Nəriman Həsənzadə: “Mən heç vaxt qadınımı aldatmadım”
-Nəriman müəllim, ədəbiyyatımızın qadına münasibətdə ən gözəl yerində sizin yaradıcılığınız durur. Oxucularımıza bir az bundan bəhs edərsizmi?
-Qızım, qadın mənim nəzərimdə Vətənə bənzəyir. Adam onunla öz vətənində xoşbəxtdir. Qadınla Vətəndən kənara gedəndə deməli öz Vətənini də özüylə aparır. Mənim taleyimə baxın ki, Anam da dünyadan əlli yaşında köçdü, bacım da, yoldaşım da. Bəzən deyirlər ki, kişi niyə ağlayır? O ağlamaqdırmı, göz yaşıdırmı, daim qəhərdimi, bilmirəm. Onu bilirəm ki, qadınsız ev yasxanadır. Pis qadın yoxdur, inan qızım, qadınları pis eləyən kişilərdir. Çünki, qadın inanandır, safdır. Mənim aləmimdə QADIN, UŞAQ, bir də ŞaiR – bunların üçünü də aldatmaq olar, çünki hər üçü də safdır. Nə desən, inanar. Onları aldatmaq da günahdır çünki, faciələr də elə burdan başlayır. Mən heç vaxt qadınımı aldatmadım.
Bir tələbə yoldaşımla rastlaşdım, onun da yetmiş yaşı, mənim də yetmiş yaşım...
Yaram təzələndi görəndə səni,
Soruşma bilmədim, heç neçə ildir,
O Gəncə tələbəlik illəri hanı,
Qaytara biləydim geriyə, Ceyran...
Bir az kökəlibsən, saça dən düşüb,
Gözlərin gözəldi, eləcə, Ceyran,
Bir az elə bil ki, səs kökdən düşüb,
Çoxmu dəyişmişəm mən necə, Ceyran?...
Göndər köynəyini yuyum, deyirsən,
Daha nə ana var, nə bacı, Ceyran,
Xəyanət elədi öz baxtı qəsdən,
Mənim köynəyimi yuyana, Ceyran...
Əl-ələ həsrətdi, nəfəs-nəfəsə,
Dünyada köhnədən təzəsi yoxdu.
Köynəyə adi bir ütü çəkirsə,
Qadın əllərinin əvəzi yoxdu...
Qaşlarım qaradır, saçlarım ağdır,
Təbiət şəklimi çəkib yenidən.
Hamı bu dünyada qocalacaqdır,
Ancaq tək qocalmayan dərddi, yenidən.
Qadın, ilahi varlıqdır, əvəzsizdir.
Mən qızıma yazmışam:
Qızım, qardaşınla sən olmasaydın,
Deyərdim, dünyada anan olmayıb.
Mən eşidirəm televizorda verirlər, qadını döyürlər, bizim məhkəmələrin qadına münasibəti çox pisdir. Qadın kişidən qabaq ölməməlidir. Bu, düzgün deyil təbiətdə. Kişi qadından əvvəl ölməlidir. Çünki, onda qadın yaxşı ağlayar.
-Burda bir kişi eqoistliyi yoxdumu, ay Nəriman müəllim?
-Yox.
-Bəs o qadın yazıq deyilmi?
-Qadını olmayan kişi bədbəxtdir. Kişinin həyatında başqa qadınlar ola bilər amma bu calaq tutmur, axı. Mən elə bilirəm, adamın gözünün ilk ovundan başqası yalandır. Çox mürəkkəbdir. Məndə tutmur, başqasını deyə bilmərəm. Bəlkə də Sara mənim uşaqlıq yoldaşım idi, Gəncədə bir evdə böyümüşdük, ona görə bu, mənim üçün belədir. Sənə qurban, mən qıza da ana kimi baxıram. Oğlum evlənib, sevinirəm ki, anam dirilib, gəlib. Özüm deyirəm ki, anamdı, bizə qulluq eləyir, o olmasa biz ac qalarıq. Halbuku iyirmi beş ildir yaşayıram, orda-burda, onsuz, bir küçə adamı kimi.
-Heç kim yerini vermir, eləmi?
