"Sultanlıq soydan gəlir" adlı kitab üzərində işləyirəm. Bu kitab Laçın bölgəsində adını tarixə yazdıran Sultan bəy və onun əsli-nəsli haqqındadır.
Sultan bəy Laçın bölgəsinin qəhrəman oğludur.
Bir az Laçın haqqında.
Laçın Azərbaycanın ən dilbər guşələrindən biridir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa, Xocavənd, cənubdan Qubadlı, qərbdən isə Gorus, Sisian (Qarakilsə) rayonları ilə həmsərhəddir. 1992-ci ilin 18 mayınadək o dağların qoynunda 60 min nəfər əhali yaşayırdı. 125 kənddən ibarət olan Laçın həm təbiət etibarilə, həm də qiymətli tarixi memarlıq abidələrinə görə respublikamızın ən zəngin rayonlarındandır. Laçın rayonunda 54 dünya və yerli əhəmiyyətli tarixi və mədəniyyət abidələri qaldı.
ötən əsrin 1905-1907, 1915-1918-ci illərində də ermənilər dəfələrlə Laçına hücum etmiş, oranı ələ keçirməyə çalışmışlar. Lakin həmişə daşnakların qarşısı Laçın dağlarında, gədiklərində alınmış, onlar öz istəklərinə çata bilməmişdi. Xüsusilə də xalq qəhrəmanı Sultan bəy Muradovun igidliyi nəticəsində ermənilər ağır itki vermişlər. Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzur iki yerə parçalandı. Böyük bir hissəsi (Qarakilsə, Gorus, Mehri, Qafan) qondarma Ermənistan dövlətinə verildi. Zəngilan, Qubadlı, Laçın Azərbaycanın tərkibində qaldı. Bununla da həm böyük bir mahalın - Zəngəzurun sinəsinə çalın-çarpaz dağ çəkildi, həm də qədim Naxçıvan öz doğma anasından - böyük Azərbaycandan aralı düşdü. Əslində Sovet hakimiyyəti ermənilərin arzularının böyük bir qismini gerçəkləşdirmiş oldu. Azərbaycan torpaqları üzərində hayların ilk dəfə rəsmi olaraq Ermənistan adlanan dövləti yaradıldı. Amma torpaq iddiasında olan namərd ermənilər "Böyük Ermənistan" xülyasını həyata keçirmək üçün hər an fürsət gözləyirdilər.
İndi isə Sultan bəy haqqında.
Bəzi müəlliflər Sultan bəyi Kürdhacı kəndi ilə bağlayırlar. Kürdhacı kəndi XVIII yüzildə boş sahə olub. Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən gəlmiş Hacısamlı camaatının Qasımuşağı tayfasına verib. Həmin tayfa orda binə bağlayıb. Xan onları Həmzə sultan Qaraçorlunun dördüncü oğlu Nəbi bəyə rəiyyət kimi bağışlayıb. Nəbi bəyin Xıdır bəy adlı oğlu, Xıdır bəyin Xanmurad bəy adlı oğlu, Xanmurad bəyin isə Əlipaşa bəy adlı oğlu vardı.
Sultan bəy də məhz Əlipaşa bəyin oğlu olub və 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında doğulub. Molla yanında oxuyub, mədrəsə təhsili alıb. Böyük mülkədar olub.
Sultan bəyin yaşam yolu haqqında özəl araşdırmamız var. Həmin araşdırmadan:
1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Hazırkı Laçın bölgəsinin Kürdhacı kəndində), Əlipaşa bəyin ocağında bir oğlan uşağı dünyaya göz açdı. Qohum-qəbilə, tanış-biliş, yaxın-simsar yığışıb, gözaydınlığına gəldilər. Adqoydu mərasimində hərə bir isim təklif etdi. Ağsaqqallar bildirdilər ki, ata ad qoysa xeyirdir. Əlipaşa bəy uşağa özünün ana babası Əsəd sultanın adını verdi. Yer-yerdən "mübarəkdi", "Allah xeyir versin", "adı ilə böyüsün" nidaları eşidildi. Toplananlar bişirilənlərdən yeyib-içib dağıldılar.
