Xanəndə:"Qədir elə oxudu ki, mən zülüm-zülüm ağladım"

Xanəndə:"Qədir elə oxudu ki, mən zülüm-zülüm ağladım"

Günümüzdə qulaqları yağır edən musiqi ifaçılarından fərqli, heç də üzdə olmağı sevməyən ifaçılarımız da var. Möhtəşəm səsə, mükəmməl səs ifaçılğına malik bu insanları müsahibəyə belə zorla razı salırıq. Sanki günah iş görmüş kimi, utanırcasına öz sənətlərindən danışdıqları bir neçə kəlməni də bəzək-düzəksiz, cilasız yazmağımızı istəyirlər. Onların əsl zənginliyi də elə bunda gizlidir.

Müsahibimiz Opera-Balet teatrının solisti, xanəndə, özünün təbirincə desək hər şeydən qaçan bir şəxs, Mütəllim Dəmirovdur. 

-Niyə? Mütəllim qorxubmu qaçır, yoxa onu qaçıran səbəblərmi var?

-Mühiti kənardan seyr edib, görəndə ki, nəsə çatmır, onda... İncikliklər olanda...

-Qaçmaqmı lazımdır ya qalıb oranı düzəltməkmi?

-Düzəltmək olar əgər özündə güc tapa bilsən. Güc tapmayanda neyləmək olar...

-Yoxdurmu?

-Hələ ki, yox, olsa heç düşünmədən girişərəm o işlərə.

-Güc nədir ki?

-Maddiyyat...

-Allaha şükür, mənəvi güc sizdə, daxili aləm sizdə, səsin gücü sizdə...

-Vallah-billah səslə deyil, mən sizə deyim, hələ o vaxt məktəbə qəbul olanda Fizulinin 500 illiyində mən laureat olmuşdum. Dedilər ki, qardaş, istəyirsən bülbül ol, maddiyyat olmasa dəxli yoxdur, bu qeyri-mümkündür. Azərbaycanda sirr deyil ki, pul söz-söhbəti var. 

-Mütəllimə yaşamaq çətindirmi?

-Çətindirmi deyəndə ki, Allahı nə yazıbsa onu da yaşayır.

-Yaşaya bilirmi, mənəvi və maddi anlamda? 

-Min şükür.

-Muğam elə bir qüvvədir ki, onu cilalamaq, reklam etdirmək mümkün deyil amma bu bir faktdır ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Mehriban xanım Əliyevanın diqqəti bu sahəyə yönəlib. Siz niyə görünmürsüz? Niyə özünüz gedə bilmirsiz səsinizin getdiyi yerə?

-İmkan versələr gedərəm.

-Kim imkan vermir?

-Mütləq təkan olmalıdır. İstiqamət göstərilməlidir.

-Gedənlər necə gedir?

-Baxır da kim hansı yolla gedir, hansı yolu tutur. Allah hər kəsin işini xeyir eləsin, nə deyə bilərəm ki. Hər kəsin şəxsi işidir. Özümdə də bir az qəlizlik var, istəyirəm ki, hardasa mənə dedilərsə oxu, mən dinləyiciyə nə isə verə bilmirəmsə artıq ordan qaçıram. 

-Niyə sizə elə gəlir ki, heç nə verə bilmirsiz?  Axı, çox gözəl oxuyursuz...

-Bilirsiz, gərək kiməsə ağız aça, qapılar döyəsən irəli çıxmaq üçün, populyar olmaq üçün. Hətta məcbur olub o qapıları döysən belə verilən sözlər tutulmur və bu da insanda ruh düşkünlüyü yaradır...

-Onda belə çıxır ki, muğamda da arxalı, arxasız məsəli var, eləmi?

-Sözsüz...

-Yaraşırmı bu muğama?

-Nə deyim, vallah (susur)...

-Yeniliklər varmı?

 -Hələlik yox, o da gəlib maddiyyata bağlananda işlər qarışır. 

-Səsinizi nə vaxt kəşf elədiz?

