El məclislərinin birində Alim Qasımovla bərabər bəstəkar-müğənni Arif Səlimov da iştirak edirdi. Arifi görən Alim Qasımov ondan “Nədən saçların bəyazlanmış arkadaş” mahnısını oxumağı xahiş etdi. Mahnını sona qədər dinləyən sənətkar məclis əhlini Arifi alşıqışlamağı xahiş etdi və bəstəkar elə oradaca Alim müəllimin yenicə dünyaya gələn nəvəsi Alim üçün eksklüziv mahnı ifa etdi. “Mən xoşbəxtəm ki, Şəfiqə Axundova və Alim Qasımov kimi sənətkarlar sənətimə qiymət verir”, - deyən Arif Səlimov Vətəninfo.az-ın suallarını cavablandırıb.
- “Peşimanam, peşimana nə deyim?”Ölməz Ş.Axundova bəstəsindən doğan sualı sizə verirəm. Həyatınızın peşimanına nə deyərdiniz?
- Çox çətin sualdı. Qeyd edim ki, ən gözəl bəstələrim kədərli anlarımda yaranır. Həyatımdakı hicranlar, ayrılıqlar mənə güc verir ki, belə bəstələrim yaranır. Həmin kədərə, ağrı-acıya minnətdaram ki, var. Kədər mənim yol yoldaşımdır. Həyatımın peşimanı var və o peşimana minnətdaram ki, ən ağır anımda belə mənə ruh verir. Elə o peşimana görə yaşayıb yaradıram. Ancaq o peşimana demək istəyirəm ki, səni sevə-sevə öldürəcəyəm. Səni gülə-gülə öldürəcəyəm. Hər bir səbəbsiz gedişin hesabatı verilməlidir. Mən səbəbsiz gedişləri qəbul etmirəm. Mən mənə əzab verən insanın ölümünüy yox, çəkdiklərimin hesabatını verəcəyi günədək ondan həmin hesabatı gözləyəcəm.
- Salam verməyi belə unudan səssiz, disk müğənnilərinə nə deyərdiniz?
- Allahın salamını verməyi bacarmayandan nə gözləyəsən? Səssiz, disk müğənniləri hələ salam verməyi öyrənsinlər, oxumaqları bir yana qalsın. Hər gənc ifaçı təcrübəli, yaşlı müğənnilərin qədrini bilməli, onlara dəstək olmalıdırlar. Səs, sənət yox, ancaq dik-dik gəzirlər, sənətkarları görüb düz keçirlər. Axı siz kimsiniz? Bu sizin pazıllığınız, qibtənizdir. Səsiniz yoxdur! Susun, danışmayın! Danışmağa belə haqqınız yoxdur. Layihələrinizi ortaya qoyun, baxım. Başınızı qeybətlərə qatmayın, uğurları görəndə ürəyinizə yük etməyin, xəstələnərsiniz.
- Sənətcə, səslə sizdən aşağı olanların arxanızca danışmalarına münasibətiniz.
- “Səsimlə döyərəm, ağlımla öldürərəm”. Səsləri yoxdursa, işləri yoxdursa, toy bazarında adları yoxdursa, nə etməlidirlər? Boşluqdan danışırlar da. İt hürər, karvan keçər. Mənim adımı çəkməkləri ilə özlərini reklam etdirmək hülyasındadırlar. Əsla buna yol vermərəm. Mənim adımı yalnız sənətkarlar çəkə bilər. Əgər bəstələrimi xalq artistləri Samir Cəfərov, Flora Kərimova, Nazpəri Dostəliyeva, Məleykə Əsədova, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovalar, Nuriyyə Hüseynova, Naibə Allahverdiyeva, müğənnilərdən Almaz Saraylı, Bahar Lətifqızı, Zahidə Günəş və başqaları ifa edirlərsə, deməli mən varam, yaşayıram. Nazpəri xanımın duet ortağı olmağım isə mənim qürurumdur. Qarşıdan ölməz Şəfiqə Axundovanın 90 illiyi gəlir. “Ey yaşayan əfsanə” adlı layihəmi əməkdar artist Gülyaz Məmmədova ilə birgə reallaşdıracağıq. Həyatım boyu Gülyaz xanıma borcluyam. Gülyanaq xanım isə mənə ilham verəm bir sənətkardır.
- Sizə qarşı nankor çıxanlara sözünüz.
- Hər şeyi Yaradan özü görür. Əziyyətli həyat yolu keçmişəm, hər şeyi çətinlikləəldə etmişəm. Mənə nankorluq edənlərin cəzasını Allah özü verəcək. Onları düşünməyə belə vaxtım yoxdu. Öz işimdə-gücümdəyəm. Bu dəfə mənə qarşı çaşanlara sərt qərarlar tətbiq edəcəyəm. İndi tamam başqa bir Arif olmuşam. Əzabımdan sevinənlər kədərimdən su içsinlər. ...Beləcə Arifdən ayrılıb redaksiyaya üz tuturam. Hələ də qulağımda Alim Qasımovun heyrətlə dinlədiyi “Nədən saçların bəyazlanmış arkadaş” mahnısı səslənirdi.
Alim Nəbioğlu, Araz Hacıyev
Vətəninfo.az