Get-gedə uşağın adındakı Əsəd unudulub, sultan qaldı. Obada hamı onu Sultan bəy çağırırdı. Sultan böyüyüb anası Bəyim xanıma oxumaq istədiyini bildirdi. Bəyim xanım oğlunun istəyini atasına çatdırdı. Əlipaşa bəy obalarının savadlı adamı Molla Xudaverdi Tanrıverdi oğlunu (1835-?) çağırıb, balaca Sultanı öyrətməsini tapşırdı. Sultan bəy beləcə bir neçə il Molla Xudaverdidən "əlif-bey"i öyrəndi. Sonra atası onu Şuşa şəhərinə, qəza məktəbinə göndərdi.
Sultan bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gimnaziyada oxudu. Orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərinə yollandı. O dövrün ən ünlü hərbi məktəbinə, Sankt-Peterburq Hərbi Akademiyasına daxil oldu. O, bu təhsil ocağını tamalaya bilmədi. Bu natamamlığın bir neçə səbəbi var. Kimi deyir ki, Sultan bəy qiymət üstündə müəllimlə mübahisə edib. Akademiyanın müəllimləri yüksək çinli zabitlər, müdavimləri isə əsgər sayılırdılar. Əsgərin zabit üzünə qayıtması böyük suç sayılırdı. Kimi isə bildirir ki, atası Əlipaşa bəy Xanmurad bəy oğlunun xahişi ilə Akademiyanı yarımçıq buraxıb geri, doğma vətənə dönmüşdü.
Sultan bəy doğma yurda, Qasımuşağı obasına qayıdıb əmək fəaliyyətinə başlayır. öncə maldarlıqla məşğul olur.
Yerli və xarici cinsdən çoxlu inək alıb dağlar qoynunda, çəmənlərdə bəsləyir. Bu qarışıq cins sonralar "Hacısamlı" adlanır.
Dədə-baba peşələri olan qoyunçuluğu daha da inkişaf etdirən Sultan bəy Yağ-pendir zavodu tikdirir.
Sultan bəy maldarlıqla yanaşı, meşəçiliklə də məşğul olmağa başlayır. Hacısamlı nahiyəsinin ərazisində olan meşələrdən taxta istehsal edib xarici bazarlarda satır. ünlü sovet dövlət xadimi Nəzər Heydərov "Zəngəzur dağlarında" adlı xatirəsində yazır: "Sultanovlar qiymətli Hacısamlı meşələrini muzdurlara qırdırıb xaricə, Fransaya göndərirdilər".
Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il hadisələri, erməni olayları ilə bağlıdır. Müsəlmanlara, türklərə potensial nifrət edən ermənilər çar məmurlarının dəstəyi ilə qanlı qırğınlara başlayırlar. Qoca, qarı, xəstə, uşaq demədən, yalnız türk olduqlarına görə əllərinə keçəni şişə taxan ermənilərə qarşı mübarizəyə başlayan Sultanovlara Əlipaşa bəy başçılıq edirdi. Əlipaşa bəy nəinki Zəngəzur qəzasının, hətta Şuşa şəhərinin də müdafiəsinə qalxmışdı. Bu haqq işdə ona ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi.
***
Səsli tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" adlı əsərində Əlipaşa bəy Xanmurad bəy oğlunun və dəstəsinin erməni quldurlarına qarşı apardıqları mübarizədən geniş bəhs edib. Həmin əsərdən qeydləri ixtisarla yazımıza köçürürük. Müəllif yazır: "Piçənis müsəlman kəndindən və başqa müsəlman kəndlərindən 300 nəfərə qədər igidlər və qeyrətli cavanlar toplaşaraq Paşa bəy Murad bəy oğlunun sərkərdəliyi ilə atlanıb, Minkəndin üzərinə yeridilər. 160 evdən ibarət olan bu kəndin yarısı müsəlman idi. Paşa bəyin dəstəsi ermənilərin bir qismini öldürdülər və yaraladılar, bir qismi isə qaçıb, dağıldılar. Piçənisli müsəlmanlar bu kənddən qənimət kimi 190 baş qoyun, 70 baş at və qatır apardılar. Bundan sonra onlar 200 evdən ibarət olan Xoznavar kəndinə hücum etdilər. Paşa bəyin dəstəsi bu kəndə də böyük zərbə vurub, qənimət kimi özləri ilə 1010 baş qoyun və 8 at apardılar.
