Günay Əhmədova= Onkoloq, tibb üzrə fəlsəfə doktoru, ATU-nun Onkoloji Klinikası
XXI əsrin Azərbaycan qadını ictimai-siyasi həyatda çox nailiyyətlərə imza atıb. Bu gün o yalnız evdar xanım və ana deyil, cəmiyyət həyatında yaxından iştirak edən vətəndaşdır, xalqın və millətin uca tribunalardakı təmsilçisidir. Lakin qazandığı bütün nailiyyətlərlə yanaşı o, ilk növbədə qadındır. Zərif, gözəl və yaraşıqlı məxluq. Görkəmində qadını kişilərdən fərqləndirən ilk əlamət bəşər övladına süd verən döşləridir. Tibbi dildə desək, süd vəziləri. Təəssüf ki, qadına xüsusi yaraşıq verən, sıx-sıx poeziyanın predmetinə çevrilən bu orqan lazımi qulluq, baxım görmədikdə qadının baş bəlasına da çevrilə bilir.
Müasir dövrdə süd vəzi xəstəliklərindən əziyyət çəkən qadınlara tez-tez rast gəlinir. Klinik onkologiyanın ən mühüm problemlərindən olan süd vəzi xərçəngi (bundan sonra SVX) dünyada qadınlar arasında bədxassəli şişlərlə xəstələnmənin strukturunda birinci yeri tutur. Hər il dünyada SVX diaqnozu ilə 1 milyondan çox xəstə qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yaşı 30-dan yuxarı olan hər 2 qadından birində süd vəzinin bu və ya digər şişinə rast gəlinir (bu şişlərin 30-dan çox növü məlumdur). Təbabətdə SVX probleminə böyük diqqət ayrılsa da, indiyədək nə bu xəstəliyin qarşısı alınıb, nə də ölüm halları azalıb. Statistikaya görə, bədxassəli şişlərdən dünyasını dəyişən qadınların ölüm strukturunda süd vəzi xərçəngi 2-ci yeri tutur.
Bəs nə etməli? Bu dəhşətli xəstəlikdən necə qorunmalı?
İlk növbədə onu bildirmək istəyirəm ki, SVX-nin erkən mərhələdə dəqiq diaqnostikası və vaxtında göstərilən tibbi yardım bu xəstəlikdən ölüm hallarının azalmasına gətirib çıxara bilir. Həmin diaqnostika bir sıra müayinə üsullarının kompleks istifadəsi əsasında həyata keçirilir: anamnez, fiziki müayinə (baxış və palpasiya, yəni əllə yoxlama), rentgenoloji üsullar (mammoqrafiya, duktoqrafiya, pnevmosistoqrafiya, kompüter tomoqrafiyası-KT), ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiya (MRT), morfoloji (sitoloji və histoloji) və laborator müayinə.
Xəstəliyi ilkin mərhələdə aşkarlamaq üçün hər bir qadın öz orqanına qarşı diqqətli olmalıdır. Süd vəzində aşağıdakı əlamətlərdən hər hansını müşahidə etdikdə mütləq onkoloqa müraciət edin:
Süd vəzində, yaxud qoltuqaltında əllənən törəmə (sərtlik, şişkinlik) varsa;
Süd vəzinin giləsindən qanlı, yaxud şəffaf rəngli ifrazat gəlirsə;
Süd vəzinin giləsi daxilə dartılıb, çöküb, yaxud quruluşu dəyişilibsə;
Süd vəzi giləsinin dərisində soyulma, qabıqlanma əmələ gəlibsə;
Süd vəzinin özünün dərisində yara və yaxud qızartı peyda olubsa;
Süd vəzinin dərisində ödem, şişkinlik, yaxud dərinin daxilə dartılaraq portağal qabığına bənzəməsi halı varsa;
Süd vəzində böyümə, quruluşun və ya rəngin dəyişilməsi, asimmetriya müşahidə olunursa.
