Nəriman Kərimovun qarajı əlindən alınıb, əmlakı isə oğurlanıb
Sumqayıt şəhər sakini Nəriman Kərimov üzləşdiyi haqsızlıqdan gileylənir. Əlaqədar orqanların məsələyə biganəliyi ucbatından Vətəninfo.az saytına üz tutan N.Kərimov bildirdi ki, ona məxsus Sumqayıt şəhəri 19-cu məhəllədə Mənzil Kommunal Təsərrüfat İstehsalat İsismar Birliyinin nəzdində olan avtomobil olan qaraj qanunsuz şəkildə başqa adama verilib.
Əvvəlcə qarajın qıfılının sındırılaraq qarət olunduğunu diqqətə çatdıran N.Kərimov bundan sonra isə obyektin qeyri-qanuni olaraq mənimsənildiyini vurğuladı. Şikayətçinin sözlərinə görə, 1996-cı ildən Sumqayıt şəhər Baş Mənzil-İstismar İdarəsi ilə müqavilə əsasında 19-cu məhəllədə yerləşən 29 saylı qaraj istifadə üçün ona verilib: "Müqavilənin vaxtı başa çatanda istifadə müddəti Sumqayıt şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Təvəkkül Məmmədovun imzası ilə artırılıb".
"Rəqiyyə Əsgərova qarajı zəbt edib"
Bir müddət qaraja getməməsinin ona bahabaşa gəldiyini deyən N.Kərimov vurğuladı ki, Sumqayıt şəhər 71 saylı "Heyran" körpələr evinin müdiri Rəqiyyə Əsgərova qıfılı sındıraraq oranı zəbt edib: "Bu, 2007-ci ildə mənə məlum olub. İçəridə xeyli ev əşyaları var idi. Rəqiyyə Əsgərova yeni qıfıl vuraraq obyekti mənimsəyəndən sonra qızımın cehizləri, videomaqnitofon, qiymətli qab-qacaq və digər avadanlıq yoxa çıxıb. Onu da nəzərinizə çatdırım ki, bu özbaşınalığı Rəqiyyə Əsgərova təkbaşına etməyib".
Ölünün arayışı
"Ona bu "əməliyyatı" həyata keçirməkdə Sumqayıt şəhər 1 saylı Mənzil-İstismar İdarəsinin rəisi Məzahir müəllim də yardımçı olub" deyən N.Kərimovin sözlərinə görə, sübut üçün kifayət qədər dəlil var: "Görün 1 saylı Mənzil-İstismar İdarəsinin rəisi nə qədər qanunlara hörmət etmir ki, o, Rəqiyyə Əsgərovaya saxta arayış verməkdən belə çəkinməyib. Guya bu qaraj Rəqiyyənin qayınanası Fatma adlı qadınındır. Halbuki o, 17 il bundan əvvəl dünyasını dəyişib. Belə çıxır ki, 1 saylı Mİİ-nin rəisi ölüyə də arayış verir".
"Burda mənəm, Bağdadda kor xəlifə"
Məsələylə əlaqədar Sumqayıt şəhər 4-cü Polis Bölməsinə şikayət edən N.Kərimov burada da problemin həll edilməsi üçün ona heç kimin yardım göstərməməsindən gileyləndi: "Müraciət etdiyim vaxt haqlı olduğumu desələr də, ertəsi gün mənə işdə heç bir cinayət tərkibli əməlin olmadığını söylədilər. İşi araşdıran təhqiqatçı Ramin Tağıyev kiminsə göstərişi ilə Ruqiyyənin xeyrinə qərar çıxardı".
Sumqayıtda etiraz səsinin eşidilmədiyini bildirən şikayətçi bu səbəbdən də Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğuna müraciət etdiyini diqqətə çatdırdı: "Daxili İşlər Nazirliyinin "qaynar xətt"inə müraciət edəndən sonra Təhqiqat İdarəsinin rəisi Zöhrab Qəndilovun qəbulunda oldum. İş bundan sonra yenidən baxılması üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərildi".
Daha sonra məhkəməyə müraciət etdiyini diqqətə çatdıran N.Kərimov dedi ki, birinci instansiya məhkəməsi qarajın onun ollması barədə qərar çıxarıb: «Sonradan apellyasiya məhkəməsinin hakkimi Yusif Cavadov və Ali Məhkəmənin hakimi Əsəd Mirzalıyev qanunsuz qərar çıxardılar. Daha sonra Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət etdim. Amma bir nəticə əldə olunmadı. Bir sözlə onlar qarajın sıra nömrəsini dəyişərəək onu mənismədilər. 29 rəqəmini pozub 24 yazıblar. Halbuki 24 saylı qaraj yoxdur. Onu da nəzərinizə çatdırım ki, mənim müqaviləmin bitməyinə bir il qalmış qarajı zəbt ediblər». Məsələyə münasibətini açıqlayan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, əgər vətəndaşın müqaviləsi bitməyibsə, onda onu digər şəxsə verməyə heç kəsin ixtiyıarı yoxdur.
Əli Zülfüqaroğlu