Bir-iki gün keçdikdən sonra həmin dəstə üç yüz erməni evi olan Əliqulu kəndinə hücum etdilər Onlar həmin kəndin bir tərəfindən daxil olaraq onu yarıya qədər dağıtdıqdan sonra əldə etdikləri qənimətlərlə geri döndülər.
Paşa bəyin dəstəsi bir gecə dincəldikdən sonra sabahısı günü Qaladərəsi kəndinə tərəf üz qoydular. Qaladərəsində yaşayan ermənilər qabaqcadan yaxşı silahlanmış və hər tərəfdə səngər qurmuşdular. Onlar Paşa bəyin dəstəsini səngərlərdə silahlanmış, hazır vəziyyətdə qarşıladılar. Bir qədər atışmadan sonra Paşa bəyin dəstəsinin bir hissəsi kəndin kənarında yerləşən 23 evi ələ keçirərək oradan 450 qoyun, 60 qaramal və dörd quyu buğda əldə etdilər. Buğdanı atlara yükləyərək mal-qoyunla birlikdə yola düşdülər. Onlar Qaladərəsi kəndindən uzaqlaşanadək Paşa bəyin dəstəsinin o biri hissəsi erməniləri məşğul etdilər.
Paşa bəyin dəstəsi bir neçə gün istirahət etdikdən sonra atlanıb Cavanşir tərəfə hücum etdilər. Əvvəlcə 150 evdən ibarət olan Külədik kəndinin üstünə gəldilər. Ermənilər əllərində silah onların qarşısına çıxdılar. Müsəlmanlar "Ya Allah" deyib ermənilərin üstünə töküldülər və bir neçə saat ərzində onlardan yüz nəfərini qətlə yetirdilər. Bununla bərabər, neçə-neçə yararlananları da var idi. Bundan sonra onlar 250 baş heyvan da qənimət götürüb evlərinə qayıtdılar. Müsəlman kəndləri həmin gecə istirahət etdikdən sonra səhərisi yenə də atlandılar. Bu dəfə onlar 60 erməni evi olan Damğalı kəndinə üz qoydular. Onlar az olmasına baxmayaraq, Paşa bəyin dəstəsinin qarşısına çıxaraq atışmağa başladılar. Müsəlmanlar onların üzərinə hücum edərək karıxdırıb və 90 nəfərəcən ermənini qətlə yetirdilər. Yaralananlar da çox idi. Bundan sonra onlar 200-ə yaxın qaramal və keçi qənimət götürərək geri qayıtdılar. Oradan Badara kəndinin üstünə gəldilər. Bu qorxmaz dəstə orada da 16 nəfər erməni öldürdükdən sonra 60 baş qaramal qənimət götürərək kəndlərinə qayıtdılar.
Gecə yatıb, istirahət etdikdən sonra səhər durub, atlarını yəhərləyərək atlandılar və Ballıca kəndinin üstünə hərəkət etdilər. Ermənilər onları hazır vəziyyətdə qorxulu qarşıladılar. Atışma başlandı. Hər iki tayfanın səs-küyü və nərələri dağa-daşa səs salmışdı. Bir qədər atışandan sonra müsəlmanlar 30 nəfər erməni öldürüb, neçəsini də yaraladıqdan sonra qənimət kimi 70 baş qaramal, 12 baş at və çoxlu miqdarda əşyalar əldə edərək geri qayıtdılar.
