Universitet rektoru imtahada 100 bal toplayan tələbələrə pul mükafatı verir
Azərbaycan Dövlət Aqrar Universitetində 2014/2015-ci tədris ilinin
yekunlarına həsr olunan elmi şuranın geniş iclası keçirilib.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, şuranın iclasında hesabat dövründə universitedə
görülmüş işlər və imtahan sessiyasının nəticələri müzakirə edilib,
müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov
çıxış edərək, müxtəlif məsələlərdən danışıb. Rektor Təhsil Nazirliyinin
layihəsi əsasında həyata keçirilmiş sorğunun nəticələrinə əsasən
universitetin Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında
1-ci və respublika ali təhsil müəssisələri arasında 7-ci yeri
tutmasını, tələbələrdən ibarət ENACTUS komandasının 30-31 may
tarixlərində Bakıda keçirilmiş tələbələrin azad sahibkarlıq fəaliyyəti
proqramı üzrə X milli çempionatda qalib olmasını və Cənubi Afiika
Respublikasında keçiriləcək beynəlxalq çempionatda ölkəmizi təmsil etmək
hüququnu qazanmasını, 23-24 aprel tarixlərində Serbiyada keçirilmiş
Qara dəniz regionu ölkələrindən olan rektorların 11-ci konfrasının
sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Asambleyasının
qərarına əsasən universitetin bu təşkilata üzv qəbul olunmasını,
"Azərbaycan Universitetləri" facebook səhifəsi tərəfindən keçirilən
2014/2015-ci il tədris ilinin "ən yaxşı universitet" sosial sorğusunda
Azərbaycan Dövlət Aqrar Universitetinin 1-ci, "ən yaxşı rektor”
sorğusunda universitet rektorunun 2-ci yeri tutmasını və digər
naliyyətləri həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi kimi
qiymətləndirib.
İmtahan sessiyasının nəticələri barədə
məruzə edən universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov
2014/2015-ci tədris ilinin yay və qış imtahan sessiyasının nəticələrini
müqayisəli şəkildə təqdim edib. O, qeyd edib ki, universitet rektorunun
təşəbbüsü və dəstəyi ilə 2014/2015-ci tədris ilinin payız semestrinin
imtahan sessiyasını əla qiymətlərlə başa vuran tələbələrin "2
fevral–Azərbaycan gəncləri günü” münasibəti ilə yeddi gün müddətində Qax
və Zaqatala rayonlarının istirahət mərkəzlərinə qış tətilinə
göndərilmələri, 100 bal toplayan tələbələrə pul mükafatlarının və
hədiyyələrin verilməsi imtahan sessiyasının nəticələrinə öz müsbət
təsirini göstərib, əlaçı tələbələrin sayı əhəmiyyətli dərəcədə artıbr.
Tədbirin
sonunda "ən yaxşı fakültə”, "ən yaxşı kafedra”, "ən yaxşı şöbə”, "ən
yaxşı kitab müəllifi”, "ən yaxşı texniki işçi”, "ən yaxşı məqalə” və
"ilin tələbəsi” nominasiyaları üzrə qaliblərə mükafatlar verilib.
Mükafatlar aşağıdakı kimi olub:
Ən yaxşı fakültə-aqrobiznes və idarəetmə fakültəsi- 1 (bir) ədəd LCD televizor
Ən yaxşı kafedra-biologiya kafedrası-1(bir) ədəd proyektor
Ən yaxşı müəllim-mühasibat uçotu və audit kafedrasının müəllimi İsa Şəfiyev- 200 manat
Ən yaxşı şöbə-tələbə şöbəsi-200 manat
Ən yaxşı texniki işçi-baytarlıq təbabəti və zoomühənsidlik fakültəsinin işçisi Gülnar Məhərrəmli-100 manat
Ən yaxşı məqalə-aqronomluq fakültəsinin əməkdaşları Vidadi Səmədov (200 manat) və Nəzakət İsmayılzadə (200 manat)
İlin tələbəsi-aqronomluq fakültəsinin tələbəsi Aişə Novruzova-150 manat
Ən
yaxşı kitab müəllifləri-Xocalı soyqırımı kitabının müəllifləri: Azad
Bayramov, Sevda Abdullayeva və Zümrüd Qəhrəmanova-hər bir müəllif üçün
100 manat.