Yoxsul xalqın milyonçu məmurları - Dollarlar onların balışı altındadır
Bakıda mənzildən 20 min dollar, qızıl-zinət əşyaları və odlu silahlar oğurlanıb
Hadisə Sabunçu rayonunda qeydə alınıb. Naməlum şəxslər Mayıl Şahverdiyevə məxsus mənzildən 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi oğurlayıblar. Qeyd edək ki, ev sahibi M.Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində polkovnikdir.
Şahverdiyevin sahib olduğu daşınar əmlakın dəyərinin aldığı maaşa adekvat olmadığı dəqiqdir. Amma o dəqiq deyil ki, təxminən 1000 manat civarında maaş alan polkovnik az qala 100 min manata yaxın qiymətə malik olan əmlaka necə sahib olub? Təsəvvür edin ki, qurumun bir idarə rəhbərinin bu qədər var-dövləti varsa, o zaman bu strukturun yüksək vəzifəli, rütbəli əməkdaşlarının nələri var?! Biz ittiham etmirik ki, Şahverdiyev və digərləri bu əmlaka qanunsuz yollarla sahib olublar, biz deyirik ki, sahib olunan əmlak maaşa adekvat deyil.
Vedrə-vedrə qızıllar
Son iki ayda baş verən üçüncü hadisəsidir ki, bu, hökumət daxilində ciddi qanun pozuntularının, korrupsiyaya yol vermə hallarının olması ehtimalını gücləndirir. İlk xəbər keçmiş rabitə naziri Əli Abbasovdan gəldi. Məlum oldu ki, nazir işləyərkən 2 min manat maaş alan Əli Abbasov hər ay şəxsi işləri üçün 300 min manat xərcləyirmiş. Müzakirələrdə "RİTN və rüşvət” mövzusuna yekun vurulmamış diqqətlər nəqliyyat naziri Ziya Məmmədova yönəldi. Xəbər yayıldı ki, Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxışovun evindən 800 min manat dəyərində qızıl-bəzək əşyaları oğurlanıb. Baxışov qızılları qatıq vedrəsində saxlayıbmış, oğru da elə qatıq vedrəsini aparıb. Söhbət 6-7 kiloqram qızıldan gedir.
Yoxsul xalqın milyonçu məmurları
Dollarlar əslində kimlərin balışlarının altındadır?
Şübhəsiz ki, nə Şahverdiyevin, nə Abbasovun, nə də Baxışovun aldıqları maaş kiloqramlarla qızıl, xarici valyuta ehtiyatı toplamalarına imkan vermir. Heç bir halda mümkün deyil ki, dəyəri minlərlə dollar olan bu boyda əmlak qəpik-qəpik, qənaətlə yığılsın. Adları məlum və naməlum oliqarx məmurlar, komitə rəhbərlərinin də rayonlarda, Bakıda sahib olduqları nəhəng biznes imperiyaları da qara qəpik işi deyil. Bu da haqlı olaraq deyilmiş o sözü gücləndirir ki, Azərbaycanda doğum evindən qəbrə qədər rüşvət və korrupsiya var. Amma belə faktların üzə çıxması bir yandan da yaxşıdır. Çünki bu halda cəmiyyət və hakimiyyətin özü də görür ki, dövriyyəyə buraxılmış pullar hara, necə yoxa çıxır, dəqiqə-dəqiqə dövlət büdcəsini şam kimi əridənlər kimlərdir. Bəli, getdikcə məlum olur ki, hakimiyyətin vətəndaşların balışlarının altında olduğunu zənn etdiyi milyardlarla dollar məmurların ciblərində, evlərində, qatıq vedrələrində imiş. Təsadüf deyil ki, beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan dünyanın ən korrupsiyalaşmış 5-ci ölkəsidir. Son illərdə demək olar ki, beynəlxalq təşkilatlarının hamısı hazırladıqları hesabatlarda Azərbaycan korrupsiya hallarına görə, kəskin tənqid olunur. Dünya Bankı dəfələrlə bu barədə hakimiyyətə ciddi xəbərdarlıq edib.
Rüşvətə "yaşıl işıq”
Mal varlıqlarını üzə çıxaracaq "Gəlir deklorasiyası” qanununun tətbiqinə də elə bütün fəaliyyətləri korrupsiyaya bulaşmış oliqarx məmurlar mane olurlar. Amma işin ilginc tərəfi bu deyil, maraqlısı budur ki, evindən yüz minlərlə dollar dəyərində əmlakları oğurlanan məmurlar, idarə rəhbərləri bunu qorxmadan, çəkinmədən, tənqid və təqiblərə məruz qalacaqlarından çəkinmədən mətbuata ötürürlər. Hətta oğurluq üzərindən çox rahatlıqla polisə müraciət edirlər ki, məsələ araşdırılsın. O da maraqlıdır ki, mətbuat bu kimi halların üzərinə getdikcə, həmin kateqoriya məmurları tənqid etdikcə nə hakimiyyət (formal olsa da), nə də cəmiyyət qalxıb bir söz deyir. Hakimiyyətin susqunluğundan və belə məmurlar haqda tədbirlər görməməsindən çıxan məntiq budur ki, vəzifədən sui-istifadə hallarıyla əmlak yığmaq, dövlət pullarını mənimsəmək hakim komandanın əsas qaydasıdır. Məmurlara korrupsiya hallarına yol vermələrinə ona görə "yaşıl işıq” yandırıla bilər ki, əgər vəzifədə olarkən təyin edilmiş kursdan kənara çıxsa, sonradan bu cinayətləri onları "vurmaq” üçün fakt kimi istifadə olunsun. Əli Abbasov və ləğv edilmiş MTN-nin keçmiş rəhbəri Eldar Mahmudov buna göstəriləcək son nümunələrdir.(cebhe.info)
Miq.az