-Qızım, sənə qurban, qadın ayrıdır. Özü də sən qadını sevəndə qadın səni səndən artıq sevəcək. Çox həssasdır,
Şahım, bağışlayın birtəhər olur,
Qadın zəiflikdən hiyləgər olur...
Yeganə gücü var göz yaşındadı,
Yenə tufanları öz başındadır...
Qadın dərkolunmazdır. Onun bütün bu dərkolunmazlığı da kişiyə görədir. Mən ona görə hərdən düşünürəm ki, Avropada görəsən bu cür sevgi ola bilərmi? Qədim Roma nəyə görə dağıldı? Mənəviyyatsızlığa, əxlaqsızlığa görə. Avropada bu cür sevgi ola bilməz, o bizdədir. Biz romantikik, praqmatik deyilik. Niyə Aristotel deyir ki,
Şərq Şərqdir, Qərb Qərbdir.
Avropa praqmatikdir, realistdir. Böyük ingilis alimi Con Loq deyir: “Arzuyla yaşayan adamı mən məhkəməyə verərəm”. Mən isə fəxr edirəm arzularımla. Çox maraqlıdır. Bu, ona çatmır, belə tərbiyə olunub. Arzusuz necə yaşamaq olar, axı?
Səhv deyə bilərəm, fikirlər müxtəlifdir, ancaq mən o Qocalar evləri yaradırlar, onların əleyhinəyəm. Novruz bayramında getmişdim ora, orda Arif Paşayev onlara yemək verdirdi, hər birinə içində pul olan zərf göndərdi. Nolar, bunu başqaları da eləsin. Bu yaxınlarda eşitmişəm, əlil uşaqlara da yardım edib. Onlar imam nəslidilər. Bax, mənim qaldığım bu ev də Arif Paşayevin evidir, Mir Cəlal mən aspirant olanda mənə bağışladı. Mən 1965-ci ildən bu evdə yaşayıram.
-Sizin onunla tanışlığınızın da maraqlı bir tarixçəsi var, deyəsən...
-Hə, mən Qorki institutundan ikinci təhsil alıb gəldim, bizim tanışlığımız lap cavan şair olan vaxtımdan, 1954-dən başlayıb. Mən əsgərlikdən şineldə gəldim Yazıçılar İttifaqına, şeir oxuduq, çıxanda Mir Cəlal mənimlə görüşdü. Bizdə rəhmətlik gözəl yazıçı Əyyub Abbasov varıydı, əvvəl şair idi sonra əvəzssiz “İki Zəngəzur” romanı yazdı. Elə onunla da tarixdə qaldı. O da Gənclik nəşriyyatında şöbə müdiri idi. Mircəlal müəllim dedi ki, “Əyyub, Nərimanın şeirləri mənim xoşuma gəldi, onun kitabını dərc elətdirin”. Əyyub Abbasov da Mir Cəlal müəllimin bir sözünü iki eləmədi, məni apardı nəşriyyata, müqavilə bağladı, beləcə ilk şeirlər kitabım buraxıldı. Ondan sonra getdim əsgərliyimi çəkdim. Hələ orda olanda anam rəhmətə getdi, mən də anam rəhmətə gedəndə əsgərlikdən avtomatı götürüb qaçdım. Sovet Ordusunda qanunlar çox sərt idi, hərbi tribunala verildim. Sonra Rəsul Rza ilə Nigar Rəfibəyli general Əbilovdan xahiş elədilər, buraxıldım. Əks halda altı il həbs cəzası alacaqdım.
Mən əsgərlikdən buraxılanda Nigar, sənə qurban, darvazanın ağzında oturub axşamacan ağladım, kimin evinə gedim, deyə. Sonra gördüm, hamı deyir ki, sənə biz baxmışıq, kömək eləmişik.
Həyatım çox qəmli olub amma həmişə Mircəlal müəllim mənə atalıq eləyib. Bu mənim taleyimdir, qızım. Deməyə bilmərəm. Hələ mən onu demirəm ki, düz üç dəfə ürəyimdən əməliyyat olunmuşam hər dəfə də Arif müəllim əməliyyatın tarixi bilən kimi elə həmin gün də məni göndərib. O ailə mənimçün ocaqdır. Bu günə qədər də bu davam edir.
Söhbətləşdi Nigar İsfəndiyarqızı