***
Səhəri günü Paşa bəyin dəstəsi Xənəzək kəndinə hücum etdi, bu hücumdan əvvəl ermənilər öz ağaları Məmməd ağa Ata xan oğluna nankorluq edərək evini dağıtmış, bağını qırıb, çobanlarını öldürmüşdülər. 400 baş qoyunu isə yığıb aparmışdılar. Buna görə də ermənilər yəqin etmişdilər ki, müsəlmanlar bunun əvəzini çıxacaqlar. Odur ki, kəndə Qaladan çoxlu silah və kömək gətirmişdilər. Müsəlmanların gurultusu eşidilən kimi onlar səngərə, övrət-uşaq isə gizli yerlərə çəkilib çığırışdılar. Müsəlmanlar onları hər tərəfdən mühasirəyə alaraq gülləbaran etməyə başladılar.
Səhəri gün Paşa bəyin dəstəsindən səkkiz nəfər seçmə cavan atlanaraq Dəduq kəndinə tərəf çapdılar. Dəduq kəndinin ətrafında yerləşən dörd ev çox əmin və möhkəm yerdə durmuşdu. Ona görə də burada çoxlu erməni məskən salmışdı. Müsəlmanlar ermənilərin bu evlərdə tutduğu möhkəm möqeyi dağıtmaq üçün hündür bir yerə çıxaraq oradan bu evləri gülləbaran etməyə başladılar. Onlar dörd-beş nəfər qaçmağa başladılar. Müsəlmanlar qaçanları təqib edərək atəşə tutdular. Onlardan bir neçəsini öldürdülər, bir neçəsini də yaraladılar. Sonra evlərə qayıdıb orada olan əşyaları qənimət kimi götürdülər, erməniləri isə əsir kimi apardılar".
***
Bu olaylar barəsində Zəngəzur qəza polis rəisi rotmistr Fon-Menzenkampf öz raportunda yazırdı: "Xoznavar və Xənəzək kəndlərinə basqında iştirak edən camaatlar: Şahsuvarlı, Qarakişilər, Bayandur, Malıbəyli, Piçənis və Seyidlər. Xalq bu hərakatın başçılarını nişan verir: xoznavarlılardan (Xoznavar qarışıq kənddir) - Camal bəy Həzrətqulubəyov, Əsgər bəy Rüstəmbəyov, Mənsum Məmmədyar oğlu, qarakişilərdən - Sadunlular - Məşədi Hüseyn Allahverdi oğlu, Süleyman Kərbəlayı Yusif oğlu, Həmzə Kərim oğlu, Rüstəm Əhməd oğlu, şahsuvarlılardan - Mollaəhmədli Fərəc Aşıq Salman oğlu, Kərim Ağakişi oğlu, Hüseynxan Tanrıverdi oğlu, Ələkbər Məşədi Mövlan oğlu, bayandurlulardan - Bayandur kəndindən - Molla Məhəmmədnuru Xudaverdi oğlu, Rüstəm Cavad oğlu, Nəcəfqulu və Həzi Kərbəlayı Həşim oğulları, malıbəylilərdən - Malıbəylidən - Nağı və Tağı Hüseyn oğulları (Nağı 2-ci sahənin pristavı Məlikaslanovun xidmətçisidir, özünün dəstəsi var), Adil bəy Xanlar bəy oğlu, Sarı bəy Sultanov, Xasay bəy Abdulla bəy oğlu, piçənislilər, Qasımuşağı kəndindən - Sultan bəy Muradov və qardaşı İsgəndər bəy Muradov, seyidlər camaatından, Seyidlər-Alxaslı kəndindən - seyidlər: Seyid İbrahim Seyid Məmməd oğlu və "Cahad"a başçılıq edən Seyid Salman..."
Bəllidir ki, Sultan bəy bir zamanlar Muradov soyadını daşıyıb. Babası Xanmurad bəyin adından götürülən bu familyanı hazırda törəmələri daşıyırlar.
II-hissə
...Sultan bəyin qəhrəmanlığının ikinci hissəsi 1918-ci il olayları ilə bağlıdır. Zəngəzur ərazilərində məskunlaşdırılmış ermənilər azərbaycanlılara qarşı qırğınlar törətməyə, qəzada say baxımından üstün olmağa, beləliklə də bu torpaqlara yiyələnməyə çox ciddi şəkildə cəhd göstəriblər.
