Təbriklər, Professor!

Təbriklər, Professor!
 Aydın Canıyev

- Bu gün görkəmli hüququşünas İlham Rəhimovun ad günüdür -

Azərbaycan sərvətpərəst ölkədi, sərvətiylə qürur duyan ölkədi, amma və eyni zamanda həm də sərvətiylə qəddarcasına rəftar edən ölkədi - istər dövlət miqyasında, istərsə də xalq səviyyəsində.
Azərbaycanın maddi-mənəvi sərvətləri tükənməzliyi sarıdan həmişə cəlbedici olub və bu bir az həm də narahatlıq yaradıb - qəsbkarlıq, yiyələnmə iddiası baxımından deyirəm.
Azərbaycanın intellektual sərvətləri, insan kapitalı da kifayət qədər olub, var və olacaq. Ancaq narahatlıq yaradan ilk baxışda elə bu intellektual sərvətlərə düşmənin yox, özümüzün laqeydliyimizdi.

Başqa xalqların timsalında nümunə gətirmək istəyirəm. Deməli, 1997-ci ildə ilk dəfə Moskvada jurnalistlik fəaliyyətinə qərar verəndə həmyerlim Elşad Ramazanov məni ədəbi, ictimai-siyasi mühitlə tanış etmək üçün müxtəlif tədbirlərə aparırdı, baxmayaraq ki, tamam ayrı sahənin adamıydı. Təsəvvür edin ki, bu yaxınlarda rəhmətə getmiş Heydər Camalla, tanınmış şahmatçı Sərxan Quliyevlə, Azərbaycan məktəbinin müəllimləri ilə, rus qəzetlərindən əksər müxbirlərlə o məni tanış edib. Belə tədbirlərin birində "Russkoye zoloto"nun şefi Aleksey Tarantsevin Amerikada aeroportdaca həbsindən söhbət düşdü. Mətbuatdan bəzi məlumatlarım var idi və sən demə, həmin məclisdə onun dostları da varmış. Hərə bir rəy söyləsə də, uzunmüddətli həbsin qaçılmazlığından danışılsa da, "obıvatel" səviyyəsində və əminliklə fikrimi söylədim: "Amerika rus vətəndaşını aciz, kolbasaya möhtac, növbələrdə ömrünü itirən, bir şüşə arağa həm həyatını uduzan, amma həm də yüz qram araqla müharibəni udan ekzotika kimi təsəvvür edib, amma indi onlar barmağında 600 min dollarlıq üzük, qolunda 1 milyon dollarlıq saat, boynunda kiloluq qızıl zəncir olan rusu görməyi həzm edə bilmirlər. Bu, sadəcə, gömrük bəyannaməsindəki anlaşılmazlıqdır və Tarantsevi buraxacaqlar, rus mətbuatı falçılıqla məşğuldur".
 
Dedim, tədbirdən ayrıldıq, hətta yazı kimi yazıb "Nezavisimaya qazeta"dakı tanışlardan birinə də təqdim etdim ki, imkan və məsləhət olsa, çap etdirərsən. Bir müddət sonra Bakıya qayıtdım və olayı da unutdum. Ancaq üç ay sonra Moskvaya növbəti səfərimdə Elşad bəy mənə dedi ki, Tarantsevin dostları sənin dediyini ona çatdırıblar, təəssüflə bildirib: hayıf ki, o yazını o ərəfədə dərc etdirməyib, onu qızıla tutardım. Zəruri qeyd edim ki, həmin ərəfədə hamı Tarantsevin həbsinə rəml atırdı və Tarantsev çox böyük məbləği girov qoymaq müqabilində azadlığa çıxıb Rusiaya qayıda bildi.
Yəni... vaxtında yazılan yazı milyonlardan üstün, vaxtında deyilməyən söz boş bir zəvzəkləmə.
Misalımın Mustafasını izaha keçirəm.

Bir İlham Rəhimovumuz var. Vladimir Vladimiroviç Putin Rusiya Federasiyasına prezident seçilən kimi jurnalistlərlə müsahibəsində haqqında belə demişdi: "Mən İlham Rəhimovun timsalında Azərbaycanı sevirəm".

Elə buradaca bir xaric notu əlavə edim: Rusiyada həddən artıq varlı azərbaycanlı çoxdu və onların vecinə də deyil, Yaftıməlinin puluyla sayt redaktorluğu, Məhdimqulunun puluyla partiya sədrliyi, Şəkərəlinin hesabına siyasət sinifkomluğu yapanlar burada onlar haqqında nə yazırlar, nə deyirlər, hara bağlayırlar, hara işlədirlər və s. və ilaxır. Çünki Azərbaycana bağlı deyillər!

