Ziyalı mövqeyi, yoxsa yorğan davası

Ziyalı mövqeyi, yoxsa yorğan davası

İlham Əliyev

Müxalifət yazarları həbsdən çıxandan sonra düşərgəsini dəyişmiş Eynulla Fətullayevin  Rüstəm İbrahimbəyov haqqında cəmiyyətə ünvanladığı suallara cavab verə bilmədi. Yenə də bolşevik təfəkkürü ilə “bizim kimi düşünmür, demək bizdən deyil” reaksiyası verib məsələni bağladılar. Halbuki, Fətullayev keçmiş məsləkdaşlarına düşündürücü suallar vermişdi. Nədən Azərbaycanın qanlı-qadalı illərində, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalanda əsilzadə nəsildən olduqları ilə qürrələnən şamaxılı İbrahimbəyovların səsi çıxmırdı? İbrahimbəyovlara təntənəli yubileylər keçirəndə bu iqtidar yaxşı idi, keçirməyəndə pisdi? Deyirlər Rafiq Əliyev, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli ortaya “ziyalı mövqeyi” qoyur, ona görə susmur, ölkənin  problemlərinə biganə qala bilmirlər. Doğrudur, Dağlıq Qarabağ kimi böyük problemi var. Amma bu problem dünən başlamayıb. 20 ildən artıqdır ki, ölkənin 20 faizi işğal olunub. Güclü himayədarları olan ermənilər torpaqlarımız ıişğal edib, insanlarımızı öz torpaqlarından didərgin salıblar. Qarabağ uğrunda təkcə Ermənistan savaşmır. Dünyanın harasında erməni varsa, Qarabağın Ermənistana birləşməsi üçün çalışır. Rusiya paytaxtının elmi dairlərində, dövlət qurumlarında, mədəni mərkəzlərində kök salmış nüfuzlu ermənilər tək məqsdəi Qarabağın Azərbaycandan qoparılmasına nail olmaq, işğala hüquqi don geyindirməkdir.  Moskvadan gələn qonaqlarına təmiz ev çaxırı içirən Rüstəm İbrahimbəyov bircə dəfə də olsun onlara Azərbaycanın dərdlərindən danışıbmı? Çətin. Çünki İbrahimbəyov kimi rus təfəkkürlü ziyalıların mahiyyəti çoxdan bəlldir Azərbaycan xalqına. Onlar məşhur misalda deyildiyi kimi “ver yeyim, ört yatım” məntiqi ilə yaşayanlardır. Komfort yaşam tərzinə təhlükə yaranan kimi dəyişər, inciyər, küsərlər. 

 Cəmil Həsənli Milli Məclisin deputatı adını daşıyanda niyə Eldar Namazovun “Ziyalılar klubu”na qoşulmurdu? Rafiq Əliyev hansı xarici görüşdə Qarabağdan danışıb? Moskvanın mədəni mərkəzlərində İbrahimbəyovu tanımayan yoxdur. O vaxtını Mixalkovla mənasız intriqalara sərf edincə, yüz illərlər davam edən erməni məkrindən, erməni terrorundan dnaışa bilməzdimi? 

  Rüstəm İbrahimbəyov o zaman danışmağa başladı ki, qardaşı Maqsud İbrahimbəyov deputat seçilmədi, Kino Evinə yer ayrılmadı. Şamaxı çaxırı çəkmək imkanı azaldı.  “Vətəndaş mövqeyi sərgiləyən ziyalı” xalqın maraqlarından çıxış edər. Lazım gələndə susub, lazım gələndə danışmaz. Bu hakimiyyət İbrahimbəyovun əməyini dəyərləndirəndə, ona “Şöhrət” ordeni verəndə yaxşı idi, indi pis oldu? Nə dəyişdi axı? Özünü xalqa yaxın göstərmək istəyən, amma komfort həyat tərzi keçirən İbrahimbəyovun sadə azərbaycanlıdan xəbəri varmı? 

 Son 20 ilin siyasi hadisələrində çox sifətlər açılıb. “Xalqın maraqları tapdalanır” deyin sinə yırtan adamların qarnı doyan kimi fikrini dəyişdiyini, hər seçkidə “vətəndaş mövqeyi sərgiləyib”, seçkidən sonra oğluna, kürəkəninə iş düzəldib səssizə çəkilən “ziyalıları” çox görmüşük. Belələrinin “mübarizə”sinə , sadə xalq dilində “yorğan davası” deyirlər. Xalqdan uzaq düşdüyü üçün  Rüstəm İbrahimbəyovun yəqin ki, bu deyimdən də xəbəri yoxdur. Olsaydı bilərdi ki, onun “mübrazəsinin” mahiyyəti elə yorğan davasıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az