Şimali Azərbaycanda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ermənilərin düşmənçilik siyasəti daha da gücləndi. Qarabağı və Zəngəzuru mənimsəmək üçün ərazi iddiaları onların törətdikləri kütləvi qırğınlarla müşahidə olunmağa başladı. Bu qırğınlar Laçın bölgəsinin bütün ərazilərində daim müşahidə olunurdu. Erməni ordusunun komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.
***
Bu məğlubiyyətdən sonra daha da azğınlaşan erməni generalı Andronik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.
Andronik öz quldur dəstəsi ilə Zəngəzura hücum edib 50 türk-müsəlman kəndini dağıtmış, onların 60000-dən çox dinc əhalisini dədə-baba torpaqlarından qaçqın salmışdı. Həmin əhali Cəbrayıl və Cavanşir qəzalarında özlərinə sığınacaq tapmışdılar. Andronik öz quldurları ilə Laçının Zabux dərəsindən Qarabağa - Şuşaya soxulmağa cəhd edərkən Qarabağın adlı-sanlı nəslindən olan Sultan bəy Əlipaşa bəy oğlu Muradov tərəfindən ağır sarsıdıcı zərbə alaraq, məğlubiyyətə uğradı. Bu qələbə nəticəsində Andronikin Qarabağı, sonra isə Gəncəni tutaraq S.Şamuyanın rus erməni hərbi hissələri ilə birləşmək, Şimali Azərbaycanda erməni hakimiyyətini gerçəkləşdirmək planı məhv oldu.
Həmçinin onu da qeyd edim ki, heç də bu səksəkə əbəs deyildi. Ona görə ki, Bakıda hakimiyyəti ələ keçirən bolşevik-daşnak silahlı birləşmələri 1918-ci ilin mart-aprel aylarında Şamaxıda, Lənkəranda və başqa yerlərdə minlərlə dinc əhalini qanına qəltan etdikdən sonra dəmiryolu boyu Gəncə və Qarabağa doğru hücum planlaşdırmışdılar. Digər tərəfdən, Qarabağda, İrəvandan tutmuş Zəngəzura qədər Qərbi Azərbaycan torpaqlarında ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasəti yeridirdilər. Şaumyanın havadarlığından ruhlanaraq, Yevlax, Şəki, Gəncə və digər bölgələrdə məskun olmuş ermənilər də bir tərəfdən baş qaldırmışdı. Hər yerdə tədbirli kişilərin, yerli bəylərin rəhbərliyi altında kəndlərdə könüllülərdən ibarət dəstələr yaradılırdı. Onu da xüsusi vurğulamaq lazımdır ki, hamı çox gözəl başa düşür, dərk edirdi ki, belə olmasa, erməni təhlükəsindən xilas olmaq, müxtəlif basqın və hücumların qarşısını almaq olmayacaq. Ancaq təpədən-dırnağa qədər silahlanmış, xüsusi təlim görmüş minlərlə daşnak-bolşevik ordusu qarşısında duruş gətirə bilməzdi. Odur ki, hamı xilaskar türk ordusunun sərkərdəsi Nuru Paşanın gəlişini böyük bir ümidlə, M.Ə.Rəsulzadənin sözləri ilə desək, "göydən enmiş xilaskar mələyin" gəlişi kimi gözləyirdi.
Əsrin əvvəllərində Bahadur bəy Qalabəyov tərəfindən Əyricədən Yevlağa qədər salınan daş yolla hərəkət edən Nuru Paşa başının dəstəsi ilə günortaya yaxın Yevlax vağzalına yetişdi. Bəli, bu, o Nuru Paşadır ki, gələcəkdə bütün Azərbaycan xalqını, onun dövlətçiliyini xilas edərək azərbaycanlıların xilaskarı adıyla ürəklərdə unudulmaz məhəbbət yuvası quracaq. Əzəmətli, boy-buxunlu Faruq Nuru paşa oynaq yerişli boz kəhər atın belində, onunla yanaşı at belində 6-cı ordunun zabiti Lazım bəy gəlirdi. Sonrakı cərgələrdə hər sırada üç nəfər atlı olmaqla 20-yə yaxın hərbi geyimli zabit, arxada isə Osmanlı aynalısı, üçatılan və beşatılanla silahlanmış, tüfənglərini yəhərin üstündə yanpörtü tutmuş on-on beş nəfərdən ibarət suvari mühafizə dəstəsi, bir də Naxçıvandan Kəlbalı xan və Qarabağdan Sultan bəy tərəfindən qoşulmuş bələdçilər gəlirdi.
