Aygün, Röya, Tolik, Nadir və daha kimlərə necə “atıblar”? - SORĞU

Aygün, Röya, Tolik, Nadir və daha kimlərə necə “atıblar”? -  SORĞU

Şou-biznes əhlinə pul da atıblar, paltar da, üstəlik...

Atalar “borclu borclunun sağlığını istər” deyib. Amma əksər hallarda borclu sağ olsa da, aldığı pulu qaytarmaq istəmir. Elə Lent.az da  şou əhli arasında sorğu aparıb: kimlərin borcunu kimlər alıb, amma qaytarmayıb?

Firuzə İbadova:

 - Bəli, mənə pul atıblar. Özü də xeyli. Deməli, mənim Mərdəkanda 5 sot torpaq sahəm vardı. Günlərin bir günü o torpaq sahəmi 30 min dollara satmaq qərarına gəldim. Özü də ki, bütün sənədlərini düzəldib, satdım. Bu evi iki şərik alırdı. İlk əvvəl mənə torpağa şərik olan biri doqquz min beş yüz, o biri şərik isə beş min dollar verdilər. Onlar sonra dedilər ki, pulun yarısını da bir müddət sonra verəcəyik. Məndə razılaşdım. Amma bir müddət sonra torpağı satdığım iki şərikdən biri avtomobil qəzasında dünyasını dəyişdi. O biri də şərikinin pulunu vermədi. Mən də qaldım pis vəziyyətdə.

Əli Mirəliyev:

- Əvvəllər məni toya çağırırdılar, vəd etdikləri puldan artıq yüz, iki yüz manat verirdilər. Bəzən elə olub ki, görmüşəm ki, kasıb ailədir, pul götürməmişəm. Amma bu yaxınlarda bir adam var idi, məni toylarına dəvət etdilər. Mən də öncədən söylədim ki, bu qiymətə gedirəm. Onlarda razı oldu, dedilər ki, gəlin oxuyun, nə desəniz verəcəyik. Amma dediklərinə əməl etmədilər. Mənə vəd olunan pulun yarısını verdilər. Ürəyimdə dedim ki, xeyrini görməyəsiniz. Elə qarğışım da həmin adamları tutdu. Sonradan eşitdim ki, ailələri dağılıb. Mən seyid adamam. Seyidin pulun kəsərlər? Olmaz məni aldatmaq. Ahım pisdir. Özüm də ki, xəstə adamam. Halallıq yaxşı şeydir.

 Elit-star Cəmilə:

- Yaralı yerimə toxundunuz. Bir tanıdığım insan məni el şənliyinə çağırmışdı. Toyu oxudum, çıxdım ki, həmin tanışımın telefonuna zəng çatmır. Elə o zamandan heç kimə inanmıram. Toy pulunu elə məclisdən öncə alıram. Pul verməyən insana nə edəcəm ki? Əfsuslar olsun ki, belə insanlar da var.

Prodüser Təranə Səmədova:

- Bu şou-biznesdə ən çox pulu atılan bəlkə də mənəm. Amma Allah böyükdür, özü görür. Mənə pul atanların cəzasını verəcək.

Prodüser Tolik:

- Mənə elə də pul atan olmayıb. Amma belə bir şey olub ki, bir nəfər mənə söz verib filan yerdə filan şeyi iki yüz manata verəcəklər, get götür. Getmişəm, amma dörd yüz manata  başa gəlib. Dəqiq bilmirəm, deyəsən bu geyim alanda olmuşdu. İndiyə qədər çalışdığım müğənnilər mənə pul atmayıb. Çünki, konserti, toyu və digər tədbirləri mən danışıram, müğənnini görmək istəyən ilk öncə mənimlə danışır. Bu səbəbdən pul ilk olaraq mənə verilir, mən də ordan faizimi götürürəm, daha sonra müğənniyə verirəm. Burda müğənnin mənə pul atması imkanı olmur. Bu hal yalnız müğənnilərin köməkçilərinin başına gələ bilər. Mənim başıma gəlməyib. Olub ki, elə bir adamdan borca pul istəmişəm, müğənni istəsə idi verməzdi, amma mən istəmişəm verib. Mən də çalışıb, üç-dörd gün əvvəl qaytarmışam ki, deməsin ki, Tolik pulumu gecikdirdi. Elə indi də sürdüyüm maşınım kreditədir. Onun pulunu da bir neçə gün öncə ödəyirəm.

Kərim Abbasov:

- Tanrı hər zaman qarşıma gözəl insanları çıxardıb deyə, mənə pul atan olmayıb. Olsa idi, yadımda qalardı.

