Zakatalada əhali içməli su ilə təmin edilib

Zakatalada əhali içməli su ilə təmin edilib

Vətəninfo.az-a  “Azərsu” Açıq  Səhmdar Cəmiyyətinin Mətbuat  xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq  içməli su çatışmazlığının  müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılması layihələrinin icrası davam etdirilir. “Azərsu” ASC-nin həyata keçirdiyi layihə çərçivəsində Zaqatala rayonunun  Əlibayramlı, Muğanlı və Üçüncü Tala (Dombabinə) kəndlərinin içməli su təchizatı yaxşılaşdırılıb. Məlumata görə, əvvəllər Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərində su təchizatı sistemi olsa da, artezian quyusunun istismara yararsız vəziyyətə düşdüyündən kəndlərin içməli su ilə təminatında çətinliklər yaranıb. Bu kəndləri  dayanıqlı içməli su ilə təmin etmək üçün   rayonun Əlibayramlı kəndi ərazisində yeni artezian quyusu qazılıb.

Yeni arteziandan çıxarılan su mövcud magistral su xətti ilə  Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərinə ötürülür. Su mənbəyində mövcud bulaq əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib. Layihənin icrası nəticəsində Əlibayramlı kəndində 3051, Üçüncü Talada 1844, Muğanlı kəndində 2787, ümumilikdə 7682 nəfərin içməli su təchizatı  yaxşılaşdırılıb. Zaqatala rayonunun Əlibayramlı kəndində yeni subartezian quyusunun istismara verilməsi ilə bağlı təşkil olunan tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov layihənin əhəmiyyətindən danışıb, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib..“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini  Vəli Həsənov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin  gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq layihələrin icrası davam etdirilir. Zaqatala rayonunun Əlibayramlı kəndində  yeni subartezian quyusunun istismara verilməsi nəticəsində Muğanlı, Əlibayramlı və Üçüncü Tala kəndlərinin içməli su təchizatı daha da yaxşılaşacaq. Layihə çərçivəsində Əlibayramlı kəndindəki  bulaq da əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib”.Tədbirdə çıxış edən kənd sakinləri əvvəllər içməli su təchizatında çətinliklərin olduğunu xatırladaraq, yeni layihənin icrası nəticəsində bu problemin həll edildiyini diqqətə çatdırıblar.  “Azərsu” ASC  hazırda Zaqatala şəhəri ilə yanaşı,  rayonun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndləri də daxil olmaqla 9 kənd yaşayış məntəqəsinə xidmət göstərir.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az