Azərbaycan Xalça Muzeyinin yeni binası bir ildir xidmətinizdə

Azərbaycan Xalça Muzeyinin yeni binası bir ildir xidmətinizdə

 

 

Xalqımızın qədim mədəniyyəti və nadir incisi hesab edilən xalçaçılıq sənətimizin yaşadılması, inkişaf etdirilməsi və xalçalarımızın dünyaya nümayişi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 may 2008-ci ildə Dənizkənarı Milli Parkın ərazisində xalça muzeyi binasının tikilməsi haqqında sərəncam imzalamışdı. Cənab prezident bununla irsimizə, milli və estetik mədəniyyətimizə böyük diqqət və qayğı ilə yanaşdığını sübut etmişdir. Orjinal üslubda tikilən bina ilk xüsusiləşdirilmiş muzeydir və milli ornamentlərlə bəzədilmiş bükülü xalçanı xatırladır. Qeyd edək ki, muzey binasının ərsəyə gəlməsində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olmuşdur. Dövlət başçısının təşəbbüsü və dəstəyi ilə tikilən muzey binasının memarı avstriyalı Frans Yantsdır. O, layihə üzərində işləyərkən Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərini, yaşı yüz illərlə ölçülən xalçaçılıq irsimizin incəliklərini öyrənmiş və onları binanın üzərində ifadə etmişdir. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunub. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur.

 

 

2014-cü il avqustun 26-da hörmətli prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Xalça muzeyinin direktoru Röya Tağıyevanın, ölkəmizin mədəniyyət və incəsənət xadimləri, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə muzeyin açılışı oldu. Bu gün bir ildir ki, Azərbaycan Xalça Muzeyi yerli və xarici ziyarətçilərinin xidmətindədir.

 

Azərbaycan Xalça Muzeyi fəaliyyətini təkcə xalaçaları nümayiş etdirməklə bitirmir, neçə illərdir muzeyimizdə qədim texnologiyaların bərpası üzrə proqramlar həyata keçirilir. Bu proqram çərçivəsində muzeyin kolleksiyasında olan qədim xalçaların surəti toxunur. Gənc nəslin cəmiyyətə yararlı və milli dəyərlərinə bağlı fərd kimi formalaşması, ətraf mühitə qayğının artırılması məqsədilə 16 may 2015-ci il tarixində Azərbaycan Xalça Muzeyində uşaqlar üçün "Təbiətimiz, tariximiz, ənənəmiz” adlı tədbir kecirilirdi. Muzeyin 3-cü mərtəbəsində "Uşaq muzeyi” fəaliyyət göstərir. Uşaq muzeyində tez-tez uşaq proqramları həyata keçirilir, müvafiq tamaşalar səhnələşdirilir. Uşaq muzeyində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin əl işlərindəndən ibarət "Tariximiz,ənənəmiz” mövzusunda sərgi keçirilir.

 

Azərbaycan Xalça Muzeyi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az