-Dağ döşündə quzu otaranda. Özüm üçün zümzümə edəndə qonşu uşaqlar da eşitdilər səsimi. Yay aylarıydı, əlimi atmışdım qulağımın dibinə və oxuyurdum. İlk dəfə qonşu toyunda oxutdular. Mikrofonu mənə verəndə başladım ağlamağa. Başımı aldadıb mənə “Qaçaq Nəbi”dən oxutdular.

-Sevdiyiniz muğam...

-Bütün muğamlar əzizdir, bir-birindən gözəldir, onları ayıra bilmərəm ki...

-Təklənəndə ilk hansı mahnı gəlir dilinizə?

-O, həmin anın ab-havasına baxır. Bir də görürsən segah üstündə nə isə deyib, özün üçün ağlayırsan. Şur üstündə, Zəmxarə və s.

-Nə var bu muğamlarda? Bu camaat bu muğamdan ötrü niyə dəli-divanədi?

-Muğam bir dəryadır ki, onu hələ heç kəs aça bilmir. Bilirsiz, Quran da oxunanda avazla oxunur. Mənə elə gəlir ki, bu elə bizə ordan süzülüb gəlir. Davud peyğəmbərimiz oxuyanda onu dörd bir yanında mələklər dinləyərmiş.

-Musiqinin hansısa qolunu o birindən ayırmaq olarmı?

-Xeyr. Ancaq naşı adam ifa edəndə və ya oxuyanda cılızlaşa bilər.

-Hərənin bir oxuma üslubu var. Misalçün Alim Qasımov ən fərqli üsulda oxuyandır. Elə qəribə hərəkətlər nə verir adama? O səsin gücünəmi kömək edir, yoxsa həmin an ifaçı öz dünyasındamı olur?

-Alim Qasımov bizim ustadımızdır, böyük sənətkar və böyük şəxsiyyətdir. Biz hal-hazırda da ondan bəhrələnirik. Gecə -gündüz dinləməyimə baxmayaraq hər dəfə dinləyəndə yeni bir yenilik tapıram. O, oxuyanda öz aləmində olur, dinləyiciyə öz ruhunu ötürə bilir. 

-Kimin tələbəsisiz?

-Alim Qasımovun.

-Sizin onun tələbəsi olduğunuzu bilməyənlər ifanızı dinləyəndə o saat deyirlər ki, bu adam Alimin yetirməsidi...

-Mən uşaqlıqdan onun ifasının dəlisi olmuşam. Sevmişəm oxumağını. İndiyəcən də o avazdan ayrıla bilmirəm. 

-Sizinçün harda gəldi oxumağın və ya çox gözəl bir mühitdə oxumağın bir fərqi varmı?

-İnanın, olub məndə elə bir şey. Hətta küçənin ortasında belə, insanların arasında təb gəlir və başlayıram oxumağa. İnsanların diqqətini cəlb edən kimi susuram. Bilirsiz, oxuduqca da təb gəlir.

-Belə bir fikir var, saz insanları döyüşə çağırır, muğam isə hüznə, kədərə boğur...

-Mən bu fikirlə qətiyyən razı deyiləm. Muğam elə bir dəryadır ki, orda aşıq sənəti, estrada, caz, bir sözlə hər şey var. Muğamı dərk edib başa düşən insan üçün hər şey var orda, sevinc də, kədər də var, qüssə də...

-Muğamı hər yazılan sözə oxumaq olarmı, yoxsa təkcə qəzəllərəmi?

-Əslinə qalsa muğam oxunuşunda əruz vəznində yazılan qəzəllər muğama oturur. Bir də var şeir, müəyyən xanəndələrimiz söz düşübsə, Aşıq Ələsgərdən, Alıdan, qoşmalardan istifadə ediblər. Baxır, harda necə?Amma ən düzü qəzəliyyatdır, çərçivəyə düz oturur. 

-Xarici ölkələrdə olmusuzmu?

-İlk dəfə jurnalist dostumuz Elnur Eltürkün dəstəyi ilə Türkiyədə olmuşam.

