Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar

Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar

İki qardaş ölkə arasında möhkəm əlaqələr dünya ölkələri üçün milli birlik nümunəsinə çevrilib

«Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən meyillər olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir». Bu açıqlama ilə Azərbaycanın iqtidar partiyası Yeni Azərbayacn Partiyasının Siyasi Şura üzvü Aydın Hüseynov səsləndirib. Onun sözlərinə görə, Müstəqilliyin ilk illərindən Azərbaycana dayaq olan qardaş ölkə ilə sıx münasibətlərin inkişaf etdirilməsi bölgədə ən nəhəng layihələrin reallaşmasına səbəb olub: «Ulu öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsinin, uzaqgörənliyinin, eyni zamanda, Süleyman Dəmirəlin birgə həmrəyliyinin təntənəsi olaraq hər iki ölkə gələcək inkişafı təmin edəcək, bölgənin sıx əməkdaşlıq dəhlizinə çevrilməsinə səbəb olacaq ən strateji layihələrin əsası qoyulub, yeni layihələrə dərin baza yaradıb. Ümummilli liderin gərgin əməyinin nəticəsi olaraq regionda ən geniş təhlükəsizlik şəbəkəsi sisteminin dayağı olan Bakı-Tbilisi-Ceyhan kəmərəinin əsası qoyulub, Bakı-Tbilisi-Ərzurum layihəsinin gerçəkləşməsi üçün ciddi addımlar atılıb. Bu və digər strateji layihələr sonrakı illər hər iki ölkənin siyasi-iqtisadi-mənəvi bağlantılarını gücləndirməklə yanaşı, bütün türkjilli dövlətlərin sıx inteqrsaiyasına zəmin yaradıb».

O, həmçinin əlavə edib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri keyfiyyət və dinamizm baxımından dərinləşib və bu tendensiya ən strateji platformanın formalaşmasını ehtiva edir. Prezident İlham Əliyev bildirib ki, dost və qardaş ölkə olan Türkiyə ilə ikitərəfli münasibətlərin bütün sahələri bir daha nəzərdən keçirilib və qarşıdakı dövrdə əməkdaşlığın ən yüksək səviyyədə pozitiv inkişafı üçün birgə addımların atılması ilə bağlı təşəbbüslərin sürətləndirilməsi qərara alınıb: «Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, iki qardaş ölkə arasında qırılmaz tellərin, milli ənənələrin mövcudluğu inkişafın davamlı olmasına əlverişli zəmin yaradır. Bu ənənələr, prinsiplər gələcəkdə də davam edərək daha da möhkəmlənəcək. R.T.Ərdoğan Türkiyə və Azərbaycanı ayrılmaz iki qardaş adlandıraraq “Bizlər bir ailənin iki üzvüyük” deyib: “Biz bir-birimizə güc verməklə gələcəyini hazırlayan iki ölkəyik. Bu gün Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri dünya ölkələri üçün bir örnəyə, milli birlik nümunəsinə çevrilib».

