Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Bakı Slavyan Universitetinin tələbələri ilə görüş keçirib. Görüşdə BSU-nun fəal tələbələri iştirak ediblər. YAP Gənclər Birliyi Ofisinin fəaliyyətini əks etdirən qısa video-çarx nümayiş olunub. Tədbiri BSU-nun YAP GB sədri Elvin Hətəmov giriş sözü ilə açaraq dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin Respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirakından danışıb.

Sonra YAP Gənclər Birliyinin ofisinin koordinatoru, YAP Səbail rayon təşkilatı Gənclər Birliyi sədr müavini Fərid Nəsibov YAP GB-nin keçirmiş olduğu mühüm layihələrdən, hal-hazırda fəaliyyət göstərən dil kurslarından, "Siyasi Debat Klubundan”, Liderlik kurslarından və s. kimi layihələrdən danışıb və tələbələrə ofisin fəaliyyəti haqqında geniş məlumat verib və digər çıxış edənlər - YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Rəhimov, Murad Abitov, Araz Məmmədzadə Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışıblar.
Sonda çıxış edən YAP Gənclər Birliyinin ofisinin koordinatoru Aytən Hüseynova gəncləri salamlayaraq, onlarla keçirilən görüşün əsas məqsəd və məramı haqqında məlumat verdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətindən məmnunluqla bəhs etdi. O, həmçinin gənclərlə bağlı görülən işlərdən və həyata keçirilən layihələrdən danışmış, gəncləri fəal olmağa və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə çağırıb.