Müsahibimiz Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Müəllim sözü” qəzetinin baş redaktoru,yazıçı-jurnalist Vahid Aslandır.
- Vahid bəy, bu günlərdə AYB-nin “Natəvan” klubunda yenicə çap olunan iki kitabınızın təqdimat mərasimi keçirildi. Bu kitablar nədən bəhs edir?
- Qeyd etdiyiniz kimi, mart ayının 14-də “Natəvan” klubunda növbəti iki kitabım ədəbi mühitə təqdim edildi. Təqdimat mərasiminə qələm dostlarım, müəllimlər, tələbə-gənclər, yaradıcılığımı izləyən sadiq oxucularım, eləcə də televiziya və media nümayandələri də gəlmişdilər. Xüsusən, MM-in deputatı, şair Musa Urudun və ombudsman Elmira xanım Süleymanovanın tədbirdə iştirakı ürəyimcə oldu. Bəri başdan tədbirdə iştirak edən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. O ki qaldı sualınızın ikinci hissəsinə, kitabların nədən bəhs etməsinə, bu haqda istərdim bir qədər ətraflı məlumat verim. “Əkiz ruhlar” adlı kitabımın redaktoru xalq şairi Nəriman Həsənzadə, ön sözün yazarı isə tanınmış filoloq, professor Maarifə Hacıyevadır. Bu kitab Nizami Aydının və Federiko Lorkanın həmişəyaşar və əkiz ruhlarına ithaf olunub. Kitabda eyni zamanda şəhid şair Nizami Aydına həsr olunmuş “Nizami Aydın” poeması da yer alıb. Maarifə Hacıyevanın təbirincə desək, bu poema Nizami Aydına həsr olunmuş bioqrafik poema, eləcə də torpaqlarının müdafiəsi uğrunda şəhid olan bir qəhrəmanın həyat hekayəsidir. Təqdim olunan digər kitabım isə “Riyaziyyat və Poeziya” adlanır. Bu kitabın redaktoru filologiya elmləri doktoru Həcər Hüseynova, ön sözün müəllifi isə tanınmış şair İlyas Tapdıqdır. Bu kitab həm də orta məktəblərdə riyaziyyat fənni ilə bağlı əyləncəli tədbirlərin keçirilməsinə yardım məqsədilə yazılmış metodik vəsaitdir. Burada müxtəlif riyazi anlayışların dialoqları şəklində poetik dildə yazılmış 23 səhnəcik təsvir olunub.
- Vahid bəy, dediniz ki, “Əkiz ruhlar” kitabı Nizami Aydının və Federiko Lorkanın əkiz ruhlarına ithaf olunub. Bəlkə bu haqda bir qədər məlumat verəsiniz?
- Əvvəla, onu qeyd edim ki, bu heç də təsadüfdən ağlıma gələn bir fikir deyil. Bu, nakam taleli iki şairin – Nizaminin və Lorkanın şair ruhlarının yanan alov dilləri kimi birləşməsidir. Və bu müqəddəs anın poemada poetik şəklini oxucuya təqdim etmişəm. Hər iki şair 31 yaşında həyata vəda edib, onlar ikisi də şeirlərində öncədən ölümlərini və nakam talelərini görüblər. Qəribə də olsa, Nizami üzünü görmədiyi bir İspan şairinin - Lorkanın əl boyda kitabını ürəyinə yaxın yerdə - cibində gəzdirirdi və Lorkanın şeirlərini dərk etməyin xətrinə ispancanı gecəsini gündüzünə qatıb öyrənə bilmişdi.
- Açığını desəm, əksəriyyət bu gün də Nizami Aydını doğru-dürüst tanımır. Nizami Aydın kim olub?
- Nizami Aydın 1961-ci ildə Gəncə şəhərində anadan olub. Gəncədə Pedaqoji İnstitutun riyaziyyat fakültəsini başa vurub. Mən onunla ilk dəfə 1989-cu ildə Gəncədə Qərib Mehdinin rəhbərlik etdiyi “İlham” ədəbi birliyində tanış olmuşam. O zamanlar mən də Pedaqoji İnstitutun riyaziyyat fakültəsində təhsil alırdım. Ədəbi birliyə gələndə artıq orada püxtələşmiş, nüfuzlu şairlər var idi ki, onlardan biri də Nizami idi. O, özünə AYDIN təxəllüsünü götürmüşdü ki, bu da onun yaradıcılığı ilə şəxsiyyətini tam ifadə edirdi. 1990-cı ilin qara yanvar günlərində Nizami çoxlarımız kimi oturub yalnız ağlamadı, “Qorbaçova şeir” ünvanladı və bu şeiri milyonlarla azərbaycanlının haqq səsi kimi teleqramma şəklində Moskvaya Kremlə göndərdi. O, heç bir zaman bir çoxları kimi yalandan “Ay Vətən” deyə çığırıb-bağırmazdı. O, vətən sevgisini, vətən yanğısını sakitcə ürəyində daşıyardı. Beləcə, 1992-ci ilin mayında eşitdik ki, Nizami artıq döyüş bölgəsindədir. Hətta onun işlədiyi 18 saylı məktəbdə dərsləri boş keçəndə bilmişdilər ki, Nizami könüllü cəbhəyə yollanıb. 1992-ci ilin 15 iyununda Sırxavəndə gedən qeyri-bərabər və qanlı döyüşlərin birində Nizami “Tərlan” adı verdiyi tankında yanıb kül olmaq bahasına 40 nəfərə yaxın Azərbaycan əsgərinin həyatını xilas edə bildi. Mən “Nizami Aydın” poemasını yazarkən bir sıra arxiv materialları və sənədlərlə, eləcə də Nizaminin döyüş dostları ilə görüşdüm. Aldığım məlumtlar əsasında bir qəhrəman, şəhid şair haqqında sənədli bir poema (film poema) yazılmış oldu.
