Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən Vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.
MEK əməkdaşları tərəfindən 1997-cı il aprelin 7-də Xüsusi Təyinatlı Kəşfiyyatçı
Qrupumuzun "Xocavənd əməliyyatı” haqqında Vikipediyanın Azərbaycanca bölməsində
məqalə yaradılıb.
Məqalənin yaradılmasında məqsəd Vətənimizin igid oğullarının döyüş və mübarizə
yolunu yaddaşlara həkk edib onların xatirəsini əbədiləşdirməkdir. Qeyd edək ki,
bu hadisənin baş verdiyi vaxtdan artıq 20 il ötüb. 1997-ci ilin aprelin 7-də
cəbhənin Xocavənd rayonu istiqamətində düşmən arxasına keçən 8 nəfərdən ibarət
Xüsusi Təyinatlı Kəşfiyyatçı Qrupumuz döyüş tapşırığını uğurla yerinə
yetirmişdi. Bu tapşırıq Ermənistan ordusunun Azərbaycan torpaqlarında
dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, döyüş
texnikaları haqqında məlumatların toplanılması, hərbi eşelonlarında
istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsindən
ibarət idi. Lakin Xüsusi Təyinatlı Kəşfiyyatçı Qrupu döyüş tapşırığını yerinə
yetirdikləri üçüncü gün mühasirəyə düşmüş və yalnız bir nəfər istisna olmaqla
qrupun digər üzvləri düşmən əsgərlərinin əlinə keçməmək üçün özlərini qranatla
partlatmışdır.
Şəhidlərimiz yalnız 6 aydan sonra – oktyabrın 14-də Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin səyi nəticəsində erməni cəsədləri ilə dəyişdirilmiş
və iki gün sonra Bakıda II Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ağır
yaralanaraq əsir düşən qrupun bir üzvü - Aqil Əhmədov 23 aylıq əsirlikdən sonra
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin və Beynəlxalq Qırmızı Xaç
Komitəsinin vasitəçiliyi ilə Vətənə qaytarılmışdır. Xatırladaq ki, Xüsusi
Təyinatlı Kəşfiyyatçı Qrupun üzvləri mərhum prezident Heydər Əliyev tərəfindən
"Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib:
- Leytenant Ağayev Elxan Ataxan oğlu;
- Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu;
- Çavuş Rzayev Anar Üzeyir oğlu;
- Çavuş Mustafayev Dinar İbrahim oğlu;
- Çavuş Həsənov Aqşin Əli oğlu;
- Çavuş Ələkbərov Nizami Səfi oğlu;
- Çavuş Cavadov Fariz Şamil oğlu;
- Çavuş Aqil Əhmədov Mürsəl oğlu. (Sağdır)
Eyni zamanda bu məlumat MEK layihəsi olan Azərbaycan Milli Rəqəmsal Yaddaşı
bazasında da milli dəyər kəsb edən məlumat kimi daxil edilib.
Xatırladaq ki, MEK əməkdaşlarının çalışması nəticəsində Vikipediyada 20 Yanvar
və Milli Qəhrəmanlara həsr olunmuş səhifələr yaradılıb, müxtəlif dillərə
tərcümə edilib.
Məqalə ilə BURADAN tanış ola bilərsiniz.