Son günlər rəsmi dəvətlərdə görünməyən Artur Rəsi-zadə özü ilə bərabər iki müavinin də istirahətə aparır
Ötən il sentyabrın 26-da keçirilmiş referendumda təsis edilən vitse-prezident postlarına təyinatlar bugünlərdə gerçəkləşəcək. Məlumdur ki, fevralın 21-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edilib. Aprelin 12-nə qədər isə digər təyinatların da gerçəkləşəcəyi gözlənilir.
Məlumata
görə, vitse-prezidentlərin təyinatı ilə bağlı müddət aprelin 12-də bitir. Çünki
prezident İlham Əliyevin referendum nəticəsinin qüvvəyə minməsi ilə bağlı 12
oktyabr 2016-cı ildə verdiyi sərəncamın 6 ayı tamam olur.
Sərəncamda Nazirlər Kabinetinə altı ay vaxt verilir ki, hüquqi-aktların
konstitusiya dəyişikliyinə uyğunlaşdırılmasını təmin etsin və dəyişikliklərdən
irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim
etsin. Çünki gözlənilən köklü islahatların həyata keçirilməsi üçün ilk olaraq
hüquqi baza yaradılmalı və ondan sonra bu islahatlar həyata keçirilməlidir.
Hakimiyyətə yaxın
mənbənin dediyinə görə, vitse-prezidentlərin təyinatı ilə paralel olaraq iki
strukturda-Nazirlər Kabinetində və Bakı Şəhər İcra Hakimiyyətində ciddi
dəyişikliklər gözlənilir.

Mənbə
baş nazir Artur Rəsi-zadənin son günlər görünməməsinə xüsusi diqqət çəkir.
Bildirilir ki, baş nazir Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya
səfərində rəsmi şəxslər arasında olmayıb.
Mənbə
bildirib ki, baş nazirlə bərabər onun ən azı bir müavini də işi ilə vidalaşmalı
olacaq. Belə ki, struktur dəyişikliyindən sonra baş nazirlə bərabər onun
fövqəladə hallar üzrə müavini Abid Şərifov da yola salınacaq.
A.Rəsi-zadənin yeri bilinməsə də, 77 yaşlı A.Şərifov hazırda İsraildədir və
onun ağır ürək əməliyyatı keçirdiyi deyilir.
Kənd təsərrüfatını
kurasiya edən İsmət Abbasovun da baş nazirin müavini statusunu itirəcəyi gələn
xəbərlər sırasındadır.
Əsasən birinci vitse-prezidentin kurasiya edəcəyi Nazirlər Kabinetində
idarəçiliyə kimin gətiriləcəyi də yəqinləşib. Amma bu istiqamətdə hazırda
məlumatlar o qədər çoxdur ki, hansının yanlış, hansının doğru olduğunu demək
çətindir.
Bildirilir ki, kabinetə başçılığın baş nazirin birinci müavini Yaqub Eyyubova həvalə edilməsi daha real görünür. Uzun illərdir birinci müavin olan Y.Eyyubovun bacarıqlı təşkilatçı olduğu deyilir. Y.Eyyubovun Rusiyanın siyasi və iqtisadi komandası ilə yaxın əlaqələri var ki, bu da baş nazir təyinatından sonra Azərbaycana əlavə divident gətirə bilər. Amma hazırda işləyən nazirlərdən daha iki nəfərin də adı baş nazir iddiaçıları sırasındadır.

Baş nazirin
müavinlərinin sayı azaldılmaqla bərabər, bir-birilərinə paralel sayılan
strukturlar birləşdiriləcək. Nazirlər Kabinetinin tərkibinə daxil olan 44-dək
strukturun yarıbayarı azaldılacağı gözlənilir.
Bakı meriyasının tabeliyindəki ləğv ediləcək idarələrin siyahısı da hazırlanıb.
Belə ki, Mənzil Kommunal və Texniki Xidmət Sahələri, Ticarət və Xidmət
Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Memarlıq və Şəhərsalma Baş
İdarəsi, Mənzil-Kooperativ Təsərrüfatı İdarəsindən başqa digər strukturlar ya
birdəfəlik ləğv olunacaq, ya da birləşdiriləcək. Bu struktur dəyişikliyindən
sonra isə Bakının yeni icra başçısının təyinatı gerçəkləşəcək.

Qeyd
olunur ki, birinci vitse-prezident Bakı meriyasının idarə edilməsində ciddi
dəyişiklik etmək niyyətindədir. Hacıbala Abutalıbovu dəyişmədən isə bu
idarəetməni dəyişmək mümkün deyil.Abutalıbovun hakimiyyətə hədsiz
sədaqətinə söz ola bilməz, amma o da anlayır ki, nəhayət, bir gün hakim komanda
ilə vidalaşmalıdır. Bildirilir ki, Abutalıbov artıq bu həqiqətlə barışıb.
Ona Nazirlər Kabinetində şəhər təsərrüfatına məsul idarə həvalə olunacağı
deyilir. Abutalıbovun özünün isə Bakının rayonlarından birində (Binəqədinin adı
hallanır) icra başçısı olmaq niyyəti də var.
Bakı meriyasına rəhbərliyin kimə tapşıra biləcəyini isə söyləmək çox çətindir.
Bu şəxsin Heydər Əliyev Fondunun idarəçiliyində işləyənlərdən biri olacağı
söylənilir, amma bu, yalnız bir ehtimaldır(musavat.com).