Tikinti şirkətləri fəhlələrin qanını batırır

Tikinti şirkətləri fəhlələrin qanını batırır

Ölkəmizdə işəgötürənlə işçi arasında əmək münasibətləri düzgün qurulmayıb. Tikinti şirkətləri fəhlələri işə götürərkən onlarla əmək müqaviləsi bağlamır. Bu isə birmənalı olaraq qanunun yerinə yetirilməməsi deməkdir. Hündürmərtəbəli yaşayış komplekslərinin, otellər tikilişində çalışan fəhlələr başlarına gələcək hər hansı bədbəxt hadisədən sığortalanmırlar. Demək olar ki, kütləvi şəkildə bu insanların əmək hüquqları pozulur. Qanun ola-ola ona əməl edilməməsi isə özbaşınalığa gətirib çıxaran amildir. Belə olan təqdirdə şirkət sahibləri işçilərlə necə oldu davranırlar. Bədbəxt hadisələr zamanı onların ailələrinə kompensasiyalar ödənilmir.

İşçilərin əmək hüquqlarının pozulması məsələsinə “Vətəninfo.az”saytına münasibət bildirən Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov hesab edir ki, əmək müqaviləsi bağlamaq o deməkdir ki, işəgötürənlə işçi arasında rəsmi münasibətlər qurulur. “ Deməli, şirkət işçilərə əmək haqqı ödəməlidir, əmək haqqının müqabilində şirkət 22 faiz icbari dövlət sığortası ödəməlidir, işçini bədbəxt hadisə və peşə xəstəliklərindən sığortalamalıdır. Belə olan vəziyyətdə işçinin hüquqları yaranır və onu tələb etməyə başlayır. Bizim şirkətlər bunlara əməl edərsə belə, bunu ikili mühasibatlıq əsasında yerinə yetirir.Yəni faktiki əmək haqqı ilə real əmək haqqı arasında xeyli fərq yaranır”-deyə qeyd edib.

Sahib Məmmədov bildirib ki, bədbəxt hadisələr zamanı işçiylə faktiki əmək müqaviləsi bağlanılıbsa, şirkət müqavilədə göstərilmiş bütün öhdəlikləri yerinə yetirməlidir. “Belə bir müqavilə yoxdusa, zərərçəkən məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Adətən bizdə belə hadisələr baş verərkən şirkətlər xəlvətcə bunu həll etməyə çalışırlar. “Məişət travması” adlandıraraq müalicəsini təmin edirlər. İşçinin ölümü ilə nəticələnəndə isə gizlətməyə çalışırlar. Mümkün olmadıqda isə ya könüllü ya da məcburi qaydada məhkəmə qarşısında cavab verməlidirlər”-deyə əlavə edib.

Onun sözlərinə görə, belə vəziyyətdə işçinin üzərinə də müəyyən öhdəliklər düşür.“Amma bizdə işçi işləməyə məcburdusa və işəgötürəndən əmək müqaviləsi tələb edirsə şirkət ona “xoş getdin” deyir. Belələrinə məsləhətim odur ki, məhkəmə prosesi zamanı əllərində fakt olsun deyə işlədikləri dövrdə orada çalışdıqlarına dair maddi sübutlar toplasınlar. Məsələn, şəkil çəksinlər və.s”-deyə fikrini tamamlayıb.

Ramilə



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az