“Atamsız keçən hər günüm bir əzabdır”

“Atamsız keçən hər günüm bir əzabdır”

Ölməz sənətkarımız Vidadi Bərdəlinin qızı Aytac atasının sənət estafetini layiqincə davam etdirir. Gənc olmasına baxmayaraq öz sənəti ilə peşəkar sənətkarların diqqətini cəlb edə bilib və həmin sənətkarların xeyir-duası ilə inamla addımlayır. Aytac xanımın eksklüziv olaraq Vətəninfo.az-a açıqlaması: “Hər addımımda, hər hərəkətimdə düşündüyüm bir məqam var – Vidadi Bərdəlinin qızı Aytac olmağım. “Həyat gözəl” adlı mahnımdan sonra qərara gəldim ki, atamın ruhunu şad etmək və onu yaşatmaq üçün repertuarına müraciət edim.

Atamın vaxtilə oxuduğu “Sənsizəm” mahnısını yeni aranjimanda lentə aldırmışam. Təbii ki, bu mahnını oxumaq mənim üçün çətin idi. Mahnının sözlərindəki hər bir misra səsyazma studiyasında məni göz yaşlarına qərq edirdi. Dinləyənlər mənim ifamda bu mahnını çox bəyəniblər. Hətta ATV kanalında “Gün keçir” proqramında bu mahnını oxuyanda mənə sonsuz zənglər gəldi. Bu gün atamın sənətini sevənlərin diqqət və qayğısının əhatəsindəyəm. Hörmətli musiqiçi Bahadur Qasımlının rəhbərlik etdiyi kollektivlə bərabər silsilə retro mahnıları lentə aldıracağam. Ona da aydınlıq gətirim ki, “Sənsizəm” mahnısına klip çəkdirəcəm. Klipdə atamın ifasına da yer ayıracam. Bu sanki bir duet olacaq, səslərimiz qovuşacaq. Mənə elə gəlir ki, bu Vidadi Bərdəlisevərlərə mənim ən böyük hədiyyəm olacaq. Heç kimə atasızlıq arzulamıram. Atamsız keçən hər günüm bir əzabdır”. Biz də Aytac xanıma uğurlar arzulayırıq. Övlad təkcə həyatda deyil, dünyasını dəyişəndən sonra da valideyninə dəyər verirsə, ona yalnız alqış düşür. Var ol, Aytac!

Alim Nəbioğlu

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az