Amma və lakin İlham Rəhimov Azərbaycana bağlıdı! Və heç kim də özünü ağıllı yerinə qoyub düşünmək istəmir ki, Vladimir Putinin öz tələbə yoldaşı haqqındakı o fikir tarix və Azərbaycan xalqı üçün dəyərli olsa da, İlham Rəhimovun özü üçün təhlükə, "ruslara baxışını dəyişə bilməyən amerikanbaşlar" üçün söz konusudur.
Mən təxminən 10 ildir ki, bu münasibətin şahidiyəm: sanki İlham Rəhimov günah edib məhz Putinlə eyni vaxtda oxuyub, onunla dostlaşıb, sanki İlham Rəhimov Azərbaycan xalqının əzablarının baiskarıdır ki, Putin onu özünə dost seçib, sanki dünya dünyanın hegemon dövlətinin prezidenti ilə dost olan azərbaycanlıya görə Qarabağı qaytarmır ki, İlham Rəhimovla Putin dost olmasın!
Və... bütün bunları yazan-pozan bizimkilərdir!

Zeynalabdin Tağıyevi, Musa Nağıyevi olan xalq İlham Rəhimovu və eyni zamanda həm də üzdə olmaq bir yana, Azərbaycana bağlı olan biznesmenləri görmək istəmir!!!
Faciə budur: azərbaycanlı azərbaycanlını varlı görmək istəmir, dünya çapında olanda həzm eləmir!
25 ildi Azərbaycan mətbuatı Kremli məhz hansısa şamaxılı Kərəməlinin tikdiyini dünyaya olmasa da, özündə yeritsə də, İlham Rəhimova qarşı kompromatla çıxış edir: "get Kremlin yanında binanı tik!" Bunu deyən oğlanın nəvəsi-nəticəsi, eli-obası yüz il sonra fəxrlə deyəcək, yeritmək istəyəcək ki, bəli, Kremlin böyründəki o binanı tovuzlu İlham Rəhimov tikib!
Amma və lakin indi... danışanda ağzından vurmaq üçün kompromata çevrilib!
Budur sərvətlərimizə münasibətimiz!
Adı Telman İsmayılovun olan "Çərkəz bazarı"nda dominantlıq bir az da keçsəydi, taciklərin əlində olacaqdı, darmadağın edilən o bazarın alternativi olmasa da, hər halda müəyyən dərcədə azərbaycanlıların sığınması üçün gərəkən "Sadovod" bazarında İlham Rəhimovun pay sahibi olmasını daha variant qalmayıb ki, xəyanət kimi təqdim etməsinlər - erməni asqırır, yazırlar, tacik fınxırır, yazırlar, özbək-qırğız nas çəkir, yazırlar, gürcü qusur, yazırlar, moldavan üstünü batırır, yazırlar: "İlham Rəhimovun şərik olduğu "Sadovod bazarı"nda ..."!
Ölü bir şirkətin təmsilçisidi, aldığı maaş bilinmir, villaları, holdinqləri, vəzifədə qohumları, səhərdən-axşama İlham Rəhimovun olan və olmayan obyektlərini axtarır Azərbaycanda, şəxsi həyatına burun soxur, ailə düzəni diqtə edir!
Adam, nə əldə edibsə, bunu məlum səbəbə edib, sənə nə? Bir barmağını İlham Rəhimova uzadanda fərqinə var ki, üç barmağın sənə tərəf qatlanır!
Və mən doğrudan da heyrət edirəm: nə əcəb bu muzdlu mətbuatın "xaç ataları" killerlərinə bu tip adamların diqtəsi ilə yazdırmır ki, İlham Rəhimov güllələnsin! Çünki Azərbaycanın siyasi praktikasında olub belə şeylər!!!
Bu ölkədə ancaq və ancaq kiminsə dostu olmaq olar!  Ya da Leonid İliç Brejnevin icazəsi ilə Fransa prezidenti ilə, o da gərək partizan olasan, özü də məhz Əhmədiyyə Cəbrayılov kimi!
Eramızdan əvvəl 21-ci minilliyin Afrika qəbilə təfəkkürü! 21-ci əsrdə yaşayır, özünün, xalqına tövsiyə etdiyi münasibətinə bax!
Maraqlı olanı budur: ən murdar təşbehləri tapır və unudur ki, bir vaxtlar Moskvada azərbaycanlılar evdən çıxıb çörək almaq üçün püşk atırdılar. Püşk kimə düşsəydi, o gedərdi çörək almağa. Bu durumu yaradan nazirin işdən uzaqlaşdırılması məhz İlham Rəhimovun xidmətiydi!
Türkiyə ilə Menderesdən sonra uzun illər Rusiyanın olmayan münasibətinin bərpasında müstəsna xidmətlərini hətta rus mətbuatı yazdı, bizimkilər aparıb caladılar hansısa otelə, inşaat.ltd-yə!
Qardaşım, soydaşım, haçan, hansı sərvətinə sahib durub, layiqincə qiymətləndirəcən?!
Kərəməliyə indi sahib çıxırsan!
Mirzə Kazım bəyə indi sahib çıxırsan!
Mehmandarova, Şıxlinskiyə indi dəsmal götürüb ağlayırsan!
Abasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu dəyərləndirməmiş təzədən başlamısan lənətləməyə!
Nə istəyirsən, əzizim?
Neyləsinlər?
Dünyanın hər dönəm öz diqtələri olub!

