Braziliyada futbol üzrə XX dünya çempionatının final oyunu başlayıb.
Vətəninfo.az xəbər verir ki, iyulun 13-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakano” stadionunda Almaniya və Argentina milli komandaları qarşılaşıblar. Birinci hissə artıq başa çatıb, amma hələ ki hesab açılmayıb.
Komandalar meydana aşağıdakı heyətlə çıxıblar:
Almaniya: Manuel Neuer, Benedikt Hoevedes, Mats Hummels, Sami Xedira, Bastian Şveinşteiger, Mesut Özil, Miroslav Kloze, Tomas Müller, Toni Kruz, Filipp Lam və Jerome Boatenq.
Argentina: Serxio Romero, Ezequel Qaray, Pablo Zabaleta, Lukas Biqlia, Enzo Perez, Qonzalo İquan, Leonel Messi, Xavier Maskerano, Martin Demiçelis, Markos Rojo və Ezequel Lavezzi.
Görüşü italiyalı baş hakim Nikola Rizzoli idarə edir. Ona həmyerliləri Renato Faverani və Andrea Stefani kömək edirlər. Matçın dördüncü hakimi isə ekvadorlu Karlos Veradır.
Qeyd edək ki, Almaniya və Argentina milliləri öz aralarında 20 dəfə görüşüb. Bu görüşlərdən 9-da Argentina, 6-da Almaniya qalib gəlib. Daha 5 oyun bərabərliklə başa çatıb. Komandalar arasında görüşlərdən 6-sı dünya çempionatları çərçivəsində keçirilib. Argentina və Almaniya 2 dəfə dünya çempionatının finalında üz-üzə gəliblər. 1986-cı ildə keçirilən finalda Argentina komandası 3:2 hesabı ilə qələbə qazanıb. 1990-cı ildə Almaniya bu məğlubiyyətin əvəzini çıxıb. O zaman almaniyalı futbolçular 1:0 hesabı ilə qələbə qazanaraq dünya çempionu olublar.
Oyunun əsas 90 dəqiqəsi də başa çatdı. Amma komandalar meydandan 0:0 hesablı bərabərliklə ayrıldılar. Dünya Çempionatının qalibi əlavə 30 dəqiqədə də bəlli olmasa penaliti təyin ediləcək.
Qarşılaşmanın 113-cü dəqiqəsində Almaniya hesabı açmağa müvəffəq olur. Fərqlənən futbolçu isə Mario Geotze oldu. Onun vurduğu yeganə qol Almaniyanı Dünya çempionu etdi. 1990-cı ildə olguğu kimi, yenə də Almaniya minimal hesabla Argentinanı məğlub etdi.
Vətəninfo.az