"Ağır hadisədir, hüququn yerinə fiziki güclə məsələni çözürlər
"Hər kəsin ən azı özünə hörmət qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac var"
"Ağır hadisədir,
hüququn yerinə fiziki güclə məsələni çözürlər. Bir statusa görə
jurnalisti öldürmək, bir xoşa gəlməyən cavaba görə dostunu, qadını,
ərini, yaxınlarını, çevrədəki insanları qətlə yetirməyin ənənəyə
çevrildiyi bir cəmiyyətin gəlib çıxdığı real nəticədir".
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, millət vəkili
Fazil Mustafa Facebook səhifəsində jurnalist Rasim Əliyaevin döyülərək
öldürülməsinə münasibət bildirib.
Öldürülən jurnalistin yaxınlarına başsağlığı
verən millət vəkili bildirib ki, bu hadisə ilə əlaqədar başqa bir neçə
detala soyuqqanlı diqqət yetirməliyik: "Ölkəni xaricdə təmsil edən əksər
futbolçular kimi, bu futbolçunun da təhsili və dünyagörüşü aşağıdı,
bunu da yanlış jestlərlə, jurnalistlərin suallarına cavablarla biruzə
verir. Kiprli jurnalist soruşur ki, niyə türk bayrağını qaldırdın, cavab
verir ki, "türklər mənim dostumdur!" "Biz də türkük!" demək nə qədər
ciddi hazırlıq tələb edir?
Mərhum jurnalistin peşə hazırlığı yetərli
deyildi, birbaşa gənc futbolçunu əxlaqsız və tərbiyəsiz adlandırır,
halbuki dilin imkanları yetərincədir ki, söyləmək istədiyi ən sərt fikri
belə daha mədəni üslubda və dolayı formada ifadə etsin. Futbolçunun bu
hadisəyə qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan həyatına
sayğıdan xeyli yuxarıdadır.
Ən acınacaqlısı isə ədalətin məhkəmə yolu ilə
bərpa olunmasına inamın gündəmdən çıxmasıdır ve insanlar öz "qanunları
ilə" bir-birini susdurmağa cəhd edirlər. Qısacası, bu aqressivliyin
azalmasını, insanların hüquqa, bir-birinin haqqına hörmət etməsini
istədiyimiz cəmiyyətdə futbolçusu da, jurnalisti də, siyasətçisi də,
sahibkari da, polisi də, müəllimi də, oğrusu da, müğənnisi də lazımi
təhsil almalıdır, sağlam dünyagörüşə sahib olmalıdır.
Unutmayaq ki, ötən aylarda bir müğənni də
apardığı "razborka"nı rahatlıqla videoya qoymuşdu, məmur-sahibkar
övladları yol polisi hansı səviyyədə təhqir etmişdi. Hüquq ədalətli
şəkildə insanlara toxunmayanda, insanlar bir-birinin hüququna bu kimi
aqressiv formalarda toxunacaqlar. Yəni hər kəs öz imtiyazı səviyəsində
hüququn üzərinə çıxanda hüququn beli bükülmüş qalacaqdır. Linç etməklə
problem çözülmür, bundan sonrakıları tərbiyələndirmək və hər kəsin ən
azı özünə hörmət qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac
var".