Varlığından sevinən analar varsa...
Aydın Canıyev
və yaxud görmədiyim, tanımadığım Cavanşir Feyziyevin portreti
35 illik jurnalistlik fəaliyyəti dönəmində zamanın və dönəmin qəhrəmanlarını çox görmüşəm, müşahidə və mühakimə qabiliyyəti imkan verib ki, təhlillərimdə, dəyərlərimdə yanılmayım! İkinci Qarabağ Savaşı müxtəlif sahələrin - həmkarlarımla yanaşı, ədəbi mühitin nümayəndələrini, icra hakimiyyəti və qanunvericilik təmsilçilərinin bir neçəsini mənə doğmalaşdırdı: ölkədə olan və olmayan soydaşlarımla qürur duydum, nə qədər ki, İlham Tumasla, Taleh Şahsuvarovla, Nəsimi Şərəfxanlı ilə, Aqil Alışovla, Emin Piriylə, Aqil Abbasla, o qədər də... Qənirə Paşayeva, İqbal Məmmədov və Cavanşir Feyziyevlə!
Maraqlıdır ki, həm Qənirə Paşayeva, həm də İqbal Məmmədov haqqında yazılar onların ad günü ərəfəsinə düşdü, Aqil Abbasdan yazını bilə-bilə 1 aprelə saxlamışam, amma Cavanşir Feyziyevlə bağlı... bugünlərdə əldə etdiyim faktlar həvəsləndirdi indidən! Və bu yazıda mən Cavanşir Feyziyevi 44 günlük savaş dönəmində ölkədə və ölkədən kənarda vətənpərvərlik adına qazilərimiz – şəhidlərimiz, yaralılarımız, əsgərlərimiz üçün etdiklərinin yox, bildiyim faktlar üstündə təqdim edəcəm. Niyəsi bu ki...
Cavanşir Feyziyev bu ölkədə az, hətta lap çox az o deputatlardandır ki, hökümətin marağında olub deputat olmağı, özünün yox!
Cavanşir Feyziyev bu ölkədə az, hətta lap çox az o deputatlardandır ki, özü haqqında ən yaxşı və ləyaqətli sözü elə... özü deyib: tərcümeyi-halına diqqət yetirmək bəs edir!
Cavanşir Feyziyev bu ölkədə az, hətta lap çox az o deputatlardandır ki, sonda ondan hamı razı qalıb və ondan razı qalanları da belə təsnifatlandırmaq olar: əvvəl (və əvvəldən) "narazı” olub, sonradan "razı” olanlar – yəni buracan yeri var, day o biriləri, məsələn, Siyavuş Novruzov, Hadı Rəcəbli kimi elə əvvəldən narazı oldunsa, axıracan da narazı qalırsan, adamların razı qalmağına görə "ilkin tibbi yardım” adıyla heç nəyə yaramırlar "yaralı barmağa”, əvvəldən razı olub axıracan razı olanlar, bir də tanıyanda razı, arada narazı, axırda yenə də "Cavanşir müəllimi verənə şükür” deyib, əlini ağzına təpən razılar!
Açığı da Cavanşir Feyziyevi "əvvəl (və əvvəldən) narazı olub sonra razı olanlar”ın sayəsində tanımışam!
Bu adamların içində həqiqi mənada patriot olanlar da olub, öz iradlarında özlərini haqlı sayanlar da olub, tanıyandan və "tanıyandan” sonra razı qalıblar, onların razılığını peşələrindən irəli gələn rəmllər də saymaq olar, amma o tiplərin içində təmənnalı-umacaqlı o qədər "narazı”lara rast gəlinib ki, Cavanşir Feyziyevdən "narazılıq” da ifadə edəndə ikrah yaranıb, "razılıq” ifadə edəndə də!
Bu tip "narazı razılar” vicdan məsələsi – nə oxucunu-seçicini ilgiləndirir, nə də elə Cavanşir Feyziyevin özünü.
Əvvəldən axıracan razı olanlar da sağ olsun – qaraya ağ deməyiblər ki!? Adamı əvvəldən tanıyıblar və razı qalıblar!
Əvvəldə razı, ortada narazı, axırda yenə razıları allah qorusun – nə qədər olmasa da, genlərində-qanlarında çörəkitirməzlik var.
