Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov həbsdən azad olunduqdan sonra siyasətə yox, biznesə qoşuldu. Həbsdən əvvəl də geniş biznes imkanlarına malik olan Surət Hüseynov hazırda dünyanın müxtəlif ölkələrində özünə geniş biznes imkanları qurmaqdadır. Onun ən geniş yayılmış biznesi isə Azərbaycana zebu əti gətirməklə bağlıdır.
Surət Hüseynovun yaxın adamlarından birinin “Gündəlik Teleqraf”a verdiyi məlumata görə, sabiq baş nazir hazırda Hindistan və Yeni Zelandiyadan Azərbaycana zebu əti göndərir. Bu ətlərin əksəriyyəti isə Azərbaycandakı dönərxanalara, restoranlara və kolbasa sexlərinə satılır. Surət Hüseynovun uzun müddətdir bu işlə məşğul olduğunu deyən mənbə bildirir ki, sabiq baş nazir həbsdan çıxandan bir müddət sonra Azərbaycanda yaşasa da, sonradan ona qarşı bəzi qüvvələr tərəfindən sırf biznes maraqları üstündə təzyiqlər olunub. Hətta Surət Hüseynovun Yevlax rayonundakı Yun zavodunu yenidən almaq istəyi də məhz bu üzdən baş tutmayıb.
Sabiq baş nazirin Gəncədə imkansız ailələrə yardım etməklə hörmət qazanması və bəzi şəxslərin biznes maraqlarına toxunması sonda onun ölkəni tərk etməsi ilə nəticələnib. Bu gediş isə heç də öz xoşu ilə olmayıb. Məcburən Azərbaycandan çıxan Surət Hüseynov biznesini də xaricdə qurmağa başlayıb. Lakin onun adamları sabiq baş nazirin xarici biznesindən Azərbaycanda da yararlana bilirlər. Zebu ətinin ölkəmizə gətirilməsi bir faktdır. Sabiq baş nazirin digər sahələrdə işləri barədə də məlumat əldə etməyə çalışacağıq.
Qeyd edək ki, bir neçə ay öncə Surət Hüseynovun Gəncədə yaşayan anası dünyasını dəyişib. Sabiq baş nazir anasının yasında iştirak etmək üçün Azərbaycana yalnız bir günlüyə gələ bilib. Mənbə bildirir ki, anasını dəfn edən günün axşamı Surət Hüseynov yenidən ölkədən çıxıb.
Publika.az