Xalid Mahmudlu
adam kişi olanda
siqaretin tüstüsünü göyə üfürməz,
içində saxlar...
dərdi kişi kimi çəkər,
fərq qoymaz böyük-kiçikliyinə...
kişilər göz yaşı axıtmaz, içində ağlar...
zamanın kəndiri uzun, ha uzat əlini, çatmaz.
kişilər getdiyi yolda ölər,
ölər, geriyə qayıtmaz...
və qucub torpağı bir az, və sevər sevgilisitək.
başını qoyduğu daşın, üzünü yalayar külək...
üzündə qəbir sükutu,
ruhunda ölüm iməkləyər addım-addım...
və açıq olar ürəyinin pəncərəsi,
baxıb keçsin deyə hər adam...
dolu döyə gözlərimi, əllərimi yağış yuya,
addım atdığım küçənin divarını qarğış yuya,
inandığım bu deyilsə...
ən doğrusunu sən bilirsən, sevgilim!
bir az Allah,
bir az vətən,
bir az qadın olar adamın içində,
adam kişi olanda...
sevgilər unudulur...
səhər küləklərinin dodağında sakitcə,
pıçıldayır küçələr...
sevgililər unudur, sevgilər unudulur...
bizə görə deyilmiş
ayrılıqdan yaranmış sevginin qulu olmaq.
bunu düşünməmişdik,
illərlə yığdığımız gözümüzün içində
bir gün lillənib gedər.
ruhumuza sarılan qorxuya gülə-gülə
başımızın üstündən bir əl yellənib gedər...
bu da son...
sözün bitdiyi küçə, sonun başlandığı yol...
gəl burdaca ayrılaq, ayıraq yolumuzu.
sən səs gələn tərəfə,
mən it hürən tərəfə...
bir az romantika
tıxananda boğazım bir cansıxan qəhərdən,
köhnə görüş yerinə
sənsiz dönürəm hərdən...
köhnə görüş yerimiz...
əl-ayaq yığışanda qəribsəyir gör necə?!
kövrək baxışlarıyla,-
bir az da ümid yağır…
yolumuzu gözləyir elə bil ki hər gecə...
xəfif külək yalayır göy suların üzünü,
yarpaqlar da titrəşir
səssizcə,
aram-aram.
arzular ürəyimdən çıxıb bir-bir özünü,
intihar həvəsiylə atır suya sakitcə...
bax, beləcə baxıram,
bir azca darıxıram...
kimsə yox,
hər yer sakit, qaranlıq çox fikirli,
günahkar küçələrin ölgün baxışı kirli...
təkcə pozur arabir
gecənin sükutunu qatarların fit səsi.
bir də ki, yorğun düşüb
hardasa qərib-qərib,
sahibindən inciyən bir kimsəsiz it səsi...
tıxananda boğazım bir cansıxan qəhərdən,
köhnə görüş yerinə
sənsiz dönürəm hərdən...
***
üstündəki yuxunu çırp,
çırp dərdlərin yaxasına.
qapısın aç, gir ömrümün,
gün doğmamış yuxusuna...
sükutunla sığal çəkmə,
üzündə ağlayan səsə.
ürəyin dolunca hönkür,
ömür varaqlayan səsə...
burax dərdlərin başını,
nə çəkərsə, zaman çəkər...
ölüm bir ev tikib gedər,
həyat içində can çəkər...
***
çıxıb gedəsən,
hamıdan xəbərsiz uzaqlaşasan
dostlardan, doğmalardan...
hamı öldüyünü düşünə,
ya da itgin düşdüyünü...
onsuz da
bir az torpağın üzü soyuqdu,
bir az adamların üzü...
bizdə soyuqlar tez düşür,
üşüyür damların üzü...
çıxasan gecələr yola,
qayıdasan səhər yoldan.
tıxana sözün boğazı,
asıla bir qəhər yoldan...
gedəsən qayıtmaq üçün,
gedəsən, qayıtmayasan...
və beləcə unudulasan
bir kimsəsiz məzar kimi...