Tural Abbaslı: “Tələb olmayan yerdə 60 min taksi öz-özünə yarana bilməz axı...”

Tural Abbaslı: “Tələb olmayan yerdə 60 min taksi öz-özünə yarana bilməz axı...”
"Taksilərlə bağlı məsələni inzibati yollarla tənzimləmək olmaz, bu, tələb və təklif məsələsidir. Əgər deyildiyi kimi, Bakıda 60 min taksi fəaliyyət göstərirsə, deməli, ehtiyac var ki, fəaliyyət göstərir. Kim ziyana taksi fəaliyyəti göstərər? Yaxud da tələb olmayan yerdə 60 min taksi öz-özünə yarana bilməz axı. Görünən budur ki, bəzi işbazlar sahəni ələ almaq, monopoliya yaratmaq istəyirlər. Buna görə də müxtəlif bəhanələrlə taksi məsələsini gündəmə gətirirlər...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

O bildirib ki, taksi sahəsində rəqabət var: "Ehtiyac olmayacaqsa, taksilər fəaliyyətini dayandıracaq, əks halda, taksi sayı artacaq. Hər şeyə müdaxilə etmək şərt deyil. Mütləq nəyəsə müdaxilə etmək istəyirlərsə, şəhərdəki tıxacların, nəqliyyatdakı xaosun qarşısını alsınlar, sərnişindaşımadakı keyfiyyətsizliyi aradan qaldırsınlar. Bircə taksi fəaliyyəti var, onu da iki gündən bir "azaldaq, artıraq...” Onsuz da paytaxtda taksilərin qiymətinin qaldırılmasını da bəzi dövlət orqanları təşkil edirlər. Eyni məsafəni Sumqayıtda 1 manata, Bakıda 2 manat 50 qəpiyə gedirsən. Bu, bir az "kasıb taksiyə minməz” təfəkkürünün məhsuludur. Heç kim düşünmür ki, 60 mini 20 minə endirəndə 40 min insanın ailəsi nə edəcək? Birdən-birə 40 min nəfərin iş yerini itirməsi. İnsanlar öz-özlərinə iş yerləri formalaşdırır, buna dəstək olmaq, işlərini yüngülləşdirmək əvəzinə gündə biri çıxıb deyir ki, "taksi sayını azaldaq, ləğv edək...” Bunlar, məncə, yersiz və şəxsi maraqları güdən məsələlərdir. Belə bir şeyə ehtiyac yoxdur”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az