Tağıyev niyə yerə endirildi? - Dahi şəxsin heykəli qalmaqal yaratdı

Tağıyev niyə yerə endirildi? - Dahi şəxsin heykəli qalmaqal yaratdı
Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olan heykəli ilə bağlı ziddiyyətli fikirlər səslənir. Heykəlin ölçüsü, məkanı insanlar arasında birmənalı qarşılanmayıb. Üstəlik dünən heykəlin zədələnməsi, təsbeh hissəsinin qırılması bu müzakirələri bir qədər də intensivləşdirdi.

Böyük şəxsiyyətin heykəlinin başqa dahi şəxsiyyətlərin heykəlinə nisbətən kiçik olması, səkinin qırağında, yol kənarında, piyadaların gəlib-getdiyi yerdə qoyulması düzgündürmü?
Miq.Az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Aqil Abbas Bakupost.az-a bildirib ki, dünyanın bir çox yerlərində yerdən qoyulan heykəllər var:

"Bunu öz gözümlə görmüşəm. Xanlar Əhmədov Azərbaycanın görkəmli heykəltaraşlarından biridir və ölkəmizdə bir çox heykəllərin müəllifidir. Özünün yanaşma tərzi var və bununla bağlı özü də açıqlama verib. Özüm də gözümlə görmüşəm dünyanın bir çox yerlərində yerdən qoyulan heykəllər var. Xanlar Əhmədov açıqlamasında deyir ki, "xalqın atası, xalqın içində olmalıdır”. Bu məqsədlə heykəli yerdə qoyublar. Heykəlin təsbehinin qırılmasına gəldikdə isə, cahil, axmaq adamlar da var. Yəqin içkili, nəşəli olublar, dəqiq bilmirəm. Onu da istintaq müəyyənləşdirəcək. Artıq heykəlin təsbehi də bərpa olunub. Heykəli qaldırıb yuxarıda da qoysalar, axmaq adam ona orada da ziyan verər. Yəni, o qorumaq məsələsini həll etmir”.

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadənin məsələyə münasibəti belə olub:

"Bildiyim bir şey var ki, heykəl Azərbaycan vətəndaşının adət etmədiyi bir yerdədir. Amma bu uyğundurmu, yaxud uyğun deyilmi, deyə bilmərəm. Çünki misallar gətirə bilərlər ki, dünyanın müxtəlif yerlərində bu cür heykəllər qoyulur. Amma biz sovet tərbiyəsi almış adamlarıq. Həmin dönəmdə də bizim gördüyümüz heykəllər olub ki, onların altlıqları olub və heykəl onun üzərində qoyulub. Eybi yox, qoy bir dənə də belə heykəlimiz olsun. Gərək, hökmən hamısını yuxarılara çıxaraq ki, bizim yox quşların əli çatsın? Ona görə də mən hesab etmirəm ki, bu faciəvi bir şeydir. Adamlar da yavaş-yavaş öyrəşəcəklər. Həmçinin ötən gün heykəlin təsbehi qırılıb. Amma inanmıram ki, kimsə Hacının heykəlinə ziyan vermək kimi bir düşüncədə olsun. Olsa da, milyonda bir adam ola bilər. Bu da yanlış düşüncədir. Hətta ən pis heykələ belə pis münasibət ürəkaçan bir şey deyil. Bilməlisən ki, o heykəl də tarixin bir hissəsidir. Tarixi sevməyə bilərsən, amma təhqir etməyə heç kimin haqqın yoxdur. Hacının da heykəlinə kimsə ya toxunub, ya da təsbeh ona maraqlı gəlib, əl vurub. Görünür, heykəli də yaxşı düzəltməyiblər, bir az ola bilsin ki, keyfiyyətində fərqlər olub və nəticə etibarı ilə özünü belə göstərib. Amma buna cinayət işi açmaq, belə şeylər ayıbdır. Heykəlin təsbehi qırılıb ona cinayət işi açarlar? Adını da qoyublar ictimai əhəmiyyətli mülkə ziyan vurublar. Helə o iki vətəndaşın özünə niyə Hacını söydürürlər? Cərimə edin, çıxıb getsin. Bizim camaatın sevgisi bir az da toxunmaqla mümkündür. Sabah biri Hacının əsasına, medalına, heykəlinə toxunacaq.Biz uzaqdan platonik sevə bilmirik”.

Ağ Partiyanın sədri Tural Abbaslı vurğulayıb ki, H.Z.Tağıyevin insanlarımızın ürəyindəki yerinə və möhtəşəmliyinə bu heykəl uyğun deyil:

"Ümumiyyətlə, heykəlin açılışından sonra ən çox müzakirə olunan məsələlərdən biri də məhz budur. Yəni, heykəlin ölçülərinin kiçik olması, xatirə abidəsindən daha çox bulvarda müəllim obrazı kimi qoyulması məsələsi müzakirə olunurdu. Həmin ərazidən bir az aşağıda Sabirin, Nizaminin, bir az irəlidə Füzulinin möhtəşəm və böyük heykəlləri var. İçərişəhər ətrafında qoyulması məntiqlidir. Çünki əsasən H.Z. Tağıyevin tikdirdiyi binalar bu ətrafdadır. Amma düşünürəm ki, konsepsiya bir az uğursuz olub. Düzdür, arada qoyulmasının bir üstünlüyü odur ki, insanlar foto çəkdirə bilirlər. Lakin hər bir halda , H.Z.Tağıyevin insanlarımızın ürəyindəki yerinə və möhtəşəmliyinə bu heykəl uyğun deyil. H.Z.Tağıyevin Azərbaycan və Bakı üçün elədiyi fədakarlıqları hamımız bilirik. Bu heykəl insanların öz qəlblərində ucaltdığı heykələ adekvat deyil. Ona görə də düşünürəm ki, bu konsepsiyaya yenidən baxmaq olar. Möhtəşəm heykəl qoya bilməməyin səbəbi kimi həmin ərazidə yer sıxlığı göstərilə bilər, amma İçərişəhərdə olmasın, bir az məsafədə Qış parkında, Mərkəzi Park ərazisində də böyük abidə qoymaq olar. Düşünürəm ki, xalqın fəxr elədiyi insanları adına uyğun yaşatmalıyıq. Hakimiyyət bir daha bu məsələyə qayıtmalı və xalqın müəyyən narazılıqlarını nəzərə almalıdır. Hökumət bu narazılıqları nəzərə alsa özünə divident qazanacaq”.
 
Miq.Az
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az