Adil Qeybulla: “Viruslar limfa düyünlərində, müxtəlif yerlərdə otura bilir...”
ABŞ-da Ebolaya yoluxmuş xəstələri müayinə edərkən özü də bu xəstəliyə düçar olub daha sonra tam sağaldığı deyilən həkim yenidən bu ebolanın caynağına keçib. Onun tam müalicə alıb sağaldığı zənn edilsə də, virus onun göz qapaqlarında gizlənibmiş. Bundan sonra isə bütün bədəninə yayılıb.
Ümumiyyətlə, bu cür xəstələrin tam sağaldığı deyilsə də, müayinələr zamanı bəlli olur ki, virus insanların limfa vəzilərində, gözlərində və ya qulaqlarında gizlənə bilir. Bir müddətdən sonra isə bütün bədəni əhatə edir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla hepatitlərin bəzilərinin üç ilə tam sağala biləcəyini dedi: “Viruslar replikasiya olunur və xassələrini dəyişir. Ona görə də heç bir dərman virusu tanımır. Ebola virusuna da qarşı əgər müalicə aparılıbsa, qanda ola bilər ki, virus tapılmayıb. Amma bu virus limfa düyünlərində, müxtəlif yerlərdə otura bilir. Zamanında da bir az narahatçılıq olan kimi virus yenidən baş qaldıra, qanda çoxala və problem yarada bilər. Ona görə də virusdan tam sağalmaq söhbəti konkret müalicə istiqaməti olanda mümkün olur. Məsələn, hepatit C virusu düzgün müalicə xətti tutularsa, tam müalicə olunur və orqanizmdən üç il ərzində tamamilə çıxır. Üç il ərzində isə o virus bədəndə hələ də qala bilir. Ebola virusuna gəlincə isə onun spesifik müalicəsi yoxdur. Ola bilər ki, ümumi fonda qanda bu virusu tapmasınlar. Amma sonda yenə də həmin vəziyyətlə üzləşirlər”.
musavat.com