimizlə, laqeydliliyimizlə öldürəcəyimiz o qədər qeyrətli, şərəfli, qorxmaz, əyilməz oğlanlarımız var ki... Hamısını ölümə göndərib, sağ qayıdanlarını da özümüz sənin kimi öldürəcəyik...
Dəstəyi neynirsən ki?!.. Sənə və sənin kimilərinə arxa-dayaq dursaq, millət kimi çox yaşaşayarıq axı...

 
Teymur Zahidoğlu
 
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az