Azərbaycan Xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Azərbaycanın Vyetnamdakı Səfirliyi və Hanoyda fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalqların taleyində liderlərin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Vyetnamın bir sıra ali təhsil müəssisələrinin müəllim heyəti, tələbələri, gənc tədqiqatçıları və media nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Vyetnamdakı Səfirliyinin 2-ci katibi Vasif Bədəlov Sovet dövründə və Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqının Ümumili Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi zaman əldə edilmiş uğurlar, Vyetnamın neft sənayesinin yaradılmasında Azərbaycanın rolu, o cümlədən bu sahədə kadrların hazırlanması üçün Vyetnamdan olan tələbələrin Azərbaycanda təhsil almasından bəhs etmişdir.
V.Bədəlov Azərbaycanın müstəqillik dövrünün ilk illərində xalımızın üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi,1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıtması və dövlətimizin möhkəmlənməsi istiqamətində atdığı addımlar haqqında iştirakçılara məlumat vermişdir. Qeyd edilmişdir ki, məhz Heydər Əliyevin güclü iradəsi və səyi nəticəsində 1994-cü ildə dünyanın nəhəng xarici neft şirkətlərinin ölkəmizə sərmayə yatırmasına nail olunmuş və “Əsrin müqaviləsi” imzalanmışdır.
Xalqların taleyində liderlərin rolundan danışarkən Vyetnam Kommunist Partiyasının Birinci Katibi, Vyetnam xalqının lideri Xo Şi Minin 1959-cu ildə Azərbaycana səfəri ilə bağlı tədbir iştirakçılarına məlumat verilmişdir. Bundan əlavə, 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyevin Vyetnam Sosialist Respublikasına səfəri və bu səfərin iki ölkə arasında əlaqələrin əsasını qoyduğu qeyd edilmişdir.
Eyni zamanda Prezident İlham Əliyevin 18-19 may 2014-cü ildə Vyetnama etdiyi rəsmi səfərin iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə öz töhfəsini verdiyi bildirilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın regionda müasir, güclü dövlətə çevrilərək sürətlə inkişaf etdiyi və dövlətimiz tərəfindən regionda geniş miqyaslı müxtəlif layihələrin həyata keçirildiyi vurğulanmışdır.
Tədbirdə Heydər Əliyevin fəaliyyəti barədə video nümayiş etdirilmiş və 1983-cü ildə Vyetnama səfərini əks elətdirən foto-sərgi təşkil olunmuşdur.