Məlahət Xəlilova: “Artıq yeni yazarlar özlərinin ideoloji xəttinə uyğun olan cərəyanlarını müəyyən edib, onları uğura aparan yoldadırlar”
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” adlı layihəsi çərçivəsində növbəti dəyirmi masasını keçirib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məlahət Xəlilova ədəbiyyatın cəmiyyətdəki rolundan danışıb. O, qeyd edib ki, ədəbiyyat zaman-zaman bədii-estetik idrak ictimai-siyasi idrakın ilkin bazası, hərəkətverici qüvvəsi rolunu oynayıb.
Məlahət Xəlilova ədəbiyyatın bədii-estetik hadisə olmadığını deyib, onun sözlərinə görə, ədəbiyyat həm də, ideoloji məsələdir: “XXI əsrdə istər Azərbaycan, istər Avropa, istərsə də dünya ədəbiyyatının əsas hərəketverici qüvvəsi ədəbi cərəyanlardır. Müasir ədəbi cərəyanlar ədəbi proseslərin formalaşmasında müstəsna əhəmiyyətə malikdirlər. Müasir çağda ədəbi cərəyanlar elmi-metodoloji bazasından, yanaşma tərzindən asılı olaraq ədəbiyyat üçün həm də istiqamətverici stimulyatordur. Cərəyanlar müasir ədəbiyyatın ideoloji və estetik xətlərini müəyyən edən faktorlardır. Yarandığı gündən ədəbiyyat müxtəlif estetikalara və müxtəlif ideologiyalara xidmət edib.
Bu özünü ədəbi cərəyanların yaranmasında və ədəbi proseslərdə göstərib. Sürrealizm, Neoklassisizm, Romantizm, Parnasizm, Naturalizm, Simvolizm, Realizm, Futurizm, Dadaizm, Ekzistensializm, Personalizm, Modernizm, Postmodernizm, İmpressionizm, Ekspressionizm - sadaladığım "izm" lərin hamısı ədəbiyyata aiddir. Dünya ədəbiyyatında sadaladığımız "izm"lərin hamısında ədəbi əsərlər yazılıb. Eyni zamanda Azərbaycan ədəbiyyatında da, bu ədəbi cərəyanlara aid əsərlər var. Müasir ədəbi cərəyanların Azərbaycanın ədəbi sahəsinə ayaq açmasından sonra hesab edirəm ki, vəziyyət müsbət inkişaf məcrasına yönəlib. Artıq yeni yazarlar özlərinin ideoloji xəttinə uyğun olan cərəyanlarını müəyyən edib, onları uğura aparan yoldadırlar. Azərbaycanda ədəbi cərəyanlar dünya ədəbiyyatı ilə müqayisədə heç də pis pillədə deyil. Bu kontekstdə yeni yazılan əsərlər dünya oxucusuna təqdim etmək üçün yüksək keyfiyyətə malikdir”.
Məlahət Xəlilova qeyd etdi ki, bəzi yazarlar əsərlərində müxtəlif cərəyanları biri-birinə qarışdıraraq, öz estetik prinsiplərinin ziddinə gedir. M.Xəlilova postmodern görünmək üçün əsərlərinə qarmaqarışıq elementlər gətirən çoxlu sayda yazarların olduğunu iddia edir: “Yeni nəsil bəzi istedadlı yazarlarını müşahidə edəndə görürsən ki, bunun təbii stixiyası tamam başqadır və öz yolu ilə gedərsə daha çox uğur qazana bilər. Amma hay - küy onu da yolundan azdırar. “Hər şərin mahiyyətində bir xeyir, hər xeyirin də mahiyyətində bir şər var” prinsipilə, müasir Azərbaycan ədəbiyyatı da sıravi öncə qalmamaq üçün bu prosesi uğurla keçəcək”. Lakin M.Xəlilova hesab edir ki, peşəkar yazıçı heç də yazı prosesində hansı ədəbi cərəyana aid olmasını fikirləşməməlidir. O, yazan şəxsin hər hansı “izm”lə maraqlanmasını cəfəng hesab edir: “Sadəcə yazmaq lazımdır, bir qələm sahibinin işi ancaq yazmaqdır.
Qələmindən çıxan əsəri hansısa cərəyana daxil etmək, yazıları araşdırmaq və təsnifləndirmək isə nəzəriyyəçilərin problemidir. Azərbaycanda bu ənənə bərpa edilməlidir, bu sahədə müəyyən qarışıq mənzərənin şahidi oluruq. İndi həm tənqidçiliklə, həm də nəzəriyyəçiliklə yazarlar özləri məşğul olurlar”. Məlahət Xəlilova vurğuladı ki, müasir “izm”lərin Azərbaycan ədəbiyyatına axını müsbət haldır. İstənilən vəziyyətdə bunu inkişafa gedən yol adlandıran M.Xəlilovanın sözlərinə görə, müasir ədəbi cərəyanlarla yanaşı, ədəbiyyatda milli dəyərlərin izlənilməsi də nəzər alınmalıdır: “Vətənpərvərlik mövzusuna xüsusi yer verilməlidir. Hesab edirəm ki, ədəbiyyat Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı vasitədir. Son illərdə Qarabağa dair yazılan az sayda əsərlərə rast gəlirik. Məsələ yazarlarımızın diqqətində saxlanılmalıdır”.