Qeyd etdiyimiz kimi, Şimali Azərbaycanın türk-müsəlman əhalisinə qarşı təcavüz və qırğın siyasətini Bakı Xalq Komissarları Şurasında hakimiyyəti ələ keçirmiş S.Şaumyan başda olmaqla onun erməni və rus silahdaşları həyata keçirmişdilər. Onlar Bakı şəhərində təşkil olunan hərbi hissələrə birinci növbədə Həştərxan, Petrovsk, Krasnovodskdan olan erməni əsgərləri daxil edir və Bakıda saxlayırdılar. S.Şaumyan bolşevik ordusu tərkibinə daxil etdiyi erməni briqadasında polkovnik Avetisov, daşnak Amazaps və digər ermənilər komandir heyətinə daxil edilmişdilər. Erməni hərbi hissələri silahlandırılır, ermənilər yaşayan ərazilərin ətrafında səngərlər qazılır və çar Rusiyası ordusunda qulluq etmiş türk-müsəlman zabitlər həbs olunurdu. Nəzərdə tutulmuş hazırlıqdan sonra 1918-ci mart ayının 30-da rus-erməni hərbi hissələri Bakı şəhərinin müsəlmanlar yaşayan məhəllələrini hərbi gəmilərdən və təyyarələrdən atəşə tutdular. üç gün ərzində ermənilər 30 min nəfərə qədər türk-müsəlmanı qətlə yetirdilər. Erməni bolşevik quldurları bundan sonra qəzalara hücum edərək, Şamaxıda 40000, Qubada 2000, Lənkəranda 4000 nəfər türk-müsəlmanı məhv etdilər, dörd günlük - iyunun 27-də iyulun 1-dək çəkən Göyçay döyüşündə məğlub olub geri çəkilməyə məcbur oldular. Başda Nuru Paşa olmaqla Qafqaz İslam Ordusu Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyul ayının sonuna yaxın S.Şaumyanın başçılıq etdiyi Bakı bolşevik hökuməti istefa verməyə məcbur oldu. Rus-erməni-daşnak-bolşevik hərbi birləşmələri canlı türk-müsəlman ordusunun zərbələri altında geri çəkilirdilər. Qafqaz İslam Ordusu 1918-ci il sentyabr ayının 15-də isə Bakını rus-erməni istilasından azad etdi və erməni terroruna son qoydu.
Sultan bəyin yaşam yolundan dəqiqələr...
Bir dəfə qubernatora Əlipaşa bəyin adından Sultan bəyin əleyhinə şikayət ərizəsi yazırlar. Quberniya idarəsindən məmurlar gəlirlər. Yoxlama aparılır. Faktlar tutuşdurulur, sənədlər üzləşdirilir. Yazılanlardan heç biri sübuta yetmir. Axırda Sultan bəyin fikrini soruşlar.
Ancaq nə qədər qəribə olsa da Sultan bəy yazılanların hamısını təsdiqləyir. Yoxlayanlar çaşbaş qalırlar:
- Bəy, onda gərək sən tutulasan, bu necə etirafdı belə?! Sultan bəy yarıciddi-yarızarafat deyir:
- Siz də bilirsiniz, mən də bilirəm ki, bunları mənim atam yazmayıb. Hansı namərdsə onun adından yazıb. Bununla belə, orda atamın adı var, onun diliylə deyilən sözləri mən yalan kimi qələmə verə bilmərəm. Bir də yoxlayın, bəlkə düzdü elə bu yazılanlar?