A.Hüseynovun sözlərinə görə, Türkiyə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması üçün səylərini də gücləndirmək niyyətindədir: «Qeyd edək ki, ölkələr arasında ticarət dövriyyəsi 2 milyard dollardan artıqdır və Türkiyə bu rəqəmi ən azı 4 milyard dollara çatdırmaq istəyir. Türkiyə Azərbaycanın neft, qaz, energetika, yüngül və yeyinti sənayesi, maşınqayırma, kənd təsərrüfatı, lizinq, sığorta, xidmət, emal, turizm və digər bölmələrində ən iri sərmayəçiləri ilə seçilir. Aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində iki dost ölkə arasında investisiya və ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində bir sıra sazişlər imzalanıb, iqtisadi əlaqələr davamlı sürətdə inkişaf edib. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. ABŞ dolları, SOCAR və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. ABŞ dolları təşkil edir. 2018-ci ilədək təkcə SOCAR-ın Türkiyədə investisiyalarının 17 mlrd. ABŞ dolları təşkil edəcəyi gözlənilir». A.Hüseynov əlavə edib ki, hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1100-dən çox şirkət, Türkiyədə isə 1000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir: «Türkiyədə çalışan azərbaycanlı iş adamlarını bir qurumda birləşdirməklə, biznesə dair məsələlərin daha operativ həllində, birlik üzvlərinin tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində, yeni biznes əlaqələrinin qurulmasında, informasiya mübadiləsində onlara dəstək göstərilməsi məqsədilə Azərbaycanlı İş Adamları Birliyi yaradılıb. Ümumiyyətlə, Azərbaycanın iqtisadiyyatı Türkiyə üçün geniş əhatə dairəsinə görə necə açıqdırsa, qardaş ölkənin sərmayə bazarında və iqtisadi strukturlarında respublikamızın investorlarına bir o qədər “yaşıl işıq” yandırılıb. Türkiyənin sərmayə bazarında indi ən iri sərmayəçilərdən biri məhz Azərbaycandar. Azərbaycan son bir ildə qardaş ölkəyə yönəltdiyi investisiyaların həcminə görə bir sıra ölkələri qabaqlamaqdadır. Türkiyənin ən nəhəng kimya kompleksi olan “Petkim”in səhmlərinin alınması, “Tekfen” şirkəti ilə səhmlərin alqı-satqısına dair sazişin imzalanması Azərbaycanın Türkiyədə ən böyük potensial investor kimi qüdrətinin artmasının nümunəsidir. Ümumilikdə iki ölkə arasında nəzərdə tutulan uzunmüddətli əməkdaşlıq proqramlarının icrası yaxın gələcəkdə həm Türkiyənin, həm də Azərbaycanın dünya iqtisadiyyatında aparıcı yer tutmasına stimul verir».

Yaxın 4-5 ildə Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılmasının əsas hədəflərdən olduğunu önə çəkən iqtilar parntiyasının rəsmisi iki qardaş ölkənin həmişə uğurla əməkdaşlıq etdiyini və qarşıda duran bütün çağırışlara, bütün vəzifələrə birgə münasibət göstərdiklərini bəyan edib: «2011-ci ilin sonlarında İzmir şəhərində Əməkdaşlıq Şurasının ilk toplantıs keçirilib və tədbirdə qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.Şura iki ölkə arasındakı əlaqələrin inkişafına yeni stimul verib, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoymasına səbəb olub. Şuranın 1-ci iclasında Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alğı-satqısına dair sazişlər imzalanıb. Beləlıklə, Azərbaycan-Türkiyə strateji münasibətləri ən yüksək səviyyəy çatıb, bütövlükdə regionun inkişafına və türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə stimul verib». A.Hüseynov onu da bildirib ki, Türkiyə və Azərbaycanın Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi ilə bağlı imzaladığı tarixi saziş isə çox mühüm iqtisadi və siyasi hadisə sayıla bilər. Dünya dövlətləri iki qardaş ölkənin böyük qətiyyət nümayiş etdirərək əsrin ən nəhəng tranzit sazişlərindən birini imzalamasını təkcə, bu regionun ölkələrinin enerji təhlükəsizliyi üçün deyil, ümumilikdə, bütün Avropa və Qərb üçün starteji əhəmiyyətə malik trans-kommunikasiya şəbəkəsi sistemi kimi qiymətləndirdilər. Məlum olduğu kimi sazişin imzalanmasından sonra ABŞ hökuməti Azərbaycanın müəllifi olduğu enerji marşrutlarının sırasının daha da genişlənməsini xüsusilə təqdireədən bir bəyanatla çıxış etdi. ABŞ dövlət katibi Hillari Klinton Türkiyə və Azərbaycan arasında imzalanmış qaz tranzitinə dair sazişi alqışlayaraq nəql olunacaq yanacağın bölgədə geniş əməkdaşlıq formatının güclənməsinə, təhlükəsizlik şəbəkələri sisteminin möhkəmlənməsinə səbəb olacağını diqqətə çatdırdı. TANAP layihəsi Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz bir formada inkişafını möhkəmləndirməklə, qarşıdakı illərdə regionda iki qardaş ölkənin timsalında güc mərkəzinin yaranacığını ehtiva edir».

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az