Ötən saylarımızın birində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba rayon şöbəsinin rəisi polkovnik-leytenant Çingiz Kiçibəyovun yol verdiyi ciddi nöqsanlar, adıçəkilən rayonun hərbi çağırışçıları və onların valideynlərinə yaratdığı süni əngəllər barədə ətraflı məlumat vermişdik. Həmçinin onu da qeyd etmişdik ki, Hərbi Prokurorluq SHXÇDX-nin Quba rayon şöbəsində araşdırma aparsa, polkovnik-leytenantın vəziyyəti heç də yaxşı olmayacaq.
Mövzu ilə bağlı əldə etdiyimiz ən son bilgilərdə isə deyilir ki, əvvəllər Səfərbərlik Xidmətinin Şəki rayon şöbəsində ikinci şöbənin rəisi, sonra isə adıçəkilən qurumun Neftçala rayon şöbəsində üçüncü şöbənin rəisi vəzifəsində çalışan Çingiz Kiçibəyov SHXÇDX-nin Quba rayon şöbəsində «hərbi bilet bazarı» açıb: «Rayon sakinləri bildirirlər ki, hazırda rayonda sağlam gənclərin əsgərlikdən yayınması problem deyil. Ona görə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi polkovnik-leytenant Çingiz Kiçibəyov istənilən şəxsin bu arzusunu müəyyən «şərt» qarşılığında həyata keçirir. Qubalılar iddia edirlər ki, hərbi bilet almağın, yəni sağlam çağırışçının «komsovat» edilməsi 8-10 min manata başa gəlir. Bundan başqa, Çingiz Kiçibəyov məclislərdə «Arzu Rəhimovun payını verirəm, buna görə də mənə dəyməz», deyə arxayınlığının səbəbini bununla izah edir». Səfərbərlik Xidmətinin Quba rayon şöbəsinin rəisinin yaxın qohumlarından birinin sayt rəhbəri olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və ümumilikdə adıçəkilən qurum haqda mətbuat yayılan tənqidi yazıların səbəbkarı məhz odur: «Deyilənlərə görə, Çingiz Kiçibəyov məhz qohumu olan sayt rəhbərinin vasitəsi ilə barəsində yayımlanan tənqidi yazılarla bağlı yaranmış problemləri yoluna qoymaqla yanaşı, Arzu Rəhimov və Səfərbərlik Xidməti haqda bilgiləri də özünə yaxın olan kütləvi informasiya vasitələrinə ötürür. Nəzərinizə çatdırım ki, hazırda qurumun Quba rayon şöbəsində acınacaqlı vəziyyət hökm sürür.
Belə ki, xidmət rəisi Çingiz Kiçibəyov nöqsanlı əməllərə imza ataraq əhalinin ciddi narazılığına səbəb olub. Çünki Səfərbərlik Xidmətinin Quba rayon şöbəsinin rəisi üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən lazımınca gələ bilmir. Həmin şöbədə mövcud olan ən ciddi problemlərdən biri də çağırışçıların tibbi müayinədən keçirilməsi zamanı yaşanır. Belə ki, Quba rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyası Çingiz Kiçibəyovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin «iş»ini həll edirlər. Yəni həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları müəmmalı sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. Məhz elə bu səbəbdən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, eləcə də ölkənin rəhbi prokuroru Xanlar Vəliyev dərhal Çingiz Kiçibəyovun fəaliyyətinin araşdırılması ilə bağlı göstəriş verməlidirlər. Əgər bu baş verərsə, o zaman çox ciddi nöqsanlar aşkarlana bilər».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.