Sözsüz ki, İrəvanın ənənəvi müttəfiqinə özü də ən ağır zamanında arxa çevirməsi Tehranda xoş qarşılana bilməzdi və qarşılanmayıb da. İrəvanın bu dönəkliyinə cavab isə İran parlamentinin yetkilisi Əmir Abdullahyandan gəlib.
"Parstoday”-ın məlumatında görə, İran İslami Şurasının Fələstin İntifadasına Dəstək komitəsinin sədri olan Ə.Abdullahyan İrəvanın bu qərarını heyrətverici olaraq qiymətləndirib və erməni hökumətini qərara yenidən baxmağa çağırıb.
Abdullahyanın fikrincə, Ermənistan rəhbərliyinin bu qərarı Fələstin xalqının maraqlarına ziddir, bölgənin sabitliyinə və təhlükəsizliyinə mənfi təsir göstərəcək.
Tehran və İrəvan arasındakı dostluq münasibətlərinin bölgədəki sabitliyin və təhlükəsizliyin qorunmasında vacib amillərdən olduğunu vurğulayan Əmir Abdullahyan onu da vurğulayıb ki, İran İslam Respublikası Fələstinin əsas sakinlərinin xristian, yəhudi və ya müsəlman olmasından asılı olmayaraq haqlarını və öz müqəddəratını təyin etməsini dəstəkləyir. O, həmçinin sionizmin təkcə fələstinliləri deyil, işğal altındakı torpaqlarda yəhudiləri də girov götürdüyünə inandığını bəyan edib.
Sumbatın törəmələri
Doğrusu, Əmir Abdullahyanın bu mövqeyi nəinki ermənilərə, hətta bizə də aydın deyil: axı müsəlman fələstinlilərdən və ya yəhudilərdən xristian ermənilərə nə? Ermənilər öz maraqlarını düşünürlər və milli mənafeləri naminə əsrlər boyu hamilərini dəyişməklə məşhurdurlar. Bu mənada bir vaxtlar İran xalqlarının ərəb istilasına qarşı azadlıq müharibəsinin yenilməz sərkərdəsi Babəki Abbasilərə satan Səhl İbni Sumbatı bu gün Armen Sumbatyanın əvəz etməsi qayət normaldır. Zira Abdullahyan da gözəl bilir ki, familyadakı "yan” şəkilçisi nəvəni, "ibn” şəkilçisi isə oğlu ifadə edir. Yəni "İbn Sumbat” Sumbatın oğlu, "Sumbatyan” isə Sumbatın nəvəsi deməkdir. Tarixi zərurətlər Şumbatın nəvələrinin də öz ata-babalarının yolunu getməsini tələb edir və buna görə onları deyil, başqa cür olacağını düşündüyümüz üçün özümüzü qınamalıyıq. Anlamalıyıq ki, Sumbat törəmələrinə güvənib minillərlə eyni taleyi və mədəniyyəti bölüşən qardaş xalqlara düşmən olmağa dəyməz və yanlış yoldan qayıtmaq heç vaxt gec deyil.