Xocalı soyqrımının canlı şahidi olan pilot vəfat etdi: “Bir aya yaxın idi ki..” - FOTO + ÖZƏL
83 yaşlı veteran təyyarəçi Kazım Abbasov vəfat edib.
Bu haqda xəbəri mərhumun qardaşı oğlu İbrahim Abbasov Moderator.az-a bildirib:
"Əmim Kazım Abbasov dünən axşam saat 18:00-da dünyasını dəyişdi. Bir aya yaxın xəstəxanada qaldı. Parkinson xəstəsi idi. Vida mərasimi Təzəpir məscidində baş tutandan sonra Yasamal qəbirstanlığında dəfn olundu” deyə mərhumun qohumu bildirib.
Qeyd edək ki, Kazım Abbasov Azərbaycan mülki aviasiyasında əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş Aviadəstəsində Mi-4 helikopterinin ikinci pilotu kimi başlayıb.
1965-2003-cü illər ərzində Mi-8, Mİ-8MTB, Sikorski-76 tipli helikopterlərin pilotu, komandiri kimi 21.450 saat uçuş yerinə yetirib. I dərəcəli pilot idi. Mülki aviasiyada göstərdiyi xidmətlərinə görə bir çox fəxri fərmanlara layiq görülüb, 1980-ci ildə "Aeroflot əlaçısı” döş nişanı, 1983-cü ildə Qırmızı Əmək Bayrağı ordeni, 1987-ci ildə "Əmək veteranı” medalı ilə təltif edilmişdi. Zabrat aviamüəssisəsində çalışmış aviatorlar arasında dəfələrlə fəxri fərmanla "Ən yaxşı təyyarəçi” adına layiq görülmüş təyyarəçi idi. Kazım Abbasov Qarabağ müharibəsində iştirakına görə 2019-cu ildə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin "Fədai” medalı ilə təltif olunub.
Xatırladaq ki, Kazım Abbasov Xocalı faciəsinin canlı şahidlərindən biri olub. O 2022-ci ilin aprel ayında saytımıza verdiyi müsahibəsində də danışıb:

"40 il uçdum, 40 ilin içində 22500 saat uçuş saatım olub. Əgər lazım olsa indi də uçaram. İdarə etdiyim helikopter uçuşlar zamanı düşmən tərəfindən dəfələrlə güclü atəşə tutulsa da insan və texnika itkisinə yol vermədən başımıza çarə qılmışıq. Müharibə vaxtı Xocalı, Laçın, Fizuli, Ağdam və s. döyüş bölgələrindən insanları təxliyyə etmişəm. Ən çətin uçuşum isə Kəlbəcərdən insanları çıxararkən olub. Mən M-8 vertolyotu ilə Kəlbəcərə getdim, orada camaatı xilas etmək lazım idi. Bizim vertolyotlar hamısı işləyirdi, xalqı çıxarırdı. 35 nəfər oturdu vertolyota, bu elə bir vertolyotdur ki, güclə havaya qalxdıq. Gəldik Murovdağa, Murovdağın 3200 hündürlüyündən güc-bəla ilə keçdik. Murovdağı keçən kimi başladılar bizi atəşə tutmağa. Helikopterin sağ bakı deşildi. O dəqiqə helikopteri yavaş-yavaş aşağı endirməyə başladım, onların bu müqavimətini də dəf etdik. Laçından yaralıları çıxaranda axşama düşmüşdük. Onlara dedim ki, işıqları yandırmayacam, yandırsaq ermənilər bizi vurar. Fizulini sağ-salamat keçəndən sonra işıqları yandırdıq. Yaralıların sevinc göz yaşları hələ də gözümün qabağındadır. Ümumilikdə təxminən 1500-ə yaxın Qarabağ əhalisini mən və dostlarım xilas etmişik”
Allah rəhmət eləsin!