-İnsanların reaksiyası necəydi?

-İnanın, mən oxuyan müddətdə öz halıma düşürəm və heç kəsi görmürəm. Mən oxuyanda Allahın bir nəşəsi var ki, gəlir e, o hal hər adama nəsib olmur. Ondan bir balaca da mənə pay düşür, və mən o halı tutub özüm üçün dəmlənirəm.

-Adamları niyə dəli edirsiz? Sizi dinləyib dəli olmamaq mümkün deyil...

-Yəqin ki, özlərinin içlərində olub, dillərinə gətirə bilmədiklərini bizim ifada tapırlar...

Bilirsiz, gözəl səslə bir şeir deyiləndə o məni tutur və mən öz aləmimə qapılıram. O ki, onunla bir yerdə vəhdət bağlayıb tamlaşır, o halda dinləyiciyə də çox gözəl çatır.

-Niyə efirlərdə görünmürsüz?

-Çıxmışam efirlərə, müəyyən səbəblər var ki, çıxmaq olmur. Üzə çıxmaq üçün pul lazımdır. Baxın bu məqamda sənət heçə dönür. 

-Siz özünüzü reklam deyəndə şəxsiyyətinizi deyil, daşıyıcısı oldğunuz sənəti düşünün...

-Əgər məni dəyər verdiyim insanlar tanıyırsa buna da min şükür. Efirdə görməsələr, məclislərinə çağırıb məni dinləyib, o ruhu tuta bilirlərsə buna da şükür.

-İfalarınızda ürəyinizdəki tikanı çıxara bilirsizmi?

- Bəzən hə, bəzən də yox. Elə ifam olub ki, öz oxumağıma ağlamışam. Oxuya-oxuya. Bilirsiz, oxuyanda içindəki sıxıntını birləşdirirsən ifaya day olur qiyamət də.

-Başlayırsız camaatı dəli eləməyə...

-Yox, xalq yox, bəlkə də özüm dəliyəm elə. Sağ olsun bu xalq, bu millət, daha doğrusu müəyyən insanlar ki, sənətə qiymət verirlər.

-Mütəllim bəy, Qədir Rüstəmovu hamı Sona bülbülləri ilə tanıdı və Qədir bu ifa ilə hamıda qaldı. Sizdə qalan kimdir?

-Elə Qədirin özü. Allah rəhmət eləsin mən onun sənətini elə sevirdim ki. Hətta bir dəfə Alim Qasımovun övladının toyunda mikrofonsuz-zadsız elə bir oxumaq oxudu ki, mən zülüm-zülüm ağladım. Onun adamı dəli eləyən qeyri-adi səsi var idi.

-Sizi də bir az ona oxşadırlar...

-Ola bilsin... Mən uşaqlıqdan Alimə oxşamaq istəmişəm. 

-Oxunmayan muğamlar varmı?

-Mən sözün açığı keçmiş muğamlara çox qulaq asıram.  Onlarda elə məqamlar var ki, indi oxunmur. Amma müəyyən gənc ifaçılarımız var ki, o ruhu ondan ala bilirsən.

-Lent yazılarınız varmı?

-Var, yenə də olacaq.

-Dövlətdən dəstək varmı və nə şəkildə?

-Hal-hazırda Opera-balet teatrının solistiyəm. 

-Nə vaxtdan orda işləyirsiz?

-1996-cı ildən...

-Nə qədər maaş alırsız?

-230 manat...

-Toylara gedirsiz...

-Hərdən kiminsə, yaxşı dostların yadına düşürəmsə gedirəm. Orda da ya verərlər ya da verməzlər...

-Qiymət deyəcək olsaydız neçə deyərdiz?

-Deməmişəm, demərəm də. Məni dinləyən adam özü qiymətləndirə bilirsə...

-Son sözünüz...

-Cansağlığı, xalqın güzəranı gözəl olsun.Vətənə, Azərbaycana, ölkəyə də QƏLƏBƏ!!!

Söhbətləşdi: Nigar İsfəndiyarqızı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az