Nəzərinizə çatdırım ki, süd vəzində hər hansı hüceyrənin atipikləşərək xərçəngə çevrilməsi uzunmüddətli prosesdir. Qadın törəmədən o vaxt xəbər tutur ki, şişin ölçüsü artıq 1sm-ə çatmış olur və əllə toxunarkən hiss edilir. Onkoloji törəmə əsasən sərt konsistensiyalı, qeyri-dəqiq kənarlara malik, kələ-kötür səthli və məhdud hərəkətli olur. Bəzi hallarda isə süd vəzinin bədxassəli şişi təsadüfi USM və yaxud mammoqrafiya müayinəsi nəticəsində aşkar edilir. Xəstəlik sizi qəfildən yaxalamasın deyə, yuxarıda sadaladığımız əlamətlərə fikir verin.
Son onilliklərdə bir çox amillər dünya miqyasında onkoloji xəstəliklərin artmasına təkan verib. Ekoloji fəlakətlər, atmosferin ozon qatının deşilməsi, havanın çirklənməsi, stressin və gərginliyin artması, əsəb pozğunluqları, fərdin ruh düşkünlüyü, geni dəyişdirilmiş və ya mənşəyi bəlli olmayan qida məhsulları və s. Bu sırada obyektiv amillərə gücümüz çatmasa da, subyektiv amilləri aradan qaldırmaq özümüzdən asılıdır. Ona görə də sağlamlığımıza diqqət etməli, ağır xəstəliklərə düçar olmağı özümüzə rəva bilməməliyik. Əvvəla, ehtiyac duyduq-duymadıq, vaxtaşırı müayinə olunsaq çox fəsadların qarşısını vaxtında ala bilərik. Çünki ən yaxşı müalicə profilaktikadır. İkincisi, deyək ki xəstəlik bizi yaxalayıb. Bu halda ruhdan düşmək, ya da biganəlik göstərmək yolverilməzdir. Dərhal bu sahənin mütəxəssisi olan həkimlə birgə xəstəliyə qarşı mübarizə aparmalıyıq. Necə? Əlbəttə, öncə dəqiq diaqnozun qoyulmasına nail olmalıyıq. Bu, işin yarısı deməkdir.
Həkimin göndərişi qarşısında tərəddüd edən qadınlara çox rast gəlirik: kimisi rentgen mammoqrafiyasından çəkinir, kimisi USM-ə inanmır, kimisi də biopsiyanı təhlükəli sayır... Nəzərə almalıyıq ki, bu müayinələr olmadan müalicə səmərə verə bilməz. Belə tərəddüdlərə son qoymaq üçün hər bir qadın bilməlidir ki, həmin aparatlar nəyə xidmət edir.
Məlumat üçün bildirək ki, şüa diaqnostikası üsulları son illər bu sahədə mühüm yerlərdən birini tutur. Onlar arasında ən geniş yayılmışları mammoqrafiya və USM-dir. Mammoqrafiya müayinəsi süd vəzindəki patoloji dəyişiklikləri qeydə alır, SVX-nin erkən mərhələsində, yəni palpasiya edilməyən mərhələsində belə yaranmış törəməni təyin edir. Mammoqrafda süd vəzi toxumasının kompressiyası həyata keçirilir.
Çəkiliş adətən 2 proyeksiyada – düz və yan proyeksiyalarda aparılır. Bu müayinə vasitəsilə həmin orqanda gedən dəyişikliklərin diffuz və ya ocaqlı olması müəyyənləşdirilir; şiş törəməsi aşkar edildikdə onun ölçüsü, forması, strukturu, sıxlığı və konturları dəqiqləşdirilir. Həmçinin mammoqrafiya vasitəsilə şişin mikrokalsinatlarını müəyyənləşdirmək, dərinin, gilənin və retromammar sahənin vəziyyətini qiymətləndirmək, qoltuqaltı nahiyədə metastatik limfa düyünlərini aşkar etmək mümkün olur. Hər iki süd vəzində müayinənin aparılması həkimə imkan verir ki, xəstələnmiş orqanla sağlam süd vəzini müqayisə edə bilsin. Onu da bilmək lazımdır ki, mammoqrafiyanı aybaşı tsiklinin birinci fazasında – 5-12-ci günlər arası həyata keçirmək daha məqsədəuyğundur. Menopauzada olan qadınlar isə bu müayinəni istənilən vaxt etdirə bilərlər.