- Poemada belə bir döyüş səhnəsi var ki, yaralanıb əsir düşən bir erməni əsgərini Nofəl öldürmək istəyərkən Nizami ona qəzəblənir və düşmən də olsa ermənini öldürməyə imkan vermir...
- Bu doğrudan da olmuş bir hadisədir. Onu Nizaminin döyüş dostları danışdılar. Bilirsiniz, Nizami təpədən-dırnağa Tanrı vergisi ilə süslənmiş istedadlı bir şair idi. Onun şair duyğuları ilə müharibə, ölüm, öldürmək, məhv etmək kimi anlayışlar uzlaşa bilməzdi və Nizami də bir şair olaraq çaşıb qalmışdı. Elə yaralı düşməni ölümün cəngindən qurtarması da Nizaminin şair xislətindən irəli gəlirdi. Əslində, bu insani xislət türklərə məxsus olan xislətdir və xüsusən də azərbaycanlıların qaniçən olmaları haqqında bir çoxlarının uydurmalarına tutarlı cavabdır.
- Istərdim bir qədər də ədəbi mühitin, xüsusən də tənqidçilərin sizin yaradıcılığınıza münasibətindən danışasınız?
- Əslində, bu sualı tənqidçilərə ünvanlasanız daha doğru olardı. O ki qaldı mənim cavabıma, bu haqda mən son dərəcə narahat və narazıyam. Indiyədək nəşr olunan 7 kitabımda nədən və necə yazdığımı bir yazar olaraq vaxtlı-vaxtında ədəbi mühitə təqdim etmişəm. AYB-in ədəbi orqanlarında yetərincə olmasa da, çap olunuram. Etiraf edim ki, seyrək çap olunmağımda özümün də günahım var. Belə ki, bildiyiniz kimi “Müəllim sözü” qəzetinin də baş redaktoruyam və bu sahə də bir xeyli vaxtımı əlimdən alır. Eləcə də müəllimlik fəaliyyətim... tənqidçilər məsələsinə gəldikdə isə, hər bir zaman şeirlərim haqqında tərifli sözlər deyən “TƏNQİDÇİ DOSTLARIM” nədənsə mənim haqqımda həlledici məqamlarda susurlar. Mən xüsusən də Əsəd Cahangiri və Vaqif Yusiflini nəzərdə tuturam. Heç onlar Nizami Aydına həsr etdiyim kitabımın təqdimatına da gəlməmişdilər. Bu da onların bir tənqidçi kimi mənim yaradıcılığıma qarşı qərəzli və qeyri-obyektiv mövqedə olmalarından xəbər verir. Vicdanlı və obyektiv tənqidçi torpaqlarının müdafiəsi uğrunda yanıb kül olan bir şairdən bəhs edən tədbirdə iştirak etməli idi. Halbuki, adıçəkilən tənqidçilər istedadı olmayan bir sıra “şair” və “yazıçı” haqqında o qədər tərifli sözlər yazıblar ki...
- Vahid bəy, daha hansı kitablarınız gözlənilir?
- Açığını desəm, hələ ki, çap olunmayan yazılarım çoxdur və onlar bəlkə də 5-6 kitabın materialı ola bilər. Daha bir şəhid haqqında poemam var. Onu da adını bilmədiyim növbəti kitabıma daxil edəcəyəm. Ümumiyyətlə, torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımız haqqında daha çox yazmaq arzusundayam. Elə qələm dostlarımı da bu sahədə daha çox yazmağa səsləyirəm. Indi biz daha çox xalqımızın şərəfli tarixini, əsl qəhrəmanlarını özünün ruh daşıyıcısına çevirən əsərlər yaratmalıyıq. Bu yolda bizlər həm də Nizami Aydının özündən sonra miras qoyub getdiyi yolun yolçularına çevrilməliyik.
Söhbətləşdi: Elnur Eltürk