Dünən "Buran" kosmik gəmisinin konstruktoru Füzuli Fərəcovu qiymətləndirdin ki, bu gün İlham Rəhimova dəyər verəsən? Moskvada evini, vəzifəsini - zavod rəhbərliyini təhvil verib, gəlib Azərbaycana xidmət ertmək istəyən Füzuli Fərəcovu az qala top-tüfənglə seçkidən uzaqlaşdırdınız! Əvəzində seçdiyiniz deputata baxın...
Bu gün İlham Rəhimovu kəndinə yol çəkməməkdə ittiham edirsiniz - deputat seçilmək üçün kəndə yol çəkəndən, məktəb tikdirəndən sonra iddia etmək olar? Bəs regionların sosial-iqtisadi inkişafına iki proqramla ayrılan pullar nooldu? Bəs hər dəfə cənab Prezidentin yolların çəkilməsi üçün örtülü ödənəkdən ayırdığı pullar nooldu? Kefi çəksin Qəzənfər, cəriməni versin Müzəffər?
Bircə dəfə cəhd edib verdiyi namizədliyini geri götürdü! Könüllü!
Nə Moskvada, nə Bakıda heç bir işdə işləmir!
Day neyləsin ki, narahat olmayasınız varlığından, kiminləsə dostluğundan, biznesmenliyindən?
Bəli, adam biznesmendir!
Amma həm də ilk növbədə alimdir.
Hüququn ən sanballı bölümü üzrə monoqrafiyalar yazır, kitablarını çap edir,  dünya biznesmenliyini gözə almır, ortaya qoyduğu sanballı əsərlərə dəyər verir. Ən son uğur Bolqarıstan alimlərinin təşəbbüsüdü - Qara dəniz və Xəzər dənizi ölkələrinin hüquqşünaslarının birliyi.
Utanmadan da yazdığı elmi işləri plagiat adlandırmağa da cəsarət edirsiniz - bu həyanı, bu soydaş nifrətini hansı anadan əmdiyiniz südlə əxz edibsiniz!?
Yüzlərlə, minlərlə xeyriyyəçi addımı var ki, siyasi səbəblər bir yana, ictimai səbəblərdən istəmir reklam olunsun - çünki yardım etdikləri xəcalətdə və sıxıntıda qalmasınlar deyə. Əlil olanı var, ürək xəstəsi olanı var, xaricdə ali təhsil alanı var, yardım etdiyi MM üzvü var, mətbuat nümayəndəsi var, nazirlik əməkdaşı, partiya yetkilisi, elm təmsilçisi, türməyə düşüb ailəsi başsız qalan məhbus ailəsi də həmçinin...
Nə hay düşüb?
Və... doğrudan da, Azərbaycanda Amerika gömrükçülərinin nəslindən olan, onların bioloji qohumları sayıla biləcək təbəqəni bir az ayıltmaq lazımdı! Ayılıb bilsinlər ki, Tanrı və Tarix redaktələri qəbul etmir!
Tanrı kimi seçibsə, Tarix də Onu etiraf edir!
Bunun üçün mütləq prezident, nazir, deputat və s və ilaxır olmaq lazım deyil!
Elə professor olmaq da yetər!
Elə yaxşı tələbə yoldaşı olmaq da!
Təbriklər, professor!
Siz cinayət və cəza mövzusunu prioritet seçirsiniz, elmə faydalar verirsiniz, cinayətlərə cəza verilməsinə humanist baxımdan yanaşırsınız, amma cinayətlərin həm də cəzasız qalmasına şahid olursunuz, ancaq bir orası da var ki, bəzən Tanrı da... adamları cinayət üçün seçir!
Sizinlə cəzalanmayacaq adamların düşmənçiliyi Tanrı dərgahında məsuliyyətə hesablanıb!
Onlar Tarixin cinayət səhifəsinə düşəcək qədər böyük deyillər!
 
Şeytanı daşlayın, 66-nı ötürün getsin!
 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az