SVX zamanı mammoqrafik mənzərə birincili (birbaşa) və ikincili (dolayı) əlamətlərlə xarakterizə olunur. Birincili əlamətlərə şiş kölgəsinin xarakteri və mikrokalsinatların toplanması aiddir. Süd vəzi toxumasında mikrokalsinatların toplanması SVX-nin qeyri-invaziv (lat. invadere – “içəri, daxilə girirəm”, “təcavüz”) formasından şübhələnməyə əsas versə də bu, mütləq patoqnomonik simptom hesab edilmir. İkincili əlamətlərə isə dəri, gilə və şişi əhatə edən toxumalardakı simptomlar aiddir.
Xanımlar bilməlidir ki, diaqnoz qoyulmasında mammoqrafiyanın səmərəliliyi xəstənin yaşından, süd vəzi toxumasının rentgenoloji sıxlığından da asılıdır. Cavan qadınlarda bu sıxlıq çox olduğundan skrininq (ing. screening – seçim, çeşidlənmə) mammoqrafiyanın həssaslığı 40-59 yaşlı qadınlar arasında 77,3% təşkil edir. İnsan yaşlandıqca süd vəzi toxumasının rentgenoloji sıxlığı zəiflədiyindən aparatın həssaslığı daha da artır, yəni 70-89 yaşlı qadınlar arasında müayinənin dəqiqliyi 93,8% təşkil edir. Bu baxımdan nəzərə almalıyıq ki, süd vəzi toxumasının rentgenoloji sıxlığı yüksək olan qadınlarda müayinənin həssaslığı 55%-ə, çox yüksək olan qadınlarda isə 30% ə qədər azala bilir.
Əgər döşün giləsindən ifrazat (az və ya çox) gəldiyini görürsünüzsə, həmin ifrazat qanlıdırsa və siz əlinizlə yoxlayarkən şiş aşkar edə bilmirsinizsə, o halda sizin duktoqrafiya (qalaktoqrafiya) müayinəsindən keçməyiniz daha məsləhətdir. Pnevmosistoqrafiya vasitəsilə müayinə isə süd vəzisində sista olduqda, sistadaxili patoloji artımları təsdiq və ya inkar etmək məqsədilə aparılır.
Qeyd edək ki, süd vəzi xəstəliklərinin diaqnostikasında USM-in (ultrasəs müayinəsi) xüsusi yeri var. Praktika göstərir ki, SVX-nin skrininq müayinəsində USM-dən istifadə edilməsi diaqnoz qoyulmasında dəqiqlik faizini yüksəldib. Belə ki, risk qrupuna daxil olan qadınların hər 1000 nəfərində bu xəstəliyin aşkarlanması 1,1 hal artıb. Yəni nəticələr daha dəqiqdir. USM-in ən üstün cəhətlərindən biri budur ki, şüa yükü azdır, bu müayinəni təkrar-təkrar keçirmək olar və zərərsizdir və bu müayinədə bədxassəli şişlərin paycıqları da aşkarlanır. (Yalnız şişin yayılmış olduğu hallarda şiş və piy toxuması arasında ultrasəs kontrastlıq zəiflədiyindən müayinənin effektivliyi qismən azalır.) Qabarıq çapıq dəyişikliklərində də USM-in informativliyi qənaətbəxşdir.