Rəqqasə Fatimə:

- Bir rəqqasə şou-biznesə qatılmağa iddialı idi. Həmin vaxt  üç ədəd geyimimi həmin rəqqasəyə verdim. Paltarı 3-4 günə qaytarmalı və ya əvəzində onun pulunu verməli idi. Amma nə pul verdi, nə də geyimi qaytardı. Özü də yoxa çıxdı. Ondan sonra mənə dərs oldu. Bəzən şou-biznesdən olan sənətçilərdən bir-ikisi mənə zəng edib pul istəyirlər. Mən deyirəm ki, incimə, özümə lazımdı. Çünki, verib pis olunca, verməyib pis olsam yaxşıdır. Bundan əlavə həyat məni ehtiyatlı olmağı öyrədib. Çünki, Kazandan gələn bir qadın anamın 30-35 min pulunu atıb gedib. O gündən də ehtiyatlı davranıram ki, məni aldatmasınlar.

Nadir Qafarzadə:

- Hə. Bax, bu, mənim çox diqqət etdiyim bir nüansdır. Əvvəllər dost-tanış məndən borca pul istəyəndə verirdim. Amma sonra gördüm ki, həmin adamlar pulumu qaytarmaq niyyətində deyillər. Ona görə də, tövbə etdim ki, cibimdə pul çox olsa belə, borc verməyəcəm. Varımdır, özüm üçün. Əziyyət çəkib qazanmışam. Bu pulu mən havayı qazanmamışam. Verib pis adam olunca, verməyib pis olsam yaxşıdır.

Stilist Samiraldo:

- Mənə çox pul atıblar. Özü də mənə atanlar şou nümayəndələridir. Adlarını açıqlamayacam. Bir çoxu elə sizin yazını oxuyub, öz paylarını götürəcək. Müğənnilər iş birliyindən əvvəl söz verdikləri pulu sonda tam verməyiblər. Mən də öz növbəmdə çalışmışam ki, onlara heç nə deməyim. Elə etmişəm ki,  özləri utanıblar. Məni görəndə qaçıb gizlənirlər.

Bəstəkar Pərviz Mahmudov:

- İstər iş, istərsə də şəxsi həyatımda heç vaxt pul problemi yaşamamışam. Çünki ətrafımda olan insanlar mənim, mən də onların sözündə möhkəm olduqlarını bilirəm. Müğənnilərlə qonorarı əvvəlcədən razılaşdırırıq. İndiyədək bu mövzuda heç kimindən narazılığım olmayıb.

Prodüser Kənan Bayramov:

- Mənə də pul atıblar. Amma bu hadisə çoxdan olub, danışmasam yaxşıdır.

Aparıcı Arzu Ümid:

“İllər öncə yeni tanınan müğənnilərə tədbir təşkil etdim. Tədbiri təşkil etmədən öncə danışdıq ki, mənə müəyyən məbləğ ödənilsin. Onlar da razılaşdı. Amma tədbirin sonunda, vəd olunan məbləği görmədim. Bir neçə dəfə də təşkilatçılarla bu halı yaşamışam. Ona görə də artıq təşkilatçılarla işimi görmürəm”.

Xatirə İslam:

- Hə, mənə də pul atıblar. Bir dəfə bir adama borca pul vermişdim. Dediyi vaxtında pulu qaytarmağı oyana dursun, heç pulu tam vermədi. Mən də çox üstünə getmədim ki, pulumu tam qaytar. Elə o gündən bəri tövbə etdim ki, borc verməyəcəm.

Aparıcı Zaur Nəbioğlu:

- Bir dəfə bu halla qarşılaşmışam. Şou-biznesdə çox tanınmış bir müğənni məndən borca pul istədi, amma qaytarmadı. Məndə onunla üz-üzə gələndə də demədim ki, pulumu niyə vermirsən? Sadəcə başıma gələn bu iş mənə dərs oldu. Borca verdiyim pul az miqdarda deyildi.

Xalq artisti Aygün Kazımova:

- Bəli, bu cür hallarla mən də rastlaşmışam. Desəniz ki, o hadisələrdən birini danışım, onda gərək bu sorğudakı o biri insanların dediklərini verməyəsiniz. (gülür) Bir sözlə uzun söhbətdir. Amma onu deyim ki, bəzən kimlərsə bilərəkdən, bəziləri isə bilməyərəkdən pulla bağlı problem yaşadıblar. Sonda onu deyim ki, kimlərsə bilərəkdən bunu edirsə və o pul sənin halal pulundursa, gec-tez Allah o adamların cəzasını verir. Bu hadisələrin cəzası isə mənim göz önümdə də çox olub.

Röya Ayxan:

- Mənə də pul atan olub. Amma konkret kim və necə atıb, deməyəcəm.  Çünki, bu çoxdan baş verib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az