***
Gələni-gedəni çox olarmış Sultan bəyin. Xahişə gələn, şikayətini bildirən, kömək istəyən və s. Tapşırarmış ki, onu soruşan olanda, evdə olmasa da, heç vaxt deməsinlər ki, Sultan bəy evdə yoxdur. Desinlər ki, buralardadır, gələcək indi. Bu minvalla gələnləri yerbəyer eləsinlər, onlara çay-çörək versinlər. Əgər evdə yoxsa, yoxluğunu bundan sonra bildirsinlər. "Bura dağ yeridir, uzaq yoldan gələn olar, bilməzsiniz, ac qayıdar. Sonra mənəm, sizsiniz".
Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat edib.
Sultan bəy Teymur bəy Həsənbəyovun qızı Dilruba xanımla dünya evinə girmişdi. Ənvər bəy, çingiz bəy, Yusifkamal bəy adlı oğulları və Bəyim xanım adlı qızı vardı.
Ənvər bəy Xalisə xanım Məhəmməd qızı ilə ailə qurmuşdu. Elbrus bəy, Bahadur bəy adlı oğulları, Səriyə xanım, Validə xanım və Maya xanım adlı qızları var.
Elbrus Muradov 1939-cu ildə doğulub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub. Elektrotexnika fakültəsini bitirib. Hazırda Azərbaycan Metropolitenində baş mühəndis işləyir. Prezidentin fərmanı ilə "Əməkdar mühəndis" adını alıb.
Elburus Muradovla söhbətləşirik.
- Babamın qəbrini axtarmaq üçün uzun illər çalışdım. Dost və qardaş Türkiyəyə gedən hər tanışımdan soraqlamağı xahiş etdim. Gələnlərdən soruşdum. Gördüm deyən olmadı. Nəhayət, internet araçılığı ilə axtarışlarımı davam etdirdim. Qars vilayətinin Koçqoy kəndində hələ XIX yüzildən laçınlıların məskunlaşdığını öyrəndim. Adil Laçın adlı bir nəfərlə yazışıb, telefon nömrəsini öyrəndim. Zəngləşib vədələşdik ki, mən Türkiyəyə gəlim. 15 may 2006-cı ildə Türkiyəyə uçdum. Adil bəy məni Esenboğa hava limanında qarşıladı. Səhər saat 6-da Qarsa tərəf yola çıxdıq. Maşınla bir neçə saat yol qət etdik. Yolboyu həyacanlıydım. Görəsən, doğurdanmı babamın qəbri odadır, yoxsa başqa variantlar kimi bu da özünü doğrultmayacaq?!
Sultan bəyin Ərzurumda, Konyada dəfn olunması haqda versiyalar mövcuddur.
Nəhayət, Koçqoy kəndinə yetişdik. Molla çağırıldı. Kənd əhalsinin seçmə ağsaqqalları ilə qəbiristanlığa getdik. Qəbiristanlıqda sadə bir qəbri göstərib "Sultan bəyin məzarıdır" söylədilər. Tutuldum. İnanmamağa əsasım yox idi. Amma qəlbimdə şübhələr vardı. Ağsaqqallar babamı olduğu kimi təsvir edib şübhəmi dağıtdılar.
Qəribədir ki, Koçqoy kəndində yaşayan adamların çoxu bizim soyun insanlarına bənzəyirdilər. Mən hətta öz oxşarımı da orda tapdım.
Elburus Muradov bildirir ki, bu ilin yayında yenidən Türkiyəyə gedəcək. Niyyəti var ki, babasının adına layiq bir başdaşı ucaltsın.
***
Sultan bəy Azərbaycan xalqının milli qəhrəmanıdır. Fikirləşirik ki, niyə onun qəbri Azərbaycana köçürülmür? Düşüncəmizi Elburus Muradovla bölüşürük. Razılaşmır. Bildirir ki, Sultan bəy çətin vaxtlarında Türkiyəyə pənah aparmışdı. Ona qucaq açıb nazını çəkmişdilər. Oranı özünə ikinci vətən bilmişdi. Doğmalarının arasında dəfn olunub. Ruhunu incitməyək BöYüK BƏYİN
Ənvər ÇİNGİZOĞLU