Niyə bu razı-narazı məsələsinə ekskurs etdim, deyim: çünki ondan narazılıq ediləndə də, razılıq ediləndə də həyatda heç vaxt görmədiyim, şəxsini tanımadığım və şəxsən danışmadığım Cavanşir Feyziyevdən hərə bir cür təqdimat yapıb!
Otaq yoldaşı olmuş tələbə yoldaşımdan ta səfər yoldaşı olmuş həmkarımacan kimlə danışmışamsa, hər dəfə söhbət gəlib çıxıb o yerə ki... Cavanşir müəllimə qarşı haqsızlıq olunur!
Və... mən vicdanlı, ədalətli bir qələm sahibi olaraq, mövqe ortaya qoymaq məsuliyyətiylə üz-üzə saxlanmışam!
Uzun müddət yazmamışam ona görə ki... hər biri... öz razılığı kontekstində təqdim edib, cavabım, sadəcə, bu olub: sənə yaxşıdırsa, get sən yaz! Mən ölkə üçün yaxşı olandan yazıram!
Təbii ki, dostlar-həmkarlar inciyib, küsüb və mən də ölkəmə faydasına görə tanımadığım adamdan xoş söz deyə bilmədiyim üçün bütün umu-küsüləri boş buraxmışam. Hərçənd bildiyimdən dəqiq də əmin olmuşam ki, Cavanşir Feyziyevi nahaqdan hədəfə alıblar iynənin ucu boyda "həqiqət faktıyla”...
Təbii ki, artıq beyin və göz yaddaşımda bu ad qalıb, zamanı gözləmişəm ki, istənilən halda əgər tənqid və tərif olunan Cavanşir Feyziyev mənə təqdim olunan kimidirsə, mütləq onun portretini çəkəcəyim tablonu yaradacaq!
O tablonu Cavanşir Feyziyev... 44 günlük savaş dönəmində möhtəşəm yaratdı: Aqil Abbasla, Qənirə Paşayevayla, İqbal Məmmədovla birgə!!!
Hər dördü (Aqil Abbas, Qənirə Paşayeva onsuz da əvvəldən əziz idilər) mənə doğma və əziz oldu!
Hər dəfə anama dəyməyə gedəndə və o soruşanda ki, Aydın, bu Aqil Abbasdan, Qənirə Paşayevadan, İqbal Məmmədovdan, Cavanşir Feyziyevdən başqa deputat yoxdu, inanın, ürəyimə yağ kimi yayılırdı! Çünki anam şahid idi ki, kəndinin şəhidinin ailəsinə baş çəkəcək, qazilərinə-döyüşçülərinə dəyəcək, axtaracaq, yardım edəcək deputat yoxdur!
44 gündə anam bu dörd deputatdan o qədər eşitmişdi ki, o qədər razı qalmışdı ki, mənə görə narazı qaldığı dövlətdən-hökümətdən razılıq edirdi!
Əslində, Cavanşir Feyziyev təkcə mənim anamın razı qaldığı dörd deputatdan biri deyil, həm də ondan razı qalan təkcə mənim anam deyil, Şəkidə...
su çəkdirdiyi bütün kəndlərdə razı qalan analardan biridir!
20 artezian quyusunu qazdırdığına görə razı qalan anaların sırasındadır!
Özü tikdirdiyi 3 məktəbə gedən uşaqların rahat elm öyrənmələrinə sevinən anaların həmsevinclisidir!
Təhsil haqqını ödədiyi 300 (üç yüz) tələbənin anasının razı qaldığı sevinc boydadır turp-keşniş-vəzəri satıb iki oğul oxudan anam!
Cərrahi əməliyyata gücü çatmayanların müalicə xərcinin ödənməsini təmin etdiyində yaşatdığı sevinc sayının üstəgəl biridir!
Məhkəmədə kimsəsizin haqqını müdafiə üçün, azadlığını təmin etməyə tutduğu hüquqşünasların yaşatdığı sevincin ən azı bir mislidir anam!
Ev tikdirib yerbəyer etdiyi şəhid ailələrinin sevincinə şərik olandır anam!
Xaricə oxumağa göndərdiyi tələbələrin analarıyla bir yerdə sevinəndir anam!
Və... kim bilməsə də, anam bilir, adı əzbərdir evimizdə Vəli Əkbərin, kitabımı çap etdirənin – kitabını çap etdirməyə yardımçı olduqlarının anaları yaşayan sevinci yaşayır anam!
Və heç nəyimlə sevindirə bilmədiyim anamı (eləcə də bənd-bənd sadaladıqlarım üzrə qalan anaları) bu qədər sevindirdiyinə görə... Cavanşir Feyziyevin portretini çəkdim!
Bu məmləkətdə - anaların ağlar qaldığı ölkədə az analar fəxrlə oğlum-qızım var deyir, az ana sevinir oğluna-qızına dəyər verildiyinə görə, az ana ev-eşik yiyəsi olur, anaları sevindirən az oğul var bu məmləkətdə, analarını sevindirən az oğul var bu məmləkətdə, birdən-birə durub anama minlərlə ananı sevindirən oğlu görmək bir ayrı səadətdir!
Anam haqqındakı yazıda yazmışdım: mən anaları anama analıq nümunəsi göstərən analara görə sevdim, anamı isə onlara dəyər verdiyinə görə!
Əgər Lənkərandan upuzaq bir Şəkidə bir ana anaları sevindirən bir oğlan böyüdübsə, mənim anam da onu məndən soruşursa, mütləq idi onun portretini çəkməyim!
Bu bir illik pandemiya dönəmində 3 dəfə 700-dən artıq aztəminatlı ailəyə apardığı ərzaq yardımına da sevinir anam!
Anama maraqlı deyil ki, Cavanşir Feyziyev 5 dildə danışır – özünün 5 dil bilən nəvəsi var da, 60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur, dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox məqalənin müəllifidir - ən yaxşı yazıların müəllifi anam üçün elə öz oğludur da, 2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin "1915-ci il erməni faciəsi"ni, 2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun "Məhəllədə azmamaq üçün", 2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin "Böyük ürək" əsərlərini Azərbaycan dilinə tərcümə etməsi də həmçinin – xalqın texnikum qurtaran oğulları evə pul-qızıl daşıyanda, universitet qurtaran öz oğlu 3 minəcən kitab daşıyıb evə!
Anama xoş olanı Cavanşir Feyziyevin anaların ürəyincə olanı, anaların dilini bilməsidir!
Yoxsa ki, məndən niyə soruşsun ki, onlardan başqa deputat yoxdur?
Harda ANAların DİLİni bilən oğullar varsa, analar o oğulları tanıyır, təşəkkürlü olur və bunu övladlarına eşitdirirlər!
Türkiyədə nəşr olunan məşhur "Təmrin” Dərgisinin Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq, Mirzə Fətəli Axundov, Rəsul Rza və Şirməmməd Hüseynova həsr olunan xüsusi nömrələrini çap etdiriməyini isə vurğulamaq üçün fakt olaraq sona saxladım – bu beşliyin hər bir ismi mənim ədəbi qibləgahımdır!
Düşünürəm də ki, Cavanşir Feyziyevdən narazı qalıb razıya çevrilənlər də, əvvəldən axıra razılar da, əvvəldə razı, arada narazı, axırda yenə razı qalanlar... təzədən "narazı” qalmaq istəyəndə bu yazını təkrar-təkrar oxuyacaqlar! "Narazılığını” bildirməyə başlayanlara da bu yazı oxutdurulacaq! Həm narazı qalmamaq üçün, həm də öz analarına xatir - əminəm ki, onların anaları da mənim anam kimi, anaları sevindirən, razı salan oğul dünyaya gətirən anaya xatir "narazılıqlarından” vaz keçəcəklər” - ən azından! Çünki bizdə belə oğullar, illah da ki, belə deputatlar handabir olur!
Pul, vəzifə, deputat vəsiqəsi o qədərimizdə olub ki!
Daha çox analarını söydürüblər... anaları ağlatdıqlarına görə!
İndi bəxtimizə belə biri düşübsə, nədəsə, nəyə görəsə şəxsən narazı qalsaq da, göz yumub keçə biləriksə, keçək!
Biz axı özümüz heç öz anamızı sevindirmirik – ya vəlvələdən, ya zəlzələdən: ya hökümət qoymur, ya zaman o zaman deyil, ya da adımız oğuldu, özümüz zırt da deyilik! İstənilən halda... nəzərə alaq ki, minlərlə ananı razı salan bir oğul var, Cavanşir adında